Saat:16:46
Haqqımızda

Habil Qurbanov: “Azərbaycan Prezidenti bu doğum gününü də Ağdamda mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı ilə qeyd etdi”

2023-12-25 13:44:40

Habil Qurbanov: “Azərbaycan Prezidenti bu doğum gününü də Ağdamda mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı ilə qeyd etdi”

Bugünkü buraxılışımızda 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə aia.az-ın suallarını AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil QURBANOV cavablandırır.

- Xoş gördük Sizi, Habil müəllim. Növbəti dəfə bizimlə həmsöhbət olmağa razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildirirəm.

- Mən də sizi ürəkdən salamlayıram və fürsətdən istifadə edib, sizi və təmsil etdiyiniz bütün yaradıcı kollektivi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.

- Habil müəllim, bu gün Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olan önəmli mövzulardan biri dövlət başçımızın müvafiq Sərəncamı ilə gələn ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlıdır. Bu barədə oxucularımızla hansı fikirlərinizi bölüşmək istərdiniz?

- Birmənalı olaraq demək lazımdır ki, gələn il keçiriləcək növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında əlamətdar, tarixi hadisə olacaq. Məsələ bundadır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl müqəddəs bayrağımızı ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də mahiyyət etibarı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

- Növbədənkənar seçkilərin təyin olunması ölkədə fəaliyyət göstərən siyasi partiyaların hansısa hüquqlarının pozulmasına zəmin yarada bilərmi?

- İlk növbədə bunu deyim ki, növbədənkənar prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Bu, bütün dünya ölkələrində tətbiq olunan bir siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Xüsui olaraq belə bir önəmli məqamı qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb.

- Habil müəllim, bu dediklərinizlə razılaşmamaq olmur. Bəs nəyə görə bəzi siyasi partiyaların təmsilçiləri növbədənkənar seçkilərin elan olunması ilə bağlı narazılıqlarını ifadə ediblər?

- Dediyim kimi, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə bütün namizədlər eyni hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Eynilə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Bu mənada düşünürəm ki, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilə bilər. Bu arada bir vacib məqamı da diqqətdən qaçırmaq olmaz ki, bəzi Qərb dövlətləri hələ də ölkəmizin 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin qısqanclığını çəkirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı hazırlaya biləcəkləri təxribatların qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar seçkilər də məhz bu işə böyük töhfə olacaq.

- Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul olunmuş qərarın ölkənin ictimai-siyasi həyatına təsiri baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişaf təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan aktorlardan birinə çevrilib. Dövlət başçımızın uğurla həyata keçirdiyi enerji strategiyası bütün Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsinə səbəb olub. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur. Cənab İlham Əliyev hələ 2003-cü ildə, ilk dəfə Ölkə Prezidenti seçildiyi vaxt öz xalqına verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Azərbaycanın dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olması cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir. Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizdə yalnız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə təmin olunacaq. Buna görə də YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeganə ən doğru qərardır. Əminəm ki, bu seçkilərdə bütün Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz alternativsiz Liderinin yanında olacaq və öz Prezidentinin xarici və daxili siyasətini fəal surətdə dəstəklədiyini bir daha bütün dünyaya nümayiş etdirəcək.

- Habil müəllim, Prezident İlham Əliyevin öz doğum günlərini sadə xalqın nümayəndələrinin əhatəsində keçirməsi artıq çoxdan bir ənənə halını almışdır. Bu il də həmin ənənəyə sadiq qalaraq dövlət başçısı 24 dekabr tarixində Ağdam rayonunda bir sıra obyektlərin açılışını etdi. Bu barədə nə deyə bilərsiniz?

- Bütün xalqımız yaxşı bilir ki, cənab Prezident İlham Əliyev ad günlərində hansısa sosial obyektlərin açılışında iştirak edir, şəhid ailələri ilə, qazilərlə görüşür, bu kateqoriyadan olan insanlar üçün inşa edilmiş yeni evlərin açılışlarında və digər bu kimi tədbirlərdə sadə vətəndaşlarla görüşlər keçirir. Təbii ki, bu il də istisna olmadı. Dekabr ayının 24-də Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər etdilər.

Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında, Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış komplekslərinin, Baş Qərvənd, Salahlı Kəngərli, Qiyaslı kəndlərinin təməlqoyma mərasimində iştirak ediblər, “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Bütün bunlar bir daha göstərir ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm bərpa-quruculuq işləri birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində həyata keçirilir və bu, ölkəmizin əsas prioritetlərindən olan işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunmasını stimullaşdıran vacib amillərdən biridir. Azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına tezliklə qovuşmalarını təmin edəcək.

- Habil müəllim, səmimi və ətraflı müsahibənizə görə Sizə oxucularımız adından və bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR