Saat:17:04
Haqqımızda

Gör nə qədər paxılım var, İlahi!

2022-01-18 14:07:00

Gör nə qədər paxılım var, İlahi!

(Canım və qanım qədər sevdiyim ana vətənimdə 25 ildir ki, işləməyi və Azərbaycanın milli valyutasıyla məvacıb almağı mənə qadağa edənlərə salamlar!)

Div olub dünyanı yeyə bilməzsən,

Bəndənin kələfin düyə bilməzsən,

Özünü Allaha öyə bilməzsən,

Gör nə qədər paxılım var, İlahi!

 

Etdiyin günahın qədəri yoxdu,

Atdığın daşların hədəri yoxdu,

Daha ürəyimin kədəri yoxdu,

Gör nə qədər paxılım var, İlahi!

 

Alın yazısından qaça bilməzsən,

Allahın qapısın aça bilməzsən,

Sən heç Ruh kimi də uça bilməzsən,

Gör nə qədər paxılım var, İlahi!

 

Barmaq çağrışına yatanı gördüm,

Südünə tüpürcək qatanı gördüm,

Sabun köpüyündə batanı gördüm,

Gör nə qədər paxılım var, İlahi!

 

Mayasına haram qatan bicbala,

Növbə-növbə adam satan bicbala,

Dirsəyəcən qana batan bicbala,

Gör nə qədər paxılım var, İlahi!

 

Nə olsun taxtın var, çox qürrələnmə,

Sanma ki, baxtın var, çox qürrələnmə,

Sənin də vaxtın var, çox qürrələnmə,

Gör nə qədər paxılım var, İlahi!

 

Qoşalandın zər tutanın əlində,

Qamçılandın yanbızında, belində,

Ot bitəçək dil-dil ötən  dilində,

Gör nə qədər paxılım var, İlahi!

 

Bu dünyanı üskük bildin, təəssüf,

Avandını tərslik bildin, təəssüf,

Uduşunu əskik bildin, təəssüf,

Gör nə qədər paxılım var, İlahi!

 

Vətənin çörəyin çox gördün mənə,

İlan tək üstümə süründün yenə,

Yediyin qabına tüpürdün, demə,

Gör nə qədər paxılım var, İlahi!

Əmir Pəhləvan

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR