Guardian: ABŞ Ukrayna üçün sülh planının şərtlərini pisləşdirməklə hədələyir
ABŞ rəsmiləri NATO müttəfiqlərinə bildiriblər ki, əgər Ukrayna yaxın günlərdə ABŞ-ın sülh planını imzalamağa razı olmazsa, Vaşinqton Kiyev üçün müqavilə şərtlərini sərtləşdirəcək.
Bu barədə Britaniyanın The Guardian qəzeti mənbələrə istinadən məlumat verib.
Ukraynanın başqa çarəsi yoxdur, deyə ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Culi Devis NATO nümayəndələri ilə görüşdə bildirib.
ABŞ ordusunun rəhbəri Den Driskol Vaşinqtonun planının 28 bəndinin mediada dərc olunanlarla uyğun gəlib-gəlmədiyini açıqlamaqdan imtina edib. Lakin Driskol qeyd edib ki, ABŞ prezidenti Donald Tramp indi sülh istəyir.
The Guardian-ın mənbələrindən biri görüşü "kabus" adlandırıb. Onun sözlərinə görə, ABŞ Ukraynanın "kartları olmadığını" iddia edərək sülh müqaviləsinin imzalanmasının zəruriliyini irəli sürüb.
DPA xəbər agentliyinin məlumatına görə, noyabrın 23-də ABŞ, Aİ və Ukrayna nümayəndə heyətləri Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli planını müzakirə edəcəklər. Bild-in məlumatına görə, Aİ liderləri sənədi hazırkı formada qəbul etməyə hazır deyillər və ən azı dörd bəndi dəyişdirmək istəyirlər. Axios tərəfindən dərc edilən ABŞ planında Ukraynanın NATO üzvlüyündən imtina etməsi, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin 600.000-ə endirilməsi, Krım və Donbasın Rusiya əraziləri kimi tanınması tələb olunur. \\Ölkə.az
