Saat:00:31
Haqqımızda

Gültəkin Hacıbəyli açıqlama yaydı: Burdayam, hazırlıq gedir...

2025-12-03 23:28:27

Gültəkin Hacıbəyli açıqlama yaydı: Burdayam, hazırlıq gedir...

Hazırda İstanbulda Arnavutköy Gerigöndərmə Mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətirib. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm.

Hurriyyet.Az Bakupost.Az-a istinadla xəbər verir ki, bu sözləri Milli Şura üzvü Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında yazıb.

“Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir.

Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək”, - o bildirib.

G.Hacıbəyli Azərbaycanı Avropa Şurasında 10 il təmsil edən millət vəkili olduğunu xatırladıb, həmçinin Azərbaycan müxalifətinin liderlərindən biri olduğunu vurğulayıb:

“Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bu gün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan–Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm”.

G.Hacıbəyli Azərbaycanda “saxta ittihamla” həbs olunacağını xatırladaraq, “Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə” çağırırıb.