Saat:01:12
Haqqımızda

Görəsən, bu komandanın neçə baş məşqçisi var?

2025-11-22 20:08:35

Görəsən, bu komandanın neçə baş məşqçisi var?

«Karvan» 14-15 illik aradan sonra Yevlaxda Premyer Liqanın ilk matçını keçirdi. Doğma rayona dönüş uğurlu alınmadı.

4000 nəfərin göz qarşısında «Kəpəz»ə uduzdular.

Məğlubiyyət qrafasıdakı sayı doqquza çatdıran «Karvan» turnir cədvəlində lap axıra - 12-ci sıraya yuvarlandı.

Belə olacaq da. Subardinasiya qaydalarının gözlənilmədiyi komanda guya harada olmalıdır ki?

Vüsal Məsimovun 27-ci dəqiqədə əvəzlənməsinə etiraz etməsi, meydandan çıxmaması və sonadək oynaması o deməkdir ki, «Karvan»da boşıpozuqluq hökm sürür. Klubun lap yuxarı qatında əyləşənlər təcili sahəyə enməlidir, çox gecikirlər.

Bir əncam qılmaları lazımdır komandaya. Hamıya göstərməlidirlər ki, burada rəhbər kimdir, baş məşqçi kimdir, məşqçi kimdir.

«Karvan» indi də Region Liqasında çıxış edir, nə II Liqada, nə də I Liqada. Bura Premyer Liqr, bütün oyunlar ölkəyə canlı yayımlanır, hamı hər şeyi görür.

Oyunun ortasında balaca uşaq meydançaya girir, futbolçu texniki zonada əyləşənlərin üzünə bozarır, biri belə deyir, biri elə deyir… Bazardır ki?

Öz aramızdır, 12 tur keçib, hələ bilinmir ki, komandaya, nəticələrə cavabdeh şəxs kimdir. Azər Həşimov kağız üzərində baş məşqçidir, bu, bəllidir.

Bəlli olmayan odur ki, de-fakto komandanın neçə baş məşqçisi var? Bir nəfərdir, iki nəfərdir, beş nəfərdir - görəsən, bilən var, ümumiyyətlə?

Bu hərc-mərclik, həvəskar yanaşma «Karvan»ın bütün futbolçularına məlum olan haldır. Gündəlik işin gedişində hər şeyi görürlər.

Kimi dindirirsən, sual verirsən, «o qədər problem var ki…» deyib, keçir.

O problemləri görən, o problemlərlə qarşılaşan, o problemlərlə yaşayan futbolçu, əlbəttə ki, məşqçilərə etinasız yanaşacaq, meydandan çıxmaq istəməyəcək.

Hərənin ağzından bir avaz gələndə, məşqçi oyun vaxtı hardansa zəng gözləyəndə, «vatsap» mesajı alanda, sözsüz ki, futbolçu onun göstərişinə sayğı duymayacaq.

Dünən bunu Vüsal Məsimov etdisə, sabah bir qeyrisi edəcək.

Mənfi tendensiyanın qarşısını almağın yolu təkdir - komandanın bir «ağa»sı olmalıdır, bütün səlahiyyətlər ona verilməlidir, hər şey də ondan tələb edilməlidir. \\Sportinfo.az