General Şıxəliyevin məhkəməsi yenə də təxirə salındı - zərərçəkənlər etiraz edir

2022-04-20 13:27:00

General Şıxəliyevin məhkəməsi yenə də təxirə salındı - zərərçəkənlər etiraz edir

Hüquqi nihilizm: həm zərərçəkən, həm də saxta hökmlə məhkum olunmuşlar...

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə aprelin 19-na təyin edilən məhkəmə prosesi təxirə salınıb. Zərərçəkənlərə məhkəmə tərkibində olan hakim Aslan Kəlbəliyevin xəstələnməsi səbəbindən prosesin qeyri-müəyyən vaxta qədər təxirə salındığı bildirilib. Bu səbəblə ötən ay da məhkəmə prosesi təxirə salınmışdı.

“Məqsəd Mövlam Şıxəliyevin ailə üzvlərini cinayət məsuliyyətindən yayındırmaqdır”

Zərərçəkən Əfsəl Həsənəliyev:”Başıma gətirilən müsibətləri qorxulu yuxu  kimi xatırlayıram” - Günün Səsi

Zərərçəkən Əfsəl Həsənəliyev iş üzrə prosesin dəfələrlə təxirə salınmasına etiraz edib: “72 yaşım var. Mövlam Şıxəlyev əlimizdən aldıqları pullarla həyat yoldaşı, oğlu, qızı adına çoxsaylı mülklər alıb. Faktiki olaraq ailə üzvləri də bizə qarşı cinayətlərdə iştirak ediblər. Məni MTN girov götürdü. 5 aydan artıq başıma müsibətlər açdılar. Evimi ”Unibank"a girov qoyub pulunu götürdülər. Bu gün də evim girovluqdadır. İndi də hər dəfə məhkəməni uzadırlar. Hakimin xəstələnməsi bəhanədir. Məqsədləri sırf  Mövlam Şıxəliyevin ailə üzvlərini məsuliyyətindən yayındırmaqdır. Eyni zamanda məhkəməni saqqıza ona görə döndəriblər ki, Mövlam Şıxəliyevin məhkəməsinin geniş ictimaiyyətin diqqətindən kənar saxlasınlar. Biz zərərçəkənlər məhkəmənin uzadılmasına etiraz edirik. Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik və edirik. Çünki əlimizdən alınan varidatın leqallaşmasında iştirak ediblər. Aybəniz Şıxəliyevanın yaşadığı mülkün qarşısına gedib orada etiraz aksiyası keçirəcəyik".

“İndi də artistlik edirlər, deyirlər ki...”

Mən bu işlərdə heç kim olmuşam, Rüstəm Usubov bu məsələni...” –

Zərərçəkən Sərdar İsmayılov deyib ki, qanunsuz həbsindən sonra həyatı alt-üst olub: “Biz Gürcüstandan İrana mal aparmışıq. Əlimizdə də gömrük bəyannaməsi. Malımızı ələ keçirmək üçün bizə qarşı cinayət etdilər, özümüzü də uydurma ittihamla həbsə aldılar. Dedilər ki, pul verməsəz, həbsdə çürüyəcəksiz. Pulumuzu aldılar, özümüzü məhkəməyə göndərib qanunsuz olaraq məhkum elədilər. Malımızı da aparıb satıblar. Əgər mal qanunsuz idisə, niyə Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə məktub yazırdı ki, mal beynəlxalq yükdaşıma qanunlarına uyğun sənədləşdirilib və Azərbaycan ərazisindən tranzitlə İrana aparılır? Mal qanunsuz idisə, niyə dövlət nəfinə deyil, Mövlam Şıxəliyevin şərikləri Çingiz Ağayev və Yaşar Cabbarovun vasitəsilə Azərbaycanda satılıb? İndi də artistlik edirlər, deyirlər ki, bəs siz rüşvət vermisiz, ona görə də pulunuz geri qayıtmayacaq. Bizə qarşı dövlətin gücündən istifadə edib quldurluq ediblər. Buna görə də dövlət qarşısında cavab verməlidirlər”.

“Həmin faktlara hüquqi qiymət verilməyib”

İş üzrə məhkəmə prosesi ötən ilin oktyabrında başlayıb. Bu günə qədər prosesdə 8 zərərçəkən ifadə verib. İş üzrə isə 36 zərərçəkən var. Onlardan 4 nəfərinin yolu MTN-dən düşəndən sonra 3-ü ürək xəstəliyi tapıb, 1 nəfər isə intihar edib. Hazırda həmin şəxsləri məhkəmədə yaxınları olan nümayəndələri təmsil edir. Maraqlıdır ki, iş üzrə zərərçəkənlərin əksəriyyəti barəsində bu gün də qondarma ittihamlarla olsa da, saxta məhkəmə hökmləri qüvvədədir. Dindirilmiş 8 nəfərdən 5-nin hüquqi statusu bəlli deyil. Bilinmir ki, bu şəxslər zərərçəkəndir, yoxsa təqsirləndirilən? Çünki bu şəxslərin barəsində məhkəmələrin saxta hökmləri qüvvədədir. Bir tərəfdən həmin qondarma ittiham aktlarını tərtib etdiklərinə görə Mövlam Şıxəliyev və digərlərinə bu gün ittiham irəli sürülüb, eyni zamanda həmin qondarma ittiham üzrə çıxarılan hökmlər ləğv olunmadan qüvvədən düşməyib. 

“İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm surətdə tamahkarlıq məqsədilə...”

