General Mövlam Şıxəliyev kimləri ittiham etdi? — Məhkəmədə qalmaqallı açıqlamalar

2022-12-12 21:16:00

General Mövlam Şıxəliyev kimləri ittiham etdi? — Məhkəmədə qalmaqallı açıqlamalar

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov Baş Prokurorluğun iş üzrə verdiyi prosestə etirazını bildirib.

 Protestə yazıblar ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub. Həmin əmlak 1947-ci ildə əldə olunub. Həmin vaxt Mövlam Şıxəliyev harada idi? Bu qədər qərəz olmaz”.

Ceyhun Yusifov məhkəməyə Mövlam Şıxəliyevin ailə üzvləri – həyat yoldaşı Aybəniz Şıxəliyevanı, qızı Samirə Şıxəliyevanı və oğlu Elgün Şıxəliyevi təmsil etməsi barədə sənədləri təqdim edib. Daha sonra vəkil prosesin tam olaraq məhkəmə istintaqı ilə aparılmasına dair vəsatət verib. Mövlam Şıxəliyevin digər vəkili Arzu Cavadov da vəsatətlə çıxış edib. O, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinin müstəntiqi olmuş Mehdi Mirzyevin iş üzrə şahid qismində dindirilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra MTN vəzifəlilərinin cinayət işi üzrə istintaq başlanıb: “Mehdi Mirzəyev istintaq aparan qrupa rəhbərlik edib. Mehdi Mirzəyev 5 ildən artıq istintaq aparandan sonra belə qənaətə gəlib ki, Mövlam Şıxəliyev və digəriləri ittihamlar üzrə gühankar deyil. Buna görə də işə xitam verib. Bundan başqa iş üzrə zərərçəkən Əfsəl Həsənəliyevin prezidentə şikayətinə əsasən Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu ildə cavab məktubu yazıb. Həmin məktubda da Mövlam Şıxəliyevin günahsız olduğu göstərilib. 2022-ci ilin martında isə Mehdi Mirzəyev öz vicdadının səsi ilə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahevrdiyevə məktub yazıb, Mövlam Şıxəliyevin günahsız olduğunu bildirib”. Mövlam Şıxəliyev vəkillərinin verdiyi vəsatətlərin təmin edilməsini xahiş edib. General deyib ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev proses zamanı ona yaxınlaşıb və onun və digər təqdirləndirilənlərin ittihamlar üzrə gühansızdırlar: “Elbəy Allaverdiyev dedi ki, bəraət üçün hüquqi problem yoxdur, mən bu işi məruzə etməliyəm. Məhkəmədən sonra vəkilim Arzu Cavadova bildirib ki, mənə məruzə etməyə imkan vermədilər. Bu onu göstərir ki, mən sifarişlə həbs olunmuşam. Bu barədə məhkəmə istintaqı zamanı zərərçəkənlərdən Akif Qurbanovla Hüseyn Səfərov bildirdilər ki, səni sifarişlə biz tutdurmuşuq. Bu onu göstərir ki, mənim işimdə sifariş var. Yaxşı, sifariş varsa, mən lazımamsa, bu adamların burada nə işi var? Cinayət işi üzrə 32 epizod üzrə ittiham verilib, 14 epizod üzrə cəlbetmə müddəti keçməsinə baxmayaraq, bir dənə də olsa sübut olmasa da, məni cəlb ediblər. 5 aprel 2021-ci ilə qədər Mehdi Mirzəyev istintaq aparıb. Sonda da yazır ki, vicdanımın səsi ilə bildirirəm ki, mən dəfələrlə məruzə eləmişəm, onun əməlində cinayət tərkibi yoxdur. Həmçinin burada mənimlə əyləşənlərin də günahı yoxdur. Buna baxmayaraq məhkəmə ehtimallarla hökm çıxarıb. İttihamlar yalnız zərərçəkənlərin şikayətlərindən ibarətdir. Anar Heydərov barəsində epizoda baxılmır, yalnız hakim elan edir ki, xaricdə yaşayır, gətirə bilmirik. Amma həmin epizod üzrə hökm çıxarılır”.

