Gürcüstana ölüm hökmü kimi təklif – “Boz kardinal” hər şeyi açıqladı
Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri, “Boz kardinal” Bidzina İvanişvilinin “İmedi” telekanalına müsahibəsi bir çox baxımdan diqqət çəkib. Xüsusilə Qərblə bağlı dedikləri mövcud Qərb-Gürcüstan gərginliyinin səbəblərini üzə çıxarır.
O deyib:
“Avropa və Amerikada bütün siyasətçilər NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər. Bu, 2008-ci ildə planlaşdırılıb. Gürcüstan və Ukraynanı ona görə kənarda saxlayıblar və NATO-ya üzv qəbul etmirlər.
2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan Alyansa qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı. Amma reallıq tamam başqadır. Bu, bir-iki ölkə veto qoyduğuna görə baş vermədi. NATO koordinatorlarının Ukrayna və Gürcüstanı qəbul etmək istəyi yox idi. Çünki Avropadan və Amerikadan olan istənilən səviyyəli siyasətçilər heç bir halda NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər”.
Aydındır ki, Qərb birbaşa Rusiya ilə toqquşmaya girmək, müharibə etmək istəmir. Bunun yerinə Ukrayna və Gürcüstan kimi ölkələri irəli sürərək Rusiya ilə proksi müharibəyə üstünlük verir. Belə olan halda Aİ, NATO həm münaqişədən kənarda qalır, həm də dağıntılara məruz qalmır.
Tbilisi 2008-ci il hadisələrindən bu günə qədər Qərbin dəstəyini arzulayır. Söhbət maliyyə dəstəyindən, ya da Aİ ilə təmaslarda iqtisadi, siyasi güzəştlərdən getmir. Tbilisi qısa zamanda Aİ və NATO-ya üzv olmaq istəyirdi. Lakin 16 il keçməsinə baxmayaraq Qərb vədini tutmadığı kimi, Tbilisini Rusiya ilə bir neçə dəfə qarşı-qarşıya qoyub. Bunun nəticəsidir ki, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli dalana dirənib. Bu da azmış kimi, Qərb Gürcüstanın Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməsini dəfələrlə tələb edib.
Lakin vəziyyət dəyişib, artıq Gürcüstan Qərbin vədlərinə inanmır. Daha dəqiq desək, Qərbdən konkret nə isə etməsini istəyir. Son zamanlar Gürcüstanın Qərbə qarşı qəbul etdiyi ardıcıl qanunlar, həmçinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri Tbilisinin ciddi olduğunu göstərir.
Qərb isə Gürcüstana təzyiq yolunu seçib. Son günlər baş verən aksiyalar da bunu deməyə əsas verir. Böyük ehtimalla “Gürcü Arzusu” seçkilərdə qələbə qazanacaq. Bu baş verərsə, Qərb təzyiqləri daha da artıracaq. Nəticə verməsə, Tbilisi ilə uzlaşma yoluna gedə bilər.
Mövcud vəziyyət ən çox Rusiyanı məmnun edir. Kreml Tbilisini yenidən qazanmaq, buzları əritmək, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək.
Globalinfo.az