Məsələn, iş üzrə Əfsəl Həsənəliyevi girov götürüb, 5 ay MTN zindanında tam qanunsuz həbsdə saxlayıblar. Mövlam Şıxəliyev və digərlərinin barəsindəki ittiham aktından oxuyuruq: “Mövlam Şixəliyev qeyd edilən vəzifədə xidmət edərkən MTN-in İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərini aşmaqla Əfsəl Həsənəliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə nail olub. İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin sentyabr ayından etibarən Əfsəl Həsənəliyevi dəfələrlə saxlanıldığı  MTN-in İstintaq təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib. Ona həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Əfsəl Həsənəliyevdən birbaşa yolla əvvəlcə 100 min manat, sonuncu ilə razılaşa bilmədikdə həmin dövrün rəsmi məzənnəsi ilə 39 min 225 manat təşkil edən 50 min ABŞ dolları istəyərək qeyd edilən qərarı 7.000 manat qabaqcadan və 28 min manat həbsdən buraxıldıqdan sonra verilmək şərti ilə cəmi 35 min manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış,  Əfsəl Həsənəliyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 12 fevral 2014-cü il tarixli 59/KEŞ saylı rəyinin alınmasına nail olub. 19 fevral 2014-cü il tarixdə Əfsəl Həsənəliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etdikdən sonra, qabaqcadan razılaşdırıldığı kimi, 5 aprel 2014-cü il tarixdə dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetində sonuncunun vasitəsilə Əfsəl Həsənəliyevdən birbaşa yolla qalan 28 min manat nağd pulu, ümumilikdə külli miqdar təşkil edən 35 min manat nağd pulu vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında bölməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-in kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Əfsəl Həsənəliyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur”.

Bundan sonra iş üzrə Əfsəl Həsənəliyevin barəsində qondarma ittiham aktı Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmə sədri Kəramət Əliyev baxıb. Əfsəl Həsənəliyevdən 50 min manat pul alandan sonra hakim onun barəsində saxta hökm çıxarıb. Həmin hökm bu gün də dəyişdirilmədən qüvvədədir.

General Mövlam Şıxəliyevin həbs olunandan sonra ilk - Fotosu

Belə çıxır ki, Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə bugünkü məhkəmədə Əfsəl Həsənəliyev zərərçəkəndir. Mövlam Şıxəliyev və digərilərinin tərtib etdikləri qondarma ittiham aktı əsasında hakim Kəramət Əliyevin çıxardığı saxta hökmə görə isə o, təqsirləndirilən şəxs-məhkumdur. İş üzrə 36 zərərçəkəmişin yarıdan çoxu eyni statusdadır - həm zərərçəkən, saxta hökmlə məhkum olunmuş şəxsdirlər!

Zərərcəkmiş Əhməd Mirzəyev də eyni statusa malikdir, qondarma ittihamla həbsə alınıb, 350 min manat pul alandan sonra məhkəmə tibbi ekspertiza rəyi əsasında həbsdən azad olunub, sonradan isə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Əfqan Hacıyev baxıb. Əhməd Mirzəyevdən 100 min dollar pul alandan sonra hakim onun barəsində saxta hökm çıxarıb və həmin hökm bu gün də dəyişdirilmədən qüvvədədir.

Bu günə qədər dindirilən Əhməd Mirzəyev, Sərdar İsmayılov, Bahəddin Sultanov, İbrahim Zeynalov da Əfsəl Həsənəliyev kimi həm zərərçəkən, həm də məhkum olunmuş şəxslərdir. Belə sual yaranır: Mövlam Şıxəliyev və digərləri bu şəxsləri doğru olaraq cinayət məsuliyyətinə cəlb edibsə, bu gün onlar niyə zərərçəkəndirlər?

Bəs bundan sonra necə olmalıdır?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məsələnin hüquqi həlli yolları var: “Əslində bu ziddiyyət cinayət işi üzrə ibtidai istintaq aparılarkən həll olunmalı idi. Mövlam Şıxəliyev və digərlərinin barəsində 5 il davam edən istintaq zamanı hazırkı iş üzrə zərərçəkənlərin barəsindəki hökmlərin qanuniliyi yenidən araşdırılmalı idi. Baş prokuror və ya onun 1-ci müavini təqdimatla yuxarı instansiya məhkəməsinə müraciət etməli və bu işlərə yenidən baxılmalı, hüquqi qiymət verilməli idi.  Göründüyü kimi, ibtidai istintaq zamanı belə bir addım atılmayıb”.

Hüquqşünas deyir ki, Mövlam Şıxəliyev və digərləri barəsində hökm  çıxarılarkən bu məsələ həll olunmalıdır: “Hakim Mövlam Şıxəliyev və digərləri barəsində ittiham hökmü çıxarmaqla yanaşı xüsusi qərardad da çıxarmalıdır. Həmin xüsusi qərardadla iş üzrə zərərçəkənlər barəsində MTN-də istintaq olunmuş qondarma ittihamlar üzrə çıxarılan saxta hökmlərdən şikayət vermə müddəti bərpa olunmalı, bu işlər üzrə yenidən məhkəmə araşdırmaları başlanmalıdır”.

Nəzərə alsaq ki, hakim Elbəy Allahverdiyev vaxtilə Mövlam Şıxəliyevin rəhbərliyi altında çalışıb, bu iş üzrə qanuni və əsaslı hökmün çıxarılması mümkünsüz görünür. Məhkəmədən yazılan reportajlardan aydın görünür ki, hakim Elbəy Allahverdiyev açıq şəkildə Mövlam Şıxəliyevə və digərlərinə vəkillik edir.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya