Saat:04:10
Haqqımızda

"Gözləri önündə torpağımıza 500 min mina basdırılıbsa, “sülhməramlı”ları ərazimizdə niyə saxlayırıq?.."

2024-01-29 16:02:59

“101 il öncə basdırdıqları ən böyük Dağlıq Qarabağ Muxtar Vilayəti “mina”sını da 1988-1994-cü illərdə partladaraq 30 minə yaxın soydaşımızın şəhid olmasına, on minlərimizin yaralanmasına, şikəst qalmasına, 1 milyona yaxın insanımızın isə doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olub...” 

“Və 30 ildən çox müddətdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda 1 milyona yaxın minanın basdırıllmasına da məhz Kreml şərait yaradıb... 

“Gözləri önündə ərazimizə 500 minanın basdırıldığı Rusiya “sülhməramlı” kontingentinin özü də nə vaxt partlayacağı bilinməyən bir nəhəng hərbi-siyasi “mina”dır...”

Ötən həftə - yanvarın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin Azərbaycana mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair 031/24 saylı şərhində (bax://mfa.gov.az/az/news/no03124)belə maraqlı bir məqam var:

“2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur”. 

Şərhdə o da vurğulanır ki, “Ermənistanın bu cür fəaliyyəti müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur”. Bəli, tamamilə doğrudur... Bəs bu şərhdə həmin 500 min minanın basdırıldığı əraziyə nəzarət etməli, orada sülhü, əmin-amanlığı təmin etməli olan Rusiya “sülhməramlı”ları niyə “öz üzərlərinə götürdükləri öhdəlikləri” yerinə yetirməməyə görə heç olmasa, yumşaq da olsa, qınanılmır. Sanki elə belə də olmalı imiş... Axı əgər  2020-ci ildən, yəni 44 günlük savaşın bitməsindən və 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra “Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində” yarım milyon mina basdırılıbsa, deməli,  məntiqlə bu, həmin Rusiya hərbçilərinin gözü qarşısında baş verib. Deyək ki, erməni terrorçuları həmin minaların 1000 ədədini gizlincə basdırmağa nail oldular, yaxşı, lap 5 minini basdırdılar. Axı, 500 min minanı minlərlə Rusiya hərbçisinin olduğu ərazidə gizli şəkildə basdırmaq mümkün deyil... Deməli, Rusiya “sülhməramlı”ları Azərbaycan dövlətinə, xalqına qarşı qarşı səhlənkarlıq yox, məsuliyyətsizlik yox, məhz cinayət və xəyanət ediblər... 

Cəmi bir-iki il öncəki dövrlərdə Rusiya “sülhməramlı”larının separatçı-terrorçu rejim mənsublarına Qarabağa silah-sursat daşınması üçün dəstək vermələri, hətta onların silah-sursatla dolu maşın karvanlarını müşayiət etmələri faktlarını, bunu əks etdirən video-görüntüləri Azərbaycan  Müdafiə Nazirliyi də dəfələrlə rəsmi məlumatlarında açıqlayıb...

Bəs elə isə torpaqlarımıza yarım milyon mina basdırılmasına şərait yaratmış Rusiya “sülhməramlı”larının ərazimizdə niyə saxlayırıq?..  

4 il iki aya yaxındır ki, guya “sülhməramlı” kimi Rusiyanın Azərbaycanın Yuxarı Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bir hissəsinə nəzarət edən hərbi(!) kontingentinin(!),- Rusiya müdafiə naziri S.Şoyqu son bəyanatlarında bu birləşməni məhz belə də adlandırır, - əslində Kremlin imperiya maraqlarına xidmət etməsini heç kəs inkar edə bilməz. Baxmayaraq ki,  bu müddət ərzində həmin hərbi kontingent və onu birbaşa əmri altında saxlayan Putin rejimi də Azərbaycan ordusunun keçmiş Dağlıq Qarabağ  ətrafındakı bir neçə hərbi əməliyyata, o cümlədən ötən ilin sentyabrındakı bir sutkalıq lokal əməliyyata göz yumdu...

İmperiya xislətlərini həm də “sülhməramlı”ların Azərbaycan ərazisinə yeridildiyi ilk günlərdən nümayiş etdirdiyi davranışlardakı ziddiyyətlər də göstərir:

-Xankəndinə gəldikləri ilk gündən “sülhməramlı”ların komandanı baş separatçı Arayik Arutyunyanla çox mehribancasına, yaxın dost kimi öpüşüb görüşdü...

-İlk gündən tərtib etdukləri və Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim olunan xəbər bülleteni və dislokasiya xəritələrində Azərbaycan dövlətinin rəsmi xəritələrinə zidd olaraq bir çox məntəqə adlarını ermənilərin istədiyi kimi( məs; Xankəndi əvəzinə “Stepanakert”, Ağdərə əvəzinə “Mardakert” və s.) adlandırdılar... Və 19-20 sentyabr əməliyyatlarınadək Azərbaycan hökuməti, mediası və ictimaiyyətinin tələblərini qulaqardına vurdular... Hələ hazırda da bir sıra məntəqələrimizi erməni adlarıyla verirlər...

-Dəfələrlə Laçın rayonunu “Dağlıq Qarabağ” ərazisi kimi təqdim etdilər...

-Nəinki keçmiş Dağlıq Qarabağda Laçında, Zabuxda, Kəlbəcərin, Ağdamın, Tərtərin və s. bir sıra kəndlərində qanunsuz məskunlaşmış haylara dəstək olaraq humanitar yardım payladılar...

-Xankəndi şəhərinin girişinə, sanki Rusiya ərazisi imiş kimi həmin ölkənin prezidenti V.Putinin nəhəng portreti vuruldu...

-1992-ci ildə Rusiyanın 366-cı alayının dəstəyi ilə erməni terrorçu birləşmələrinin Azərbaycan türklərinə qarşı soyqırımı törətdiyi Xocalıda “sülhməramlı” rus əsgərinə abidə qoyuldu...

-Sanki Rusiya torpağı imiş kimi, Azərbaycan dövlətinin müvafiq qurumlarından rəsmi icazə almadan eyni məkanda rus pravoslav kilsəsi tikildi...

-Eyni məkanda Rusiyanın Nevski, Suvorov, Puşkin və s. kimi məşhurlarına heykəllər düzüldü...

-Erməni yaraqlılarına təlim keçirdilər...

-Erməni terrorçularına silah-sursat daşımaqda dəstək verdilər...

-Və onların Azərbaycan torpaqlarına mina basdırmalarına da açıq-aşkar icazə verdilər...

-Erməni terrorçularının Azərbaycan ordusuna qarşı bir sıra digər əməllərinə qarşı da göz yumdular, o cümlədən 2021-ci ilin noyabrında Şuşa yaxınlığındakı Azərbaycan hərbi postuna qumbara atmış və 3 əsgərimizi yaralamış erməni terrorçusu Norayr Mirzoyanı dərhal Azərbaycan hərbçilərindən alıb separatçılara təhvil verdilər...

-Qarabağdakı erməni məktəblərində rus dili və tarix dərslərinə də müdaxilə edərək, keçmiş SSRİ-yə rəğbət, Rusiya imperiyasına məhəbbət aşıladılar... 

-Qarabağdakı uşaq bağçalarında və məktəblərində erməni uşaqlara imperiya rəmzi olan Georgiyev lentləri payladılar...

Və s. və i.a. Unutduqlarımızı dəyərli oxucularımız xatırlatsınlar...

Kimsə düşünə və deyə bilər ki, bütün bunların müqabilində sonda Rusiya Xocalını, Xankəndini, Ağdərəni və s. nəzarətimizə qaytarmağımıza və  100 mindən çox(guya) erməninin Azərbaycan ərazilərindən çıxmasına susdu... Bəli, Moskva buna susdu... Amma bu susqunluğun arxasında hansı hiyləgər planların dayandığını hələ zaman göstərəcək... Hələlik bəlli olan odur ki, ən azı yaxın gələcəkdə həmin “100 mindən çox məcburi köçkün” erməni həm fürsət düşəndə Rusiyanın özü, həm erməni lobbisi, həm də Qərb tərəfindən guya “etnik təmizləmə” “faktı” kimi başımız üzərində “Domokl” qılıncı kimi asılı qalacaq...

Bəli, aydındır, o boyda Qərbin, Avropanın, ABŞ-ın Ukrayna ərazisindən çıxarmağa gücü yetmədiyi hazırkı geo-siyasi durumda Rusiyanın hərbi kontingentinin ərazimizdən çıxarılmasını qəti şəkildə qoymaq təhlükəli məsələdir. Lakin bir müstəqil(!) dövlət olaraq ən azı 2025-ci ilin mayında, yəni 10 noyabr bəyanatına uyğun olaraq “sülhməramlı”ların ərazimizdə olma müddətinin 5 ilinin tamamlanmasına 6 ay qalmış  Moskva qarşısında öz hərbi kontingentini 2025-ci ilin noyabrından gec olmayaraq Qarabağdan çıxarması məsələsini açıq şəkildə qaldırmaq gərəkdir...

Biz demirik ki, ABŞ-ın, yaxud hansısa Avropa ölkəsinin, məsələn, Fransanın ordusu hər getdikləri yerə yalnız sülh və demokratiya daşıyıblar, haqsızlığa, işğala, cinayətlərə yol verməyiblər... Və onu da demirik ki, bu gün Rusiya dövləti ilə birbaşa düşmən mövqelərdən çıxış etməliyik... Fəqət bu faktı da heç kəs  inkar edə bilməz ki, tarixən Azərbaycan ərazilərini işğal edən nə ABŞ, nə də Fransa ordusu yox, məhz Rusiya imperiyasının qoşunları olub. Məhz Rusiya dövləti Azərbaycan torpaqlarını işğal etdikdən, o tay-bu taya, Güneyə-Quzeyə böldükdən sonra ərazimizə gələcəkdə aramızda “qladiator” savaşları təşkil etmək məqsədi ilə köçürdükləri yüz minlərlə haykın vasitəsi ilə yalnız Qarabağda deyil, Bakıda, Sumqayıtda, Gəncədə və s. gecpartlayan “mina”lar basdırıb. 101 il öncə basdırdığı ən böyük Dağlıq Qarabağ Muxtar Vilayəti “mina”sını da 1988-1994-cü illərdə partladaraq 30 minə yaxın soydaşımızın şəhid olmasına, on minlərimizin yaralanmasına, şikəst qalmasına, 1 milyona yaxın insanımızın isə doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olub... Və 30 ildən çox müddətdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda 1 milyona yaxın minanın basdırıllmasına da məhz Kreml şərait yaradıb. Gözləri önündə ərazimizə 500 minanın basdırıldığı Rusiya “sülhməramlı” kontingentinin özü də nə vaxt partlayacağı bilinməyən bir nəhəng hərbi-siyasi “mina”dır...

moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.403124