Saat:07:30
Haqqımızda

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib - qarşısına şərt qoyulduğu üçün

2024-05-03 11:06:04

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib - qarşısına şərt qoyulduğu üçün

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ştatlara səfərdən imtina eləməyi qərara alıb. Səbəb Amerika tərəfinin xarici agentlər barəsində qanun layihəsinin nəzərdən keçirilməsinin dayandırılması tələbi olub. Bu barədə məlumatı TASS informasiya agentliyi Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla verib.
Nazirliyin bəyanatında deyilir: "Gürcüstanın Baş naziri ABŞ-a bir şərtlə dəvət edilmişdi ki, səfərdən əvvəl ölkə parlamenti xarici təsirin şəffaflığı barəsində qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırsın.
Səfər etmək üçün şərt qoyulması müttəfiqlik ruhuna uyğun deyil - mütəfiqlik qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Bu barədə ABŞ səfirinə detallı izahat verildi".
Xəbər verdiyimiz kimi, ABŞ-ın Tbilisidəki səfiri Robin Danniqan strateji əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Birləşmiş Ştatların irəli sürdüyü səfər təklifinin Gürcüstan hakimiyyəti tərəfindən rədd cavabı ilə qarşılandığını bəyan etmişdi. 
Qeyd edək ki, "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsi illik maliyyələşdirilməsinin 20 faizi xaricdən daxil olan qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasını nəzərdə tutur. Layihədə heç bir məhdudiyyət nəzərdə tutulmasa da, müxalifət hesab edir ki, belə bir qanun Gürcüstanın Avropa İttifaqı yolu ilə irəliləməsinə əngəl olacaq.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192271