Gəncə şəhərində avtoxuliqanlar vətəndaşları narahat edir... - ARAŞDIRMA

2022-08-02 12:31:00

Gəncə şəhərində avtoxuliqanlar vətəndaşları narahat edir... - ARAŞDIRMA

Ötən yazımızda Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi kobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülər haqqında cəza tədbiri görmədiyi haqda məlumat vermişdik.

Qeyd edək ki, Gəncədə "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən vəzifəli şəxslərin övladları, həmçinin dövlət orqanlarında işləyən şəxslər, hətta bəzi həqiqi qazi olanlar da qanunsuz əməllərini davam etdirirlər.

Bununla bağlı Baş Dövlət Yol Polis idarəsinə rəsmi sorğu göndərilməsinə baxmayaraq, hələ də heç bir monitorinq keçirilməyib.

Sözügedən avtoxuliqanların bir çoxu “sovet maşınları”nın qabaqlarını qaldırıb, arxa hissəsinin "purjun”larını kəsir, səsgücləndirici siqnallardan istifadə edərək şəhər əhalisinin ictimai-asayişini pozurlar.

Hazırda Gəncənin hər bir yanında - dayanacaqlarda, qovşaqlarda, işıqforlarda, piyada keçidlərində kameralar olduğu halda avtoxuliqanların cəzasız qalması sual altındadır.

Sözdə Gəncə Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtoxuliqanlara qarşı cəza tədbirləri həyata keçirirlər. Əslində isə sadəcə bir neçə maşın GDYP-nin cərimə meydançasına gətirilib. Bunun nəticəsində  ictimai-asayişi pozan, vətəndaşların narazılığına səbəb olan 1-2 nəfər avtoxuliqana qarşı cəza tədbiri həyata  keçirilməsinə baxmayaraq  hazırda əksər şəxslər hələ də küçələrdə “meydan sulayırlar”. Odur ki, yol polisinin bu “tədbiri” sadəcə şəhər əhalisini aldatmaq, başdan etmək məqsədi daşıyır.

Əvvəlki yazımızda da qeyd etmişdik ki, Gəncə Şəhər İmtahan-Qeydiyyat Şöbəsinin  imtahan nəticələri aşağı olduğu halda namizədləri sürücülük vəsiqələri ilə təmin etdikləri deyilir. Son zamanlar sürücülük vəsiqəsi verilən şəxslərdən yenidən imtahan götürülməsi yazılanları sübut edə bilər.Nəticə etibari ilə yol qəzalarının səbəbi imtahan nəticələri məqbul olmayan, amma İmtahan-Qeydiyyat Şöbəsindən sürücülük vəsiqəsi əldə edən şəxslərin avtomobil idarə etməsindən irəli gəlir. Çox acınacaqlıdır, elə deyilmi?

Əldə etdiyimiz digər məlumatlara görə, vətəndaşlar sürücülük vəsiqəsi almaq üçün Gəncə Şəhər Avtomobil Sürücülük Məktəbinə adlarını yazdırıb, əksəriyyəti heç bir dərsə getmədən, yol hərəkət qaydalarını bilmədən sürücülük vəsiqəsi əldə edirlər. Belə qanunsuz fəaliyyət göstərən Gəncə Şəhər sürücülük məktəbinə heç bir dövlət orqanı nəzarət etmir. Bununla da nəinki  Gəncə Şəhərində, ölkənin digər şəhərlərində də  yol qəzalarının sayı durmadan artır.

Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin qanunsuz fəaliyyətinə də açıqlama gətirək.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi əməkdaşlarının şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, eləcə də digər mərkəzi yollarında iritutumlu yük maşınlarının fəaliyyətinə imkan yaratması  nəticəsində şəhərin asfalt örtüyünün yararsız hala düşməsi ilə bağlı  dövlət qurumları tərəfindən heç bir tədbir həyata keçirilmir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyəti ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Gəncə şəhərində monitorinq keçirilməsi məqsədəuyğundur...

Mövzuya yenidən qayıdacağıq.

AZƏR,

Bölgə müxbiri


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000134