Saat:17:57
Haqqımızda

GOP-29 Azərbaycana nə verdi və gözləntilərimiz nələrdir?

2024-11-25 13:59:29

GOP-29 Azərbaycana nə verdi və gözləntilərimiz nələrdir?

Bu tədbirin yüksək səviyyədə baş tutması ölkəmizin beynəlxalq səviyyəli oyunçuya çevrilməsinin bariz nümunəsidir

Bu il paytaxt Bakıda keçirilən BMT-nin 29-cu iqlim dəyişikliyi konfransı noyabrın 11-də iştirakçıları qlobal əmin-amanlığı bərpa etməyə çağırışla başladı. Prezidentlər, hökumət başçıları, ekspertlər və fəallar da daxil olmaqla, 200-ə yaxın ölkədən 80 000 nəfərə yaxın iştirakçı iqlimin maliyyələşdirilməsi və qlobal istiləşmə ilə bağlı digər məsələləri müzakirə etmək üçün Bakıda toplandı. Gəlin, tədrbirin keçirildiyi iki həftə ərzində GOP-29-un qarşısında hansı hədəflər qoyulduğuna diqqət edək.

Öncə xatırladaq ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi “Tərəflər Konfransı” deməkdir. Bu il Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik etdi. Hansı ki, COP-29 konfransına ev sahibliyini ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu tədbir, obrazlı şəkildə desək, Bakıdan birbaşa dünyaya, insan topluluğuna səsləniş idi.

İqlimin dəyişməsi planetimizin hər bir sakininə - torpaqdan, bitkidən tutmuş canlı aləmin hər bir üzvünə toxunan məsələdir. Sözün əsl mənasında iqlim dəyişikliyinin törətdiyi və tez-tez şahid olduğumuz təbii fəlakətlər ciyərlərimizin aldığı havadan, içdiyimiz sudan, yediyimiz loxmadan tutmuş, bu sadalananları verən torpaq, dəniz, havanın bizə “imdad” çağırışıdır. Belə demək olarsa, iqlimin korlanması nəinki insana, planetimizin hər bir canlısının var olma zamanının altına qoyulmüş partlayıcı anlamına gəlir, çünki hər birimizin bir ümumi evi var – Planetimiz!

İqlim dəyişikliyi təbii fəlakətləri qlobal miqyasda göz önünə sərir. Çünki problemin qlobal miqyası iqlimin korlanması fonunda istənilən ölkənin mövcudluğunu şübhə altına alır. Bu səbəbdən, iqlim dəyişikliyi hər bir ölkənin problemin həlli üçün əməkdaşlığa və həmrəyliyə gəlməli olduğu nöqtədir. Planetimizin var olma, yaxud yox olma astanasında “SOS” siqnalının Bakıdan verilməsinin ölkəmizin önəmini vurğulayan əlamətdar məqam olduğunu qeyd etmək yerinə düşər. Əlbəttə, bu tədbir Bakının önəmli hadisələrə ev sahibliyi etdiyi bir ilk deyil. Amma yuxarıda dediyimiz kimi, qlobal iqlim konfransının Bakıdan dünyaya çağırış ünvanlaması Azərbaycanın qlobal miqyasda sözükeçən bir ölkəyə çevrilməsinin bariz nümunəsidir. Bu fakt ölkəmizin beynəlxalq uğurudur.

Sözsüz ki, bu tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq ictimaiyyətdə sanballı statusu olan ölkə halına gəlməsi üçün sərf etdiyi xüsusi əməyinin nəticəsidir. Konfransın əsas məqsədi əsasən inkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı problemlərin həlli üçün illik 300 milyard dollar vəsaitin təmin edilməsi və iqlim layihələrinin maliyyələşdirilməsi üçün yeni mexanizmlərin hazırlanması idi. Bu gün əminliklə deyə bilərik ki, COP-29 öz məqsədinə yüksək səviyyədə nail oldu.

Şübhəsiz, COP-29 Azərbaycanda keçirilməklə ölkə iqtisadiyyatına da bir çox istiqamətlər üzrə öz müsbət töhfəsini verəcək. Bu istiqamətlər, ilk növbədə müasir texnoloji yanaşmaların iqtisadiyyatımıza yönəldilməsi olacaq. Eyni zamanda, Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet istiqamət seçdiyi üçün bu sahənin inkişafını dəstəkləyən mühit yaranacaq. Həmçinin, məşğulluğun təmin olunması sahəsində də fürsətlər artacaq. Paralel olaraq ölkəyə xarici investisiyaların cəlb olunması üçün əlavə bir mühit və potensial formalaşacaq, Azərbaycanda iqtisadi mühitin beynəlxalq investorlara əlçatan olmasına şərait yaradacaq. Ən nəhayət, ölkənin üçüncü enerji strategiyası olan alternativ enerji, yəni yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsi və davam etdirilməsinə, dayanıqlı formada saxlanılmasına imkan verəcək.

Tədbirin mühüm çıxışçılarından biri olan BMT-nin İqlim Dəyişiklikləri üzrə İcraçı Katibi Saymon Still açılış nitqində “Yalnız iqlim konfransı hər bir ölkənin ehtiyacının olduğu tam transformasiyanı həyata keçirə bilməz. Tərəflər bu qarışıqlıqdan çıxış yolu haqda razılığa gəlməlidirlər. Biz də buna görə Bakıdayıq. Biz yeni qlobal iqlim dəyişmələrinin maliyyələşdirilməsi hədəfi üzərində razılaşmalıyıq”, - deyə bildirdi.

Still açıqladı ki, iqlim fəaliyyətinin maliyyələşdirilməsinə yardım "xeyriyyə" işi kimi yox, ən zəngin ölkədən tutmuş, ən kasıb ölkəyə qədər bütün ölkələrin maraqlarına cavab verən bir məsələ kimi qəbul edilməlidir.

“Əgər dünya ölkələrinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, onda hər bir ölkə bunun zərərini görəcək. Əgər ölkələr tədarük zəncirlərində dayanıqlılığını qura bilməsələr, bütün qlobal iqtisadiyyat diz çökəcək. Heç bir ölkə bundan sığortalanmayıb”, - deyə Still ifadə etdi.  

COP-29-un prezidenti və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin açılış nitqi də yaddaqalan oldu. O, çıxışında bildirdi ki, görüşün nəticəsi sözdən deyil, fəaliyyətdən asılı olacaq: "Müəyyən ediləcək yeni səylər daha effektiv nəticələri ehtiva etməlidir. Başa düşürük ki, danışıqlar asan olmayacaq, lakin biz konfransın əsas məqsədinə nail olmalıyıq”.

Yeri gəlmişkən, bəzi tərəflərin fikrincə, neft-qaz və yanacaq istehsalçısı olan Azərbaycan üçün iqlim konfransına ev sahibliyi mübahisəli seçim olardı, amma dövlət ağlı arasıkəsilmədən ortalığa atılan təxribatçı çıxışlara baxmayaraq bu təşəbbüsü fürsətə çevirə bildi. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq məqsədini real müstəviyə daşıdı və konfransı yüksək səviyyədə baş tutdu. Konfransdan əvvəlki aylarda COP-29 Azərbaycan üçün çoxlu reklam formatında əks olundu. Nüfuzlu Qərb xəbər agentlikləri, o cümlədən “Financial Times” və “The Economist”, Azərbaycanın iqlim sektorunda boşluqları üzə çıxaran təhlillər dərc edərək, Bakıya qarşı böhtan kampaniyasını “tirajladı”. Amma rəsmi Bakının səyləri təxribat kampaniyalarını neytrallaşdırdı. 

Tədbirdə iştirak edən yüksək səviyyəli şəxslər arasında BMT-nin baş katibi Antonio Quterreş, Avropa Şurasının sədri Çarlz Mişel, Belarus lideri Aleksandr Lukaşenko və dünyaca məşhur hindistanlı Guru Sadhquru da var idi. Dövlət başçıları ilə konfransda təmsil oluna bilməyən ölkələr isə diplomatik müstəvidə iştirak etdilər. O cümlədən, ABŞ Ağ Evin baş məsləhətçisi Con Podestanın rəhbərlik etdiyi nümayəndə heyətini göndərdi. Doğrudur, Trampın seçkilərdə qələbəsi ABŞ-ın COP-29-un maliyyələşdirilməsinə hər hansı töhfə verib-verməyəcəyi ilə bağlı suallar doğurur. Həmçinin, Tramp ABŞ-ı Paris İqlim Sazişindən çıxaracağına söz verib, amma COP-29-da ABŞ-ın iştirakı kifayət qədər uğurlu oldu.

Maliyyələşdirmə hədəfinin perspektivi bəziləri üçün qeyri-müəyyən olaraq qalsa da, COP-29 potensial olaraq böyük sosial və iqtisadi təsirləri olan regional məsələlərdə irəliləyiş üçün şans yarada bilər. Məsələn, Əfqanıstandan “Taliban” öz nümayəndələrini Bakıya göndərdi ki, bu da radikal sayılan ölkə rəhbərliyinin ilk dəfə olaraq illik iqlim konfransında iştirak etmək qərarına gəlməsi idi. “Taliban”ın iştirakı Mərkəzi Asiya rəsmilərinə Əfqanıstanın şimalında Orta Asiyanın onsuz da zəif su balansını poza biləcək Quş Təpa kanalı layihəsi ilə bağlı əfqan həmkarları ilə əlaqə saxlamaq imkanı verirdi. Qazaxıstan və Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya dövlətləri Əfqanıstanı regional su idarəçiliyi çərçivəsinə daxil etmək istəyir, hansı ki, “Taliban” indiyədək müqavimət göstərib.

Bir sözlə, bədbirin yıxıcı deyil, qurucu xarakterli olması həm ölkəmizin hesabına xal yazılması, həm də gözlənilən faydalı anlaşmalar ilə irəliyə doğru atılmış addımdır. Azərbaycan nəinki Cənubi Qafqaz miqyasında, eləcə də dünya miqyasında sözükeçən qlobal oyunçuya çevrilir ki, bu da ölkəmizə parlaq perspektiv, müsbət gözləntilər vəd edir.

Ülviyyə ŞÜKÜROVA

Qeyd: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında dərc olunmuşdu.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201779