Saat:07:12
Haqqımızda

Haaqada Azərbaycanın iddiası üzrə məhkəmə prosesi keçirilib - Ermənistan nədə ittiham olunur?

2024-04-13 09:25:59

Haaqada Azərbaycanın iddiası üzrə məhkəmə prosesi keçirilib - Ermənistan nədə ittiham olunur?

Dünən Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.

Prosesi şərh edən tanınmış hüquqşünas Polad Mehdiyev bildirir ki, bu, Azərbaycan tərəfindən qaldırılan ilk dövlətlərarasi arbitraj prosesidir. 

Onun sözlərinə görə, tarixi arbitraj işinin məqsədi 30 il ərzində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalı dövründə ətraf mühitin və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə Ermənistan dövlətini məsuliyyətə cəlb etməkdir.

"Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan “Bern Konvensiyası” üzrə hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir", - hüquqşünas əlavə edib.

P.Mehdiyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüz və ərazilərinin 20 faizinin işğalı, eyni zamanda, ətraf mühit üçün ciddi fəsadlara səbəb olub:"Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurmuşdur".

O, qeyd edir ki bütün bu əməllər bölgədəki təbii yaşayış mühitinə və vəhşi heyvan növlərinə ciddi ziyan vurmaqla yanaşı təbii ehtiyyatların tükənməsinə və biomüxtəlifliyinin məhv olmasına səbəb olub: "Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi, işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması nəticəsində Azərbaycanda 500 dən artıq vəhşı heyvan növü məhv olma təhlükəsi altındadır.

Eyni zamanda Ermənistan bu cur addımları ilə çayların o cümlədən transsərhədd çaylarının həddindən artıq çirklənməsinə səbəb olub. Həmin çaylar Ermənistan tərəfindən müxtəlif növ tullantılarla, o cümlədən kimyəvi maddələr və ağır metallar ilə çirkləndirilir".

Polad Mehdiyev bildirib ki, tərəfindən qaldırılmış dövlətlərarası iddia tələbinin əsasını yuxarıda sadalananlarla bağlı “Bern Konvensiyası”ndan irəli gələn hüquqi öhdəliklərin, xüsusi ilə də vəhşi heyvanların, flora və fauna mühitinin qorunub sağlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliklərin pozulması təşkil edir.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.248493