Gəncə sakini ona qanunsuz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmədiyini iddia edir, nazirlik isə fərqli düşünür...
Gəncə şəhəri, Məhsəti qəsəbə sakini Heydərov Səbuhi Fəxrəddin oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, ona qanunsuz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmir:
“Mən, Heydərov Səbuhi Fəxrəddin oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, 2009-cu ildən 2-ci qrup əlillik pensiyası almışam. 12 il sonra - 2021-ci ildə pensiyam kəsildi. Yenidən müraciət edib, zor-bəla ilə 3-cu qrup əlillik dərəcəsi aldım.
2023-cu ildə isə məndə sağalmayan "aksonal motor" xəstəliyi aşkar olundu. Həkimlər dedilər ki, bütov bədənin iflic olacaq. Bu səbəbdən də 1-ci qrup əlillik üçün müraciət etdim. Lakin imtina verdilər. Mənim arıqlayıb, ən ağır vəziyyətə düşməyimi istəyirlər ki, 1-ci qrup versinlər.
Diaqnoz sağalmayan və ağrılı acılı şəkildə ölümə apardığını göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı qurum, əslində, əhalinin müdafiə edən yox, zülm edən bir qrumdur. Kimin pulu var, adamı var, sağlam insanlar 1-ci qrup əlillik dərcəsi alırlar. Həqiqi iflic xəstələrinə 3-cu qrup verilir.
Hal-hazırda yeriyə bilmirəm, əsanın gücü ilə addımlamağa çalışıram.
Bu xəstəliyin adı, vahiməsi vəziyyətimi daha da ağırlaşdırır. Mən hörmətli nazirimizə sual vermək istəyərəm: siz iflic nədir, bilirsiz? İflic olan yaxınınız var? Müalicəsindən, baxımından xəbəriniz var? Bu qədər insafsız olmayın. Sağlam qohumlarınızla, pulla 1-ci qrup əlillik alan adamlarla bizi bir tutmayın, xahiş edirəm".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, Gəncə şəhər sakini Heydərov Səbuhi Faxrəddin oğluna 17.04.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ümumi səbəbdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılıb və hazırda buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur: "Vətəndaşın əlillik dərəcəsinin gücləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişlərində diaqnoz və ağırlaşmalar arasında uyğunsuzluq olduğuna görə, onun əlilliyinin gücləndirilməsi mümkün olmayıb.
Buna baxmayaraq, S.Heydərov 24.10.2023 və 19.02.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin əyani müayinələri zamanı müəyyən edilib ki, vətəndaşın hazırki diaqnoz və ağırlaşmaları əlillik dərəcəsinin gücləndirilməsinə əsas vermir.
Bu səbəbdən də S.Heydərovun üçüncü dərəcə əlillik təyinatı ilə bağlı qərar qüvvