Saat:21:19
Haqqımızda

“GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev

2022-07-26 14:11:00

“GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev

“Bu komitə yarandığı ilk gündən qılıncını sivirib düşüb bu millətin, Azərbaycan adlı dövlətin canına”

“Gömrük Komitəsinin Baş İstintaq İdarəsinin rəisi təmas xəttindəki əsgərlər üçün nəzərdə tutulmuş siqaretləri “qara bazar”da satdırır. Bu, insanlığa sığımır və sözün əsl mənasında vətənə xəyanətdir”

Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin vəzifəsindən azad olunması ötən həftənin ən önəmli və ən çox müzakirə olunan məsələlərindən biri oldu. İctimaiyyətin fərqli təbəqələri bu qərarın çoxdan verilməli olduğu, hətta bu komitənin yerli-dibli ləğv olunmasının labüdlüyü ətrafında fikir söylədi. Müsahibimiz, sabiq polis rəisi Mahmud Hacıyev də bu müzakirələrə qoşulan şəxslərdən biridir. Elə son söhbətimiz də Gömrük Komitəsinin dövlətə nə qədər yararlı olduğu, dövlət strukturlarında baş alıb gedən korrupsiya silsiləsində hansı önəmli rol oynadığı, bir qurum kimi onun ləğvinə zərurət olub-olmadığı barədə oldu.

- Mahmud bəy, ölkədəki iri korrupsiya mərkəzini təmsil edən Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin vəzifəsindən azad edilməsini necə qiymətləndirirsiniz?

-Əvvəla korrupsiya, rüşvətin qarşısının alınması 3-5 məmurun tutulması, yaxud işdən azad olunmasıyla başa gələn iş deyil. Çünki ölkədə minlərlə korrupsiyaya bulaşmış dövlət məmuru var. Bəzi qurumlardan 4-5 adam tutulması ilə hansısa müsbət nəticə əldə etmək mümkün deyil. Bu metod effekt vermir.

Sual oluna bilər ki, bu yöntəm niyə effekt vermir? Bundan əvvəlki müsahibələrdə də mən qeyd etmişdim ki, Dövlət Təhlükəsizlik Xidməti bir qrup məmuru həbs etdi... O dövrdə də demişdim ki, həbslər davam etsə bunun effekti olacaq. Həbslər davam etməsə vəziyyət əvvəlki axarına qayıdacaq. Həbs olunmayan məmurlar bir müddət sakitləşdilər, pusquda dayandılar, sonra yenə əvvəlki əməllərinə başladılar. Çünki bu tip şəxslər abır-həya hissini itiriblər. Bəs, bunların yenidən aktivləşməsinə nə səbəb oldu? O vaxt həbs olunan məmurların böyük əksəriyyəti bir ildən, ilyarımdan sonra azadlığa çıxdılar. Onlara 10-15 il həbs müddəti verilməsinə baxmayaraq "müəmmalı şəkildə" azadlığa buraxılırlar. Onlar azadlığa buraxılandan sonra abır-həyasını itirmiş dövlət məmurlarında stimul yaranır. Onlar düşünürlər ki, 40-50 milyon mal-dövlət yığmışam, gedib bir il həbsdə yatandan sonra mənim itirdiyim nə var ki...

Səfər Mehdiyevə gəlincə, o zamankı həbs dalğasında idarə rəsilərini, şöbə rəsilərini tutdular, nazirlərə, nazir müavinlərinə dəymədilər. Bü gülünc idi. Gömrük Komitəsində genrallar, polkovniklər, pod-polkovniklər tutulur və çox güman ki, nə Səfər Mehdiyevə, nə onun müavininə gözün üstündə qaşın var deyən olmayacaq. Həmin tendensiya yenə davam edəcək.

Deyilə bilər ki, bəlkə yuxarı ranqlarda olanların aşağı ranqlarda olan məmurların etdiyi əməllərdən xəbəri yoxdur. Bu gülməlidir. Çünki rəisləri açıq şəkildə rüşvətə qurşansınlar, rəhbərin və rəhbərin müavinlərinin xəbəri olmasın, bu mümkün deyil. Aşağıdakıları tuturuq, rəhbərə isə dəymirik, bu, korrupsiya silsiləsinin digər üzvlərinin stimul almasına səbəb olur. 

-Bəs, həmin korrupsioner rəhbərlərə dəyib-toxunmamaq nəylə bağlıdır?

-Gərək həmin istintaq qrupunda olasan ki, bunu biləsən. Axı nəyə görə dəyməsinlər belə rəhbərlərə? Hətta çox güman ki, istintaq qrupu bunu çox gözəl bilir. İstintaq qrupundan sonra ki, ittiham aktı tərtib olunur, iş məhkəməyə gedir, hakim də çox gözəl bilir... Çünki hakim istintaqın gedişini təhlil edir, qiymət verir. Tutulan işçilərə göstəriş verən kimdir? Yaxud 1 milyon, milyon yarım rüşvət alana göstəriş verən kimdir? Rəhbərdir. Rəhbərin xəbəri olmadan onun tabeliyində olanlar necə olur ki, bir gecədə torbalarla dolları götürürlər?!

