Saat:05:02
Haqqımızda

"Gürcüstanda qeyri-sabitlik və xaos ən çox Rusiyaya lazımdır" - NATİQ CƏFƏRLİ

2024-05-03 11:02:48

"Seçkiyə 5 ay qalmış küçədən hakimiyyətə gəlmək cəhdi cinayətdir, demokratiyaya vurulan zərbədir, amma bizim bəzi içiboşlar bunu demokratiya təntənəsi sayırlar"

"Bir neçə kəlmə Gürcüstanda baş verənlər haqqında – görürəm ki, bəziləri istənilən ölkədə insanların bir yerə toplaşıb etiraz etməsini görəndə cuşa gəlirlər, köks ötürürlər, hətta bizim xalqı passivlikdə suçlayırlar. Məsələnin məğzi qalır kənarda, anlamırlar söhbət nədən gedir, etiraz nəyədir, bu kimə sərf edir, və s.?!" Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq bildirib ki, Gürcüstan toplumu siyasi aktivdir, ictimai həyat qaynayır, minlərlə QHT, onlarla siyasi partiyalar var, etiraz “damarları” var və bu yaxşıdır: "Media azadlığı, seçki var. Bir sözlə, demokratik institutlar “axsaq” da olsa işləyir. Bir neçə gündür küçələrdə etiraz edənlərin 95%-i parlemantdə 2-ci oxunuşdan keçən “inoaqent” haqqında qanunu heç oxumayıblar. Sadəcə, etiraz üçün platforma var, gələnlərin də öz dərdləri, hökumətə iradları var. İnflyasiyaya görə etiraz edən də gəlib, maaşı az olmasına əsəbləşən də, amma məsələnin məğzinə etiraz edənlər çox azdı. Məsələnin mahiyyəti nədir: Gürcüstanda hakim partiya “inoaqent” kimi tanıdılan qanun layihəsi təklif edib. Qanunda deyilir ki, büdcəsinin 25%-dən çoxu xaricdən maliyyələşən, qrant alan istənilən KİV, QHT, siyasi-ictimai təşkilat bu məlumatı Ədliyyə Nazirliyinə bildirməli, həmin qurumların xaricdən maliyyələşməsi bağlı məlumat açıq olmalıdır. Bu qaydanı pozanlar cərimə olunacaqlar. Vəssalam, olay budur və Gürcüstan hökuməti məsələni normal izah edə bilmir, səs-küy normal diskursa mane olur. Hökumət deyir ki, qanunu 1938-ci ildə ABŞ-da qəbul edilmiş, “Foreign Agents Registration Act, FARA”, sənədindən köçürüb. Hətta daha yumşaldaraq təqdim edib və iddia edirlər ki, məhz Rusiya pullarının siyasətə axmasının qarşısını kəsmək üçün edirlər. Müxalifət isə deyir ki, yox, bu Rusiyanın qanunudur, Kreml belə bir qanunun qəbulunu istəyib deyə, Gürcüstan hökuməti də gündəmə gətirib. Yaxşı, bu iddiaların məntiqi varmı?!"

REAL-ın icra katibi əlavə edib ki, Gürcüstan hökuməti rəsmi şəkildə dəfələrlə AB və NATO-ya, Qərbə inteqarsiya yolunda olduqlarını bildirib: "Bu yaxınlarda AB-yə üzvlüyə namizəd status aldıqlarını hökumət toy-bayram kimi qeyd etdi, atəşfəşanlıq təşkil etdi, Tiflisdə bütün rəsmi binaların qarşısında öz bayraqları ilə yanaşı AB bayrağı da dalğalanır. Yəni, bu hökumət nə vaxt, “biz Avropadan üz döndəririk” dedi ki, indi də üzərlərinə gedirlər?! Daha bir, məncə, ən vacib məsələ: Cəmi 5 aydan sonra Gürcüstanda parlament seçkiləridir, müxalifət seçki olan məmləkətdə küçədən hakimiyyətə, özü də seçkiyə 5 ay qalmış gəlmək istəməz, aranı qatmaz, seçkiyə hazırlaşıb hökuməti udar! Əgər qalib gəlsələr, parlamentdə çoxluq qazansalar bu qanunu ləğv etmək üçün səsvermə keçirərlər, olar-bitər, bu qanun "Quran" ayəsi deyil ki, ləğv etmək mümkün olmasın. Yox, əgər seçkilərdə hökumət partiyası qalıb gələcəksə, deməli xalq bu qanundan narahat deyil, hökumətə güvənir – demokratiya budur, belə olmalıdır".

Natiq Cəfərli hesab edir ki, qonşu Gürcüstanda qeyri-sabitlik və xaos ən çox Rusiyaya lazımdır, ən çox onların işinə yarayır: "Çünki Cənubi Qafqazda Azərbaycanın müttəfiqləri ilə birgə atdığı addımlar Moskvanı urvatsız edib, nüfuzunu dağıdıb, Ermənistanda anti-rusiya dalğasının pik nöqtəyə çatmasına səbəb olub. Azərbaycan-Ermənistan arasında sülhlə bağlı ciddi addımlar atılıb sənədlər imzalansa, Kreml daha çox itirəcək. Deməli, yeni “dayaq nöqtələri” axtarmalı olacaq ki, bunlardan biri də torpaqlarının 20%-nin Rusiya tərəfindən rəsmən işğal edilmiş Gürcüstan ola bilər. Amma bunun üçün Gürcüstan qarışmalıdır, qeyri-sabit ölkə olmalıdır. Deməli, son etirazlar elə Kremlə sərf edir. Bir daha: Seçkiyə 5 ay qalmış küçədən hakimiyyətə gəlmək cəhdi cinayətdir, demokratiyaya vurulan zərbədir, amma bizim bəzi içiboşlar bunu demokratiya təntənəsi sayırlar. Hə, onu da deyim ki, seçki institutu olmayan ölkələrdə isə gec-tez xaos olur, bunu da heç kim unutmasın".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172436