Saat:18:48
Haqqımızda

"Gold Star City" tikinti şirkəti VƏTƏNDAŞIN EVİNİ ZORLA SÖKÜB - VİDEO

2024-05-02 13:55:42

Fərman Məmmədov: "Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər Rüstəmov da mənə təzyiq göstərir, o "Gold Star City" tikinti şirkəti ilə əlbir olub mənim və bacımın evini söküblər"

Bugünlərdə redaksiyamıza şikayətlə müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, "Kərpiçni" 49 ünvanında yaşayan Fərman Məmmədov 2023-cü ilin oktyabr ayından etibarən "Gold Star City" tikinti şirkəti tərəfindən müxtəlif formalı təzyiq və təsirlərə məruz qaldığını bildirib.

Şikayətçinin sözlərinə görə, qeyd olunan tarixdə şirkət nümayəndələri yaşadığı ünvandakı evləri söküb, yerində hündür mərtəbəli bina inşa etməyə başlayıb: "Həmin şirkət ötən ilin oktyabr ayından yaşadığımız ərazidəki evləri sökməyə başlayıb. Lakin şirkət nümayəndələri ilə danışığımız alınmadı və mən onların təklifi ilə razılaşmadıq. Aprelin 29-da isə "Gold Star City" tikinti şirkətinin əməkdaşları mənə təzyiq ediblər. Məni onlarla razılaşmağa məcbur etməyə çalışıblar. Halbuki, şirkətin təklif etdiyi şərtlər heç bir halda məni qane etmir. Qeyd edim ki, bunun ardınca Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə telefon açıblar və beləcə, məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə apartdırıblar. Düzdür, polis bölməsində mənə heç bir təzyiq edilməyib. Lakin məsələ burasındadır ki, şirkətin əməkdaşları mənim polis bölməsində olmağımdan istifadə edərək, evimi söküblər. Bu zaman 84 yaşlı anama və qızıma təzyiq göstəriblər".

Fərman Məmmədov qeyd edib ki, "Gold Star City" tikinti şirkətinin əməkdaşları ailə üzvləri evdə olduğu zaman söküntü işləri aparıblar: "Onlar ailə üzvlərimin evdə olmasına əhəmiyyət vermədən evimi söküblər. Əlimdə bunu təsdiq edən video və foto görüntülər mövcuddur. Onuda nəzərinizə çatdırım ki, Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov da mənə təzyiq göstərir. O, "Gold Star City" tikinti şirkəti ilə əlbir olub mənim və bacımın evini söküblər. Bir məsələni də deyim ki, həmin şirkətin rəhbəri Rövşən və Aydın adlı şəxslərdir, hamı onları "İmişli uşaqları" kimi tanıyır. Odur ki, sizin vasitənizlə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan və aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, üzləşdiyim problemin həllində mənə yardımçı olsunlar".

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı "Gold Star City" tikinti şirkətinin mövqeyini işıqlandırmağa hazırıq.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247106