-Sizcə, Gömrük Komitəsinin gələcək taleyi necə olmalıdır, ixtisar olunaraq kiçik heyətli qurum kimi Maliyyə, yaxud Vergilər Nazirliyinin tərkibinə verilməlidir, yoxsa…

-Mən hüquqşünas kimi fikrimi deyə bilərəm ki, məncə, Azərbaycan kimi kiçik ölkədə belə bir qurumu saxlamağa ehtiyac yoxdur. Bu komitə böyük bir ordudur, özünün akademiyası, hərbi qüvvəsi, hərbi hissəsi, xəstəxanası var. Bu nəyə lazımdır? Azərbaycanın başı ilə ayağı 500 kilometrdir. Belə bir ordunun saxlanılması Azərbaycan büdcəsi üçün ağır bir yükdür. Oturub düşünmək lazımdır ki, bu Komitə ya Maliyyə Nazirliyinin, ya İqtisadiyyat Nazirliyinin tərkibində bir qurum olsa necə olar. Gömrük Komitəsi yarandığı ilk gündən qılıncını sivirib düşüb bu millətin, Azərbaycan adlı dövlətin canına. Guya Səfər ağadan əvvəlkilər yaxşı işləyiblər? Gömrük Komitəsinin Baş İstintaq İdarəsinin rəisi təmas xəttindəki əsgərlər üçün nəzərdə tutulmuş siqaretləri “qara bazar”da satdırır. Bu, insanlığa sığımır və sözün əsl mənasında vətənə xəyanətdir. Həmin Baş İstintaq İdarəsinin rəisi də vətən xainidir. Onun əməli də vətənə xəyanətdir. Əslində, o idarəyə ehtiyac yoxdur. Respublika Prokurorluğunun, DİN-in, DTX-nın baş istintaq komitələri var…

- Sizin sözlərinizdən belə anlaşılır ki, Gomrük Komitəsi dövlətin içində “dövlət”ə çevrilib..

-Tamamilə doğrudur. Mənim bu idarəylə hər hansı bir şəkildə təmasım yoxdur, ancaq onun adı gələndə lərzəyə gəlirəm. Bu komitədəkilər sözün tam mənasında çapulçu, quldur idilər. Azərbaycan özü də nadir ölkələrdəndir ki, 8-9 qurumun özünün istintaq şöbəsi var. Dünyanın inkişaf etmiş, yaxud ortabab ölkələrini götürək, görək orada 8-9 idarənin öz istintaq idarəsi varmı? Rusiyada da belədir. Yeltsinin vaxtında orada vəziyyət bizdəki kimi idi. Putin gələnən sonra bu 5-6 idarəni birləşdirdi. Mənə elə gəlir ki, yalnız Kənd Təsərrüfat Nazirliyi və Səhiyyə Nazirliynin istintaq şöbəsi yoxdur. 

-Ümimiyyətlə, müxəlif nazirliklərin tərkibindəki eyni funksiya daşıyan qurumlar həm büdcə üçün yükdür, həm effektiv işləməyə mane olur, həm də süründürməçiliyə gətirir… 

-Bəli, bu təşkilatlar hamısı büdcədən yeyir. Misal üçün, istintaq idarəsində 20-30 işçi olursa, baş istintaq idarəsində 60 işçi olur. İstintaq idarəsinin başçısının rütbəsi polkovnik olursa, baş istintaq idarəsinin başçısının rütbəsi general olur. Bunlara biryolluq əncam çəkmək lazımdır. 

-Mahmud bəy, belə xəbərlər yayıldı ki, Gömrük Komitəsinin 3 min işçisinin 1200 nəfəri nehrəmlidir. Sİzcə, bu nə deməkdir? Rəhbərlik indiyə qədər bu faktı gözdən qaçırıbmı?

-Bu yerlibazlıqdır. Ümumiyyətlə dövlət strukturlarının evini yıxan birinci amil yerlibazlıqdır. Bu çox pisdir. Sovet hökumətinin zamanında buna çox pis baxırdılar, çox da pis cəzalandırırdılar. Nehrəmlidi deyə, bütün kənd-kəsəyini bura yığmalıdır? Bir-iki nəfərə bəlkə adamın üzü tutmaz, amma bütün kənd-kəsəyə aid etmək olmaz. Bu yolla bir-birini dəstək və cinayətkar dəstələr yaranır. Gömrük Komitəsi də 3-5 minə yaxın duran qurum deyildi. Burada milyonlarla rüşvətdən söhbət gedirdi. 20-25 min onların "semiçka puludur". Ölkədəki bahalığa da Gömrük Komitəsi səbəb olur. Görmük Komitəsi iş adamlarını soyduğuna görə, onlar da ölkyə gətirilən malların qiymətini qaldırırlar, beləliklə ən son nəticədə əzilən adi vətəndaşlar olur.

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR