Gömrük Komitəsi ABŞ-dan göndərilən bağlamanı nədən geri qaytarıb? - ŞİKAYƏT

2022-06-23 15:39:00

Gömrük Komitəsi ABŞ-dan göndərilən bağlamanı nədən geri qaytarıb? - ŞİKAYƏT

Asəf İsmayılov: "Dedilər ki, barata qoyulmuş qiymət 500 dollar olduğu üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində ona baxış keçirilməlidir"

"Deyilən müddətdən sonra baratı almaq üçün maraqlandım, lakin mənə barata qoyulmuş qiymətin, yəni 500 dolların 30 faizini ödəməli olduğumu bildirdilər, mənsə bundan imtina etdim"

Bugünlərdə Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbə sakini Asəf Ərşad oğlu İsmayılov 3 saylı poçt filialının 32 saylı poçt şöbəsinin (AZ1032) fəaliyyətindən şikayətlənib. Belə ki, ABŞ-dan qızı tərəfindən ünvanına göndərilən barata ("pasılka"-red.) "STOP" qoyulduğunu qeyd edən şikayətçinin sözlərinə görə, o, bununla bağlı 32 saylı poçt şöbəsindən məlumat alıb və problemin səbəbini öyrənmək məqsədiylə adıçəkilən şöbəyə yollanıb.

32 saylı poçt şöbəsindən isə Asəf İsmayılova bildirilib ki, xaricdən göndərilən bağlamanın gömrük limiti 300 ABŞ dollarını keçdiyi üçün barata baxış keçirilməlidir: "Oradan mənə dedilər ki, barata qoyulmuş qiymət 500 dollar olduğu üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində ona baxış keçirilməlidir. Razılaşdım və baratın içərisində olanlar mənə göndərilən dərman, vitaminlər olduğu aşkar edildi. Daha sonra dərmanların şübhəli olduğu üçün laboratoriyaya ekspertizaya göndəriləcəyini dedilər". Bununla da razılaşdığını qeyd edən şikayətçinin sözlərinə görə, 23 gündən sonra ona bu barədə məlumat veriləcəyini bildiriblər: "Deyilən müddətdən sonra baratı almaq üçün maraqlandım, lakin mənə barata qoyulmuş qiymətin, yəni 500 dolların 30 faizini ödəməli olduğumu bildirdilər. Ancaq mən bundan imtina etdim. Bu zaman dedilər ki, onda bağlama 32 saylı poçt şöbəsinə göndəriləcək. Ən qəribəsi də odur ki, iyun ayında göndərilən baratı Bakıdakı ünvanıma yox, geriyə ABŞ-a qaytardılar. 2021-ci il oktyabrın 5-də ABŞ-a qızımın evinə qayıtdım, 2022-ci il yanvar ayında isə barat geriyə Amerikaya yola salındı". 

Məhz bunu hüquqlarının pozulması kimi dəyərləndirən və "Gömrükdən Əhmədliyə yaxındır, yoxsa Amerikaya?" deyə Hurriyyet.az vasitəsiylə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə maraqlı sual ünvanlayan Asəf İsmayılov hesab edir ki, bu cür bürokratik əngəllər həm vətəndaşa, həm də dövlətimizə ziyan vurur. Buna görə də şikayətçi bizim vasitəmizlə müvafiq qurumlara müraciət edərək, onlardan üzləşdiyi problemin həllində yardımçı olmalarını və məsələyə aydınlıq gətirmələrini xahiş edir.

Biz isə Hurriyyet.az olaraq öz növbəmizdə, qeyd etməliyik ki, 2020-ci il 20 sentyabr tarixindən etibarən xaricdən gətirilən bağlamalar üçün gömrük limiti 300 dollar təşkil edir. Yəni, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə istədiyiniz qədər bağlama gətirə bilərsiniz. Limiti keçdikdə isə məbləğin cəmdə 36 faizədək məbləğində (aldığınız məhsulun gömrük koduna uyğun olaraq) rüsum və vergi ödəməli və gömrük orqanı tərəfindən müəyyən edilmiş digər xərcləri ödəməli olacaqsınız.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya