Gürcüstan rəhbərliyinin bu addımı xəyanətdir, BAKI TİFLİSƏ SƏRT REAKSİYA VERMƏLİDİR

Məhəmməd Əsədullazadə: "Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində real addımlar atılmalıdır, çünki Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlaqlarına başlayıb"
Elxan Şahinoğlu: "İbrahim Rəisi ilə İranın Ermənistandakı səfirinin bir-birinə zidd açıqlamalar verməsi Tehranın Azərbaycanla münasibətlərdə əvvəlkitək səmimi olmadığından xəbər verir"
Elməddin Behbud: "Görünür, Suriyada səfir işləyərkən bu ölkədəki alova odun daşımaq "məharəti" ilə tanınan Sübhanini İran hakimiyyətindəki fərqli kanal danışdırır"
Bugünlərdə Fransanın Ermənistan üçün göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistan sərhədinə doğru hərəkət edib. Bununla bağlı caliber.az saytında yer alan informasiyaya görə, Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat" şirkətinin istehsalı olan "Fransa Bastion" markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Eyni zamanda, Fransanın ARQUUS şirkəti "Bastion" üçün avadanlıqlar da göndərib.
Heç şübhəsiz ki, rəsmi Tiflisin icazəsi olmadan sözügedən hərbi texnika Ermənistana keçirilə bilməzdi. Görünən odur ki, Gürcüstan bununla Fransanın yardımı ilə Avropa Birliyinə üzv olmağı planlaşdırır. Başqa bir versiya isə odur ki, rəsmi Tiflis Azərbaycan- Ermənistan razılaşmasından, hətta gələcəkdə baş tuta biləcək yaxınlaşmadan narahatlıq olduğu üçün belə bir addıma imza atıb.
Bu arada, gündəmi zəbt edən digər mövzu isə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Ermənistanın "CivilNet" platformasına verdiyi müsahibədə Azərbaycanın maraqlarına zidd, təxribat xarakterli əsassız fikirlər səsləndirməsidir. Belə ki, Mehdi Sübhani "Qarabağ xalqı"nın hüquqlarının qorunmasının vacib olduğunu bildirib: "Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır. Hesab edirik ki, Qarabağ xalqının, Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır. Qarabağ böhranı başlayanda və qarabağlılar Ermənistana gələndə bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər. Biz "Qarabağ xalqı"nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq".
Səfir əlavə edib ki, ölkəsi Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və onun beynəlxalq sərhədlərini pozan hər şeyə qarşıyıq: "Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər. Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o rabitə və kanalların əleyhinəyik. Bizim nöqteyi-nəzərimizdən Ermənistanın nəzarəti və suverenliyi altında olmayan yol qəbuledilməzdir".
Azərbaycan XİN-in Fransanın Ermənistana hərbi texnika göndərməsinə və İranın Ermənistandakı səfirinin təxribat xarakterli fikirlərinə cavabı...
Söz yox ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) həm Fransanın Ermənistana hərbi texnika göndərməsinə, həm də İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin təxribat xarakterli fikirlərinə cavabı özünü gözlətməyib. Belə ki, "Fransa tərəfindən Ermənistana hücum xarakterli "Bastion" zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik" deyən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək: "Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq".
İranın Ermənistandakı səfirinin sərsəmləməsinə gəlincə, Ayxan Hacızadə bildirib ki, Mehdi Sübhaninin müsahibə zamanı səsləndirdiyi fikirlər təxribat xarakterli və əsassızdır. Onun sözlərinə görə, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir: "Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib". XİN-in mətbuat katibi əlavə edib ki, İran prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk: "İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik".
"Rəsmi Tiflis unutmamalıdır ki, Gürcüstanın iqtisadi cəhətdən ayaqda durmasında Azərbaycana borcludur"
Beləliklə, Fransanın Gürcüstan vasitəsilə Ermənistana hərbi texnika göndərməsini qəti şəkildə pisləyən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirib ki, rəsmi Tiflisin Azərbaycana qarşı belə bir siyasət ortaya qoyması yolverilməzdir: "İkinci Qarabağ müharibəsində Gürcüstan məhz Serbiyanın silahlarının Ermənistana ötürülməsində tranzit olmuşdu. Hazırda Gürcüstanın Ermənistana silah tranziti rolunu oynaması Cənubi Qafqaz regionunda sülhün əleyhinə atılmış addımdır. Bu səbəbdən də rəsmi Bakı Tiflisə sərt reaksiya verməlidir. Çünki Gürcüstan rəhbərliyinin bu addımı yolverilməzdir və xəyanətdir. Rəsmi Tiflis unutmamalıdır ki, Gürcüstanın iqtisadi cəhətdən ayaqda durmasında Azərbaycana borcludur".
Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Fransanın Ermənistana verdiyi silahlar poliqonda deyil, Azərbaycana qarşı istifadə ediləcək: "Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə aqressiv ritorikanı davam etdirir. Qərbin regionda anti-Rusiya siyasəti və Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiyada geosiyasi əhəmiyyətini artırması, Qərbin Nikol Paşinyana siyasi dəstək verməsi ilə nəticələnir. Odur ki, hazırda Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Avropa İttifaqının siyasi dəstəyi ilə Fransanın Ermənistana hərbi texnika və silahlarını tədarük etməsi regionda yeni hərbi eskalasiyaya gətirib çıxara bilər. Çünki Ermənistanda revanşizm siyasəti inkişaf edir, Ermənistan hakimiyyətinin Azərbaycana qarşı diplomatik müharibəsi davam edir. Ermənistan beynəlxalq müstəvidə elə bir təəssürat yaradır ki, guya Azərbaycan bu ölkənin cənub bölgəsini - Zəngəzuru işğal edəcək. Bu gün Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı işlər qaldırması bu ölkənin sülhdən uzaq olduğunu bir daha təsdiqləyir".
"Gürcüstanın fərqli cəbhə seçərək Azərbaycana qarşı silah tranzitinə çevrilməsi Qərbin regionda yürütdüyü təhlükəli siyasətin tərkib hissəsidir"
Məhəmməd Əsədullazadə hesab edir ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına dəstək verən Qərb ölkələri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına da dəstək verəcək: "Ona görə də Fransadan Ermənistana göndərilən silahlar təlim poliqonlarında istifadə edilmək üçün deyil, Azərbaycana qarşı istifadə edilmək üçün verilir. Odur ki, Ermənistanın sülhdən boyun qaçırmasında və silahlanmasında əsas məsuliyyəti Avropa İttifaqı daşıyır. Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda qüvvələr balansının dəyişməsinə nail olmaq istəyir. Düşünürəm ki, Gürcüstanın fərqli cəbhə seçərək Azərbaycana qarşı silah tranzitinə çevrilməsi Qərbin regionda yürütdüyü təhlükəli siyasətin tərkib hissəsidir. Məhz elə buna görə də Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində real addımlar atmalıdır. Çünki Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlaqlarına başlayıb. Onu da əlavə edim ki, Avropa İttifaqı Ermənistanda müşahidəçilərin sayının artırılması barədə qərar qəbul edəcək. Bu isə onu göstərir ki, Fransa və Avropa İttifaqı artıq Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçi ola bilməz".
"İranın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyini əməldə göstərməsinə ehtiyac var, lakin bunu görmürük"
İranın Ermənistandakı səfirinin təxribat xarakterli fikirlərinə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Mehdi Sübhaninin sözügedən mövzuda danışmağa haqqı yoxdur: "Necə ola bilər ki, İran prezidenti İbrahim Rəisi 9 noyabrda Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünün təmini, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik edərkən, bundan bir gün sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani prezidentinin söylədiklərinin tərsini bildirib? İranın səfiri Azərbaycanın Qarabağda "etnik təmizləmə" həyata keçirdiyinə işarə edərək deyib ki, Qarabağda ermənilərin "legitim" haqlarının bərpası vacibdir. İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu onların seçimidir. İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda "məsləhət" vermək istəyib? İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsi ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə əvvəlkitək səmimi deyil". Politoloq rəsmi Bakının bunu anladığını da bildirib: "Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə diqqəti çəkib. İranın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyini əməldə göstərməsinə ehtiyac var. Əməldə bunu görmürük. Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı məhkəmədən xəbər gəlmədiyi kimi, tələbəmizi də saxta ittihamla həbsxanada saxlayırlar".
"Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib, odur ki, biz də öz növbəmizdə Tiflisin Ermənistana hədiyyəsini unutmamalıyıq"
Fransanın Ermənistana hərbi texnika göndərməsinə gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, həmin hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi: "Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. Demək, Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb. Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, "Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə hərbi texnikanın keçidinə şərait yaratmalısan". Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə "yox" cavabından daha faydalıdır. Odur ki, biz də öz növbəmizdə Gürcüstanın Ermənistana hədiyyəsini unutmamalıyıq".
"İranda, "100 min erməninin müqəddəratı" barədə danışmağa həvəs göstərənlər gərək öz ölkələrindəki on milyonlarla qeyri-fars xalqların hüquqları barədə tələbləri cavablandırmağa hazır olsunlar"
Siyasi-analitik Elməddin Behbud da hesab edir ki, bir neçə gün öncə Daşkənddə İran prezidentinin Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrikindən sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin belə bir açıqlama verməsi cənub qonşumuzun ənənəvi ikili siyasətinin davamıdır: "Görünür, Suriyada səfir işləyərkən bu ölkədəki alova odun daşımaq "məharəti" ilə tanınan Sübhanini İran hakimiyyətindəki fərqli kanal danışdırır. Azərbaycan XİN isə öz növbəsində, bu sayıqlamaya dərhal reaksiya verərək Sübhaninin fikirlərini iki ölkə arasında son vaxtlar müşahidə olunan pozitiv dəyişikliklər, o cümlədən müştərək nəqliyyat layihələrinin icraya yönəldilməsi fonunda ərazi bütövlüyümüz və suverenliyimizə qarşı təxribat kimi qiymətləndirib. İran iqtidarı bir məsələni unutmamalıdır: "100 min erməninin müqəddəratı" barədə danışmağa həvəs göstərənlər gərək öz ölkələrindəki on milyonlarla qeyri-fars xalqların hüquqları barədə tələbləri cavablandırmağa hazır olsunlar".
Vazeh BƏHRAMOĞLU
