“Gömrük Komitəsi bunun qarşısını almaqdansa...” – Rüsumdan yayınmanın səbəbləri

2022-04-22 12:00:00

“Gömrük Komitəsi bunun qarşısını almaqdansa...” – Rüsumdan yayınmanın səbəbləri

Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb.  Əgər keçən ilin 3 ayı ərzində cəmi 7 belə fakt müəyyən edilmişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadi ekspert Natiq Cəfərli qeyd edib ki, Gömrük Komitəsi qaçaqmalçılığın səbəblərini araşdırmalıdır:

“İnternet üzərindən olunan sifarişlərdə bu cür problem yaşana bilər. Dövlət Gömrük Komitəsi və hökumət bunun qarşısını almaqdansa, səbəbləri haqqında düşünsə daha yaxşı olar. 

Dünyanın hər yerində artıq internet üzərindən olunan sifarişlər kiçik, orta biznesin tərkib hissəsinə çevrilib. Bu da əhalinin dolanışığı üçün xüsusi bir biznes növünə çevrilib. Dünyada yüz milyonlarla insan bu işlə məşğuldur. 

Azərbaycanda isə bu sahəni daraltmaqla məşğuldurlar. Ölkədə çox qəribə bir situasiya yaranıb. 

Birincisi, şəxsi istifadə üçün sifarişləri 1000 dollardan 300 dollara saldılar və bu məsələdə Gömrük Komitəsinin rəsmi açıqlaması o oldu ki, insanlar bundan sui-istifadə edib 1000 dollarlıq sifarişi biznesə çevirirdilər. Bunu biznesə çevirirlərsə, lap yaxşı! Qoy insanlar bizneslə məşğul olsun. 

Buna görə dövlət müəyyən vergi qoya bilərdi və limiti hətta 10 min dollara qədər qaldırmaq olardı. 10 min dollara qədər sifariş edən fərdi sahibkarlar VÖEN açaraq dövriyyənin 5 faizini dövlətə ödəyə bilərdi. Vəssalam, bununla da qaçaqmalçılıqla bağlı hər hansı problemin olacağını düşünmürəm”.

Onun sözləri görə, hökumət kiçik və orta sahibkarlara biznes üçün şərait yaratmalıdır:

 “Bu gün dövlət sanki iri şirkətlərin maraqlarını qoruyur. Məsələn, telefon gətirməyə qoymurlar. Bunun məntiqi nədir?! Deməli, iri şirkətlərin maraqlarını qoruyurlar ki, vətəndaşlar iri şirkətlərdən yaxud şəbəkələrdən həmin telefonu alsınlar. 

Halbuki sifarişlərin ağlabatan rüsumunu təyin edib kiçik-orta sahibkarlığa geniş fürsət və imkanlar yarada bilərdilər. İnsanlar da həm özləri-özlərini dolandırar, həm də dövlətin vergisini ödəyərdilər. Yəni qaçaqmalçılıq məsələsinə fəlsəfi olaraq hökumətin baxışı dəyişməlidir. 

İndiki baxış – sərhədləri qıfıllamaq Sovetlərdən qalma təfəkkürlə məsələyə baxmaqdır ki, bu da doğru deyil”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya