Gömrük Komitəsində həbslərdən sonra: - Tariflər də azaldılır?

2022-07-20 14:36:00

Gömrük Komitəsində həbslərdən sonra: - Tariflər də azaldılır?

Son günlər gündəmdə olan məsələlərdən biri Dövlət Gömrük Komitəsində baş verən proseslərdir.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Nəticədə yüksək vəzifəli şəxslər həbs edilib, hətta DGK-nın sədri tutduğu vəzifədən azad edilib. Onu da qeyd edək ki, DGK-da baş verən proseslər bir müddət əvvəl digər qurumlarda da müşahidə edilmişdi. Hazırda bir sıra vəzifələrə yeni təyinatlar olub. Beləliklə, Gömrük sistemində kadr islahatları başlayıb. Lakin bu gün gömrük rüsumları, tariflər heç də əlçatan deyil.

İqtisadçı-ekspert Razi Abbasbəylinin təqdim etdiyi hesablamalara görə, Azərbaycanda gömrük rüsumlarının orta tarif dərəcəsi Gürcüstandan təqribən 5 dəfə bahadır. Gömrük rüsumlarının orta tarif dərəcəsi Azərbaycanda 9.2-dirsə, Gürcüstanda bu rəqəm 1.7- dir. Üstəlik qeyri-kənd təsərrüfatı məhsulları üzrə orta gömrük rüsumu tarifi Azərbaycanda 13 dəfə çoxdur. Gürcüstanda bu rəqəm 0.7, Azərbaycanda isə 8.9 faizdir.

Hazırda sistemdə baş verən islahatları gömrük tarifləri ilə bağlı da görmək mümkün olacaqmı?

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, son günlər Dövlət Gömrük Komitəsində müşahidə edilən proseslər Nəqliyyat Nazirliyində baş verən hadisələrlə oxşardır:

“Orada sonradan nazirlik ləğv olundu, birləşdirildi. Burada da oxşarlıqlar var və ola bilsin ki, Dövlət Gömrük Komitəsində olan məsələlər nəhayət, gömrük sistemi ilə bağlı köklü qərar verməyə səbəb ola bilər. Yəni Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasının mənası yoxdur. Komitəninin İqtisadiyyat, yaxud Maliyyə nazirlikləri ilə birləşdirilməsi ilə bağlı qərar ola bilər. Yaxud yeni bir nazirlik, məsələn, Vergi və Gömrük Nazirliyinin yaranması ehtimalı var. Çünki hər iki istiqamət büdcənin formlaşmasının əsas istiqamətləridir və əslində koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir, bir-birinə zidd olmamalıdır”.

Gömrük tariflərinə və gömrük qanunvericiliyində dəyişikliklərə gəldikdə isə ekspert deyir ki, bu, Dövlət Gömrük Komitəsinin işi deyil:

“Komitə qanun qəbul edən, qaydaları dəyişən deyil. Əslində Azərbaycanda buna böyük ehtiyac var. Həm Gömrük, həm də Vergi Məcəlləsi sıfırdan, yenidən yazılmalıdır. Müasir dünyaya uyğun şəkildə olmalı, iş adamlarına dəstək formalaşmalıdır. Onlara mane olan, əngəllər yaradan şəkildə olmamalıdır. Həm də tariflər yüksəkdir. Bizdə gömrük rüsumları maksimal 15 faizdir ki, bu da çoxdur. Burada da dəyişikliklərə getmək lazımdır. Vergi Məcəlləsində də dəyişikliklər olmalıdır. Məsələn, ərzaq məhsullarında ƏDV-nin bu qədər yüksək olmasına ehtiyac yoxdur. Bu da qiymətləri artıran əsas amillərdən birinə çevrilir. Ümumilikdə gömrük və vergi sistemində yeni bir konsepsiyaya ehtiyac var. Gömrük Komitəsinin yenidən qurulması baş verəcəksə, buna uyğun da qanunvericilik dəyişiklikləri lazım olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066703