Saat:13:25
Haqqımızda

Görüşdülər, danışdılar - bəs nədə razılaşdılar?

2025-10-31 23:16:29

Görüşdülər, danışdılar - bəs nədə razılaşdılar?

"Çinlə ABŞ arasında keçirilən görüş, xüsusilə Si Cinpinlə Donald Tramp arasındakı müzakirələr, gözləntiləri tam anlamında doğrultmadı. Tərəflərin fərqli məqsəd və gözləntiləri var idi və nəticədə, həm jurnalistlər, həm də media tərəfindən verilən açıqlamalar bir qədər normativ olsa da, əslində hər iki tərəf öz hədəflərinə tam şəkildə nail ola bilmədi".

Hurriyyet.Az bildirir ki, bu fikirləri Redaktor.Az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpinin görüşünü şərh edərkən bildirdi.

Onun sözlərinə görə, ABŞ-nin əsas məqsədlərindən biri Rusiyadan neft alışının dayandırılması idi:

"ABŞ artıq Türkiyə, Hindistan və Braziliya ilə bu məsələləri müzakirə etmişdi və Çin də Rusiyadan neft alışını dayandırmağa çağırılırdı. Lakin bu məsələ ilə bağlı yekun bir razılaşma əldə olunmadı. Çin Rusiyadan yanacaq məhsulları, enerji və karbohidrogen yataqları alışını davam etdirəcək. Bu məsələnin görüşdə geniş müzakirə olunmadığı görünür, çünki Trampın Çinin buna mənfi reaksiya verəcəyini əvvəlcədən bildiyi ehtimalı var. Digər bir məsələ ABŞ-nin Çinlə kənd təsərrüfatı məhsullarının alışını bərpa etməsi istəyini daşıyırdı. Çin ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən bu məhsulların alışını dayandırmışdı. Ancaq Çin öz daxili ehtiyaclarını qarşılamaq üçün bu alımları yenidən bərpa edə bilər, çünki sanksiyaların məqsədi daha çox ABŞ-yə cəza verməkdən ibarət idi. Bununla yanaşı, Çin bu məhsulları idxal etdikdə qiymətlərin düşməsi mümkündür. Bu bəndin asanlıqla həll edilə biləcəyi gözlənilir. ABŞ həmçinin Çinlə neft və qaz alışının bərpa olunmasını istədi".

Politoloq əlavə etdi ki, Çində Rusiyadan alınan neft və qaz hələ dayandırılmasa da, ABŞ-dən müəyyən bir alış həyata keçirilməsi, münasibətlərin qismən normallaşmasına səbəb ola bilər.

"Ən mühüm məsələ isə ABŞ üçün nadir elementlər idi. Çinin nadir elementlərin hasilatında və ixracında dominant mövqeyə sahib olması, ABŞ üçün ciddi narahatlıq yaradır, çünki bu elementlər yüksək texnologiya, kosmik sənaye, hərbi texnologiyalar və digər sahələrdə geniş istifadə olunur. Tramp Çin tərəfindən qoyulan qadağaların yumşaldılmasını və nadir elementlərin hasilatı üçün tələb olunan texnologiyaların daha asan əldə olunmasını istəyirdi. Lakin bu məsələdə böyük bir irəliləyiş baş vermədi və Çin ABŞ-nin şərtləri ilə razılaşmadı. Sonuncu məsələ isə narkotiklərə qarşı mübarizə idi. Tramp Çinlə narkotiklərin, xüsusən də fentanil kimi maddələrin ixracına qarşı mübarizə aparmağı təklif etmişdi. Çin bu məsələyə baxmağı öhdəliyə götürdü, amma bu məsələ ilə bağlı konkret bir razılaşma əldə edilib-edilməməsi hələ də məlum deyil. Ümumilikdə, bu görüşdə bəzi kiçik razılaşmalar olsa da, əsas məsələlər üzrə ciddi irəliləyişlər əldə edilmədi. Çin tərəfindən verilən razılıqlar, əsasən süni şəkildə keçərək həyata keçirilə bilər, amma böyük çərçivədə baxdıqda, bu görüş ABŞ və Çin arasındakı münasibətləri bərpa etməyə və problemləri həll etməyə yönəlik əsaslı bir nəticə vermədi", - deyə Turab Rzayev bildirdi.

Xədicə BAXIŞLI


Load Time (S) : 2.350718