“Get, öz işinlə məşğul ol” - ELDƏNİZ QULİYEVDƏN SUAD QARAYA SƏRT İSMARIC
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasından sonra, filmin rejissoru və ssenari müəllifi, keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qara (Qarayeva) bir neçə gündür ki, sosial şəbəkədə çox ciddi tənqid olunur, hətta onu təhqir edənlər də var. Mediada yayılan məlumata görə isə, bir qrup ziyalı Suad Qaranı məhkəməyə verməyə hazırlaşır.
Qızının çəkdiyi filmə görə, Əbülfəz Qarayevin haqqında da tənqidi fikirlər səslənir. Həmçinin, onun barəsində cinayət işi açılan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın olduğunu qeyd edənlər də var.
Mövzu ilə bağlı yazıçı, kinodramaturq Eldəniz Quliyev Hurriyyet.az-a bildirib ki, o, film haqqında susub: “Heç bir münasibət bildirmədim. Film başqa şeydir, tarixi şəxsiyyətə münasibət başqa şeydir. Çox təəssüf ki, filmə baxmamışam. Ola bilsin ki, filmin səviyyəsi var, sənədli, bəii filmin qanunlarına uyğun çəkilib, montaj duz olub, işıq düz quraşdırılıb, operator düz işləyib və. s. O ki qaldı tarixi şəxsiyyəti o cür, yəni haqqında sevgi dolu rəy olan bir adamı, tutaq ki, Səməd Vurğunu, Babəki, Koroğlunu - qurdalamaq və təftiş etmək, inan ki, bu, kinonun işi deyil.
İkincisi də, o cür cavan, dünyanı ancaq öz prizmalarından, öz rakuslarından görən və gördüyü dünyada əxlaq kodeksi, milli-mənəvi dəyərlər sistemi əyri görünən bir adamın ortaya qoyduğu film ola, mövzu ola. Mən bunun əleyhinəyəm. Nə qızın atasından, nə də qızın özündən danışmaq istəyirəm. Sadəcə, ona başa salmaq lazım idi ki, əgər bu sahədə tamaşaçını heyrətləndirmək istəyirsənsə, sən başqa mövzuda işlə. Sənin Məhsəti ilə nə işin var? Özü də ki, hələ heç bilinmir Məhsəti tarixi şəxsiyyətdir, ya deyil. Amma düzdür, deyirlər ki, tarixi şəxsiyyətdir. Bir “poeziya kəpənəyi” olub. Kəpənəyin qanadlarının trayektoriyası məlum olmadığı kimi, onun yazdıqları da ruhla bağlı olan şeylərdir. Sən ora baş vura bilməzsən, axı qızım. Yəni belə yerdə deyirlər ki, get, öz işinlə məşğul ol. Başın girməyən yerə niyə bədənini soxursan?
Sözün dorğrusu, belə bir filmin ortaya çıxması məni təəssüfləndirdi. Halbuki, o qədər istedadlı adamlar var, o qədər lazımlı mövzulara baş vurmaq istəyirlər ki, sadəcə onların nə nüfuzlu atası, nə də pullu dayısı var. Onun üçün onlar elə yavaş-yavaş cavan qocalırlar”.
Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlər əlaqələndirilməsinə gəlincə, E.Quliyev belə dedi: “Bu dəqiqə yağışın yağmasını da, günəşin batmasını da, çıxmasını da, istəsələr Ramiz Mehdiyevlə əlaqələndirə bilərlər və eləyirlər də. İllah da ki sosial şəbəkələrdə. Absurd məsələdir. Ramiz Mehdiyevin öz məsələsi elə absurddur. Biri heç dayanıb baxmır, fikirləşmir ki, a balam, dövlətin elə idarə edəni bu idi də. Ölkə başçısının “sağ əli” vitse-prezidentdirsə, “sol əli” bu idi də. Hamı bilirdi ki, nazirlərin də, icra başçılarının da, hamısının təyinatında Ramiz Mehdiyev rol oynayırdı. Ramiz Mehdiyev özü başında dayandığı hakimiyyəti çevriliş eləyər? Öz “ayağı”nı sındırar ki, yıxılsın? Bunun özü absurddur. Yəni kökündə absurdluq, yalan var. İndi bundan sonra hər şeyi onun adına yazmaq, 50 nəfər “spisok” çıxarmaq, “onun tərəfdarı olub” demək, şəxsən buna inanmıram. Düşünülmüş bir ssenaridir və kim düşünübsə, çox “bezdarnı” düşünüb. Əgər sən bir adamdan canını qurtarmaq istəyirsənsə, bu cür sicilləmə Azərbaycan serialına oxşayan bir şey yazmaq lazım deyildi.
O cümlədən, həbs olunan adamlara görə də absurddur. Özü oturub villasında, tutaq ki, onunla nə vaxtsa yazışmış adamları istintaqa cəlb edəsən, bəzisini həbs edəsən. Azərbaycan tarixində 3-4 il məsafədən sonra baxanda o qədər gülməli görünəcək ki, adam ağlamaq istəyəcək.
O ki qaldı Əbülfəz Qarayevi Ramiz Mehdiyevlə bağlamağa, hamını bağlamaq olar, o cümlədən deputatları. Orada olan deputatların 99 faizini ora otuzduran Ramiz Mehdiyev olub, nazirləri qoyan da o olub. Nətəhər ola bilər ki, indi hamı söyür? İndi daha çox qışqıranlar daha çox onun çörəyini yeyən adamlardır. Biabırçılıqdır. Bu cür absurd ölkə olmaz”.
CAVİD