Hakim: -Sizə çıxış üçün şərait yaradılacaq, hazırda vəsatətlərlə bağlı fikirinizi deyin. Mövlam Şıxəliyev: -Burada əmlaklarla bağlı vəkil dedi. Orada yalnız 1947-ci illə bağlı əmlak deyil, 1993-cü ildə alınan və başqa əmlaklarla bağlı da vəziyyət eynidir. Mövlam Şıxəliyevin vəkillərinin vəsatətlərinə məhkum olunmuş şəxslər dəstəkləyib. Zərərçəkən şəxslər isə vəsatətlərin təmin edilməməsini xahiş ediblər. Zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov vəsatətlərə münaisbət bildirib. O deyib ki, məhkəmənin qismən istintaqla aparılmasına dair vəsatət təqdim edəcək. Vəkil isitntaq qrupunun rəhbəri Mehdi Mirzəyevin məhkəməyə gəlməsinin də lüzumsuz olduğunu diqqətə çatdırıb. Vəkil bildirib ki, istintaq zamanı gəlinən qənaətlər sonradan ləğv oluna bilər. Zərərçəkənlərdən Hüseyn Səfərov Mövlam Şıxəliyevin vəkillərinin vəsatətlərinin təmin olunmamasını istəyib. Zərərçəkmiş Mövlam Şıxəliyevi ona böhtan atmaqda ittiham edib: “Əlimdə 30-a yaxın evlərinin, villalarını çıxarışları var. Özüm sorğu verərək almışam. Yalan danışır, bizə də böhtan atır”. Zərərçəkən Ələddin Əliyev isə məhkəmənin istintaqla aparılmasına etiraz etmədiyini açıqlayib. O, Mehdi Mirzəyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətə isə münasibəti belə olub: “Mehdi Mirzəyevi tanımıram. Bu gün Azərbaycanda vəziyyət belədir ki, kimi istəsələr satın ala bilərlər. Həmin müstəntiqə də 5-10 manat verib Baş Prokrurluğa, hakimə, ağıllarına hara gəldisə, məktub yazdıra bilərlər. Ona görə də həmin vəsatət təmin olunmasın”.

Bundan sonra Yasin Məmmədovun məhkəməyə təqdim etdiyi vəsatət müzakirə çıxarılıb. Hakim elan edib ki, Yasin Məmmədov ev duqtaqlığına buraxılmasını xahiş edir. Yasin Məmmədov vəsatətini müdafiə edib. O, azyaşlı uşaqlarının olmasını, həbsə alınandan sonra psixikasının pozulmasını, daimi yaşayış yerinin varlığını, istintaqçı olmasını, Vəkillər Kollegiyasının üzvü olmasını nəzərə alınmasını xahiş edib. Bu zaman zərərçəkən Zaur Əliyev Yasin Məmmədova ironik şəkildə cavab verib: “Özün günahsız yerə tutub saxladığın insanlardan hər hansı birinin azyaşlı uşağının olmasını nəzərə almışdın? Utanmırsan?”. Zərərçəkənlər Yasin Məmmədovun vəsatətinin təmin edilməməsini istəyiblər. Vəkil Osman Kazımov deyib ki, məhkəmə qarşısına çıxarılan hər 4 şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq məhkum ediliblər: “Azərbaycan istintaq tarixində 1-ci dəfədir görürdüm ki, ağır cinayətlər törətmə ittihamı irəli sürülən şəxslər azadlıqda qalırlar. İstintaq vaxtı, məhkəmə dövründə bu adamların azadlıqda qalmaları heç də qanuni əsaslarla bağlı deyildi. Məhkəmə, ondan əvvəl istintaq orqanı humanist addım atmışdı ki, zərərçəkənlərə vurulan ziyan ödənilsin. Məhz buna görə azadlıqda qalmışdılar. Yasin Məmmədovun vəsatəti əsassızdır. Zərərçəkən şəxslərin ziyanı ödənməldir”. “3-cü dəfə Eldar Mahmudov məni qəbul edib” Zərərçəkən Hüseyn Səfərov da vəsatətin təmin edilməməsini xahiş edib: “Bu adamlar azadlıqda olanda deyirdilər ki, Mövlam Şıxəliyev bildiklərinizi deməyi, susmağı deyib. Mən zərərçəkənlərin zərərini ödəyəcəyəm. Mövlam Şıxəliyev bunları aldadıb, bunlar da bizi. Bunların sözlərinə inanıb 2 dəfə Eldar Mahmudovun bağ evinə getmişəm. 3-cü dəfə Eldar Mahmudov məni qəbul edib. Hamısını açıb burada deyəcəyəm”. Hakim: -Vəsatətə münasibət bildirin. Hüseyn Səfərov: -Məhkəmə qismən istintaqla aparılsın, vəsatəti də təmin edilməsin. “Zərəri ödəmirlərsə, gedib həbsdə yatsınlar” Zərərçəkən Namil Rzayev Mövlam Şıxəliyevi zərərçəkənlərə vurulan ziyanı ödəməyə çağırıb: “Bizim bunlarla nə işimiz var. Bizə vurduqları ziyanı ödəsinlər, getsinlər ailələrinin içinə, başlarını balışa qoyub yatsınlar. Zərəri ödəmirlərsə, gedib həbsdə yatsınlar. Bundan sonra məhkum Sahib Ələkbərov da barəsindəki həbs qəti-imkan dəyişdirilməsi, məhkəmənin istintaqla aparılması ilə bağlı vəsatətlə çıxış edib. O da himayəsində azyaşlı uşağının olmasına diqqət çəkməklə daimi yaşayış yerinin olduğunu, istintaqa cəlb edilən zaman Ukraynada müalicə olduğunu bildirib. Deyib ki, istintaqdan yayınmaq fikri olsaydı, 2021-ci ildə istintaqın çağırışına gəlməzdi, istədiyi ölkəyə gedərdi:

“Mənə 10 il, 8 il iş versələr də, ayaqlarımdan tərsinə assalar da, mənə Azərbaycanda qalmaq xoşdur. 2015-ci ildə məni istintaqa şahid qismində dəvət ediblər, istintaq aparıblar. 2019-cu ilin oktyabrında isə mənə elan olundu ki, barəmdəki cinayət təqibi xitam olundu və ölkədən çıxışıma qoyulan qadağa götürüldü. Sonra pandemiya başladı, ölkədən çıxıb müalicəyə gedə bilmədi. 2021-ci ildə isə Ukraynada müalicədə olanda çağırıblar, gəlmişəm. İttiham elan edib istintaqa cəlb ediblər. Amma barəmdə həbs qəti-imkan tədbiri seçməyiblər. Mən də heç yerə qaçmamışam, məhkəməyə gedib-gəlmişəm. Hesab edirəm əməlimdə cinayət əməli, hadisəsi yoxdur. Xahiş edirəm ki, barəmdəki həbs qəti-imkan tədbirini dəyişdirilsin”. Hakim: -Aydındır, əyləşin. Sahib Ələkbərov: -Mən bəraət almağım üçün sonra qədər mübarizə aparacağam. İşin hallarını tam, hərtərəfli araşdırıb qərar vermənizi xahiş edirəm. Birinci instansiya məhkəməsinin hökmü əsassızdır. Hakim: -Əyləşin. Sahib Ələkbərovun vəkili vəsatətin təmin olunmasını xahiş edib və müttəhimlər kürsüsündə əyləşib. Vəkil Osman Kazımov deyib ki, Sahib Ələkbərovun vəsatətini dniləyib və “Qafqaz əsiri” filimindəki məhkəmə səhnəsini xatırlayıb: “Sahib Ələkbərov deyir ki, məni Azərbaycan qanunları ilə mühakimə edin. “Qafqaz əsiri” filmində məhkəməsində “ispalkom”(sovet dövründə icra başçısı statusunda vəzifəli şəxs red.) durub deyir ki, sovet qanunları ilə mühakimə olunmaq istəyirəm. Sual edirəm – bu adamları Azərbaycan qanunları ilə aparıb basmışdılar MTN-ə?”. Vəkilin bu sözləri məhkəmədə iştirak edən zərərçəkənlərin alqışlarına səbəb olub. Sahib Ələkbərov isə israr edib ki, zərərçəkənləri Azərbaycan qanunları ilə həbsə alıb. Zərərçəkən Zaur Əliyev də vəsatətin təmin olunmamasnı xahiş edib: “Bu adamlar biz 36 zərərçəkəni ayrı-ayrılıqda, eyni qaydada girov götürüblər, əvvəlcədən uydurduqları ittihamlarla həbsxanaya salıblar. “Cənabın göstərişidir, 100 mindən aşağı almaq olmaz” deyib ailələrimizdən pul almayınca, kimsəni azad etməyiblər. Bizləri azad edəndə saxta ekspertiza rəyi alıblar. 100 min verməyən oradan qapıdan çıxmayıb. Hamını da eyni şəkildə girovluqdan azad edilib. Cinayət işi ağır maddə ilə tövsif olunmalıdır. Vəkilim Osman Kazımovun mövqeyini dəstəkləyirəm. Hüseyn Səfərov Sahib Ələkbərovun vəsatətinin təmin olunmamsını xahiş edib: “Mənə deyirdi ki, hər şeyi açıb məhkəmədə deyəcəyəm. Amma demədi. Deyirdi ki, Mövlam Şıxəliyev deyir ki, mənim üçün göydə Allah, yerdə Eldar Mahmudovdur. Sonra Sahib məhkəmədə həqiqəti açıb demədi. Səsi də var. Qoyacağam ortaya. Mən, övladlarım bu gün də kirayələrdə yaşayırıq. Nə olubsa, səni and verirəm Qurana, aç düzünü de”ş Sahib Ələkbərov: -Çıxar qoy, mən elə söz deməmişəm. Hüseyn Səfərov: -Kişisən də, dur düzünü de. Mövlam Şıxəliyev sən şərəfsizsən. Qızının qəbrinə and verirəm dur düzünü de. -Mövlam Şıxəliyev: -Otur aşağı. Hüseyn Səfərov: -Şərəfsiz. Durun cinayətinizi etiraf edin. Hakim: -Əyləşin. Bundan sonra vəkil Osman Kazımov iş üzrə xüsusi müsadirəyə götürülən əmlakların qiymətləndirilməsi ilə bağlı vəsatətlə çıxış edib. Vəkil məhkəməyə bir neçə sənəd təqdim edib. Bildirib ki, zərərçəkənlərxüsusi müsadirəyə götürülən əmlakların qiymətləndirilmısi üçün mütəxəssisə müraciət ediblər və müvafiq rəy alıblar: “İbtidai istintaq dövründə üzərinə həbs qoyulan və müsadirəsi nəzərdə tutulan əmlaklara olduqca aşağı qiymət qoyulub. Əmlaklar 7 milyon manat qiymətləndirilib. Mütəxəssis isə rəy verib ki, həmin əmlakların real bazar qiyməti azaı 2 dəfə yarım çoxdur. Məhkəmənin bu rəyi əsas götürməsini; əmlakrın dəyərləndirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını xahiş edirik”. Vəsatətə münasibət bildirən müttəhimlər və onların vəkilləri vəsatətin təmin olunmamasını xahiş ediblər. Zərərçəkənlər isə vəsatətin təmin edilməsini xahiş ediblər. Bundan sonra işin məhkmə baxışına verilməsi müzakirə olunub. Tərəflər işin məhkəmə baxşına verilməsinə verilməsinə etiraz etmədiklərini açıqlayıblar. Məhkəmə müvafiq qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Növbəti proses dekabrın 13-də davam edəcək. Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir. “Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib. Qeyd edək ki, təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər. Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib. Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb. Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb. Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar. İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Fariz Məlikli
Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.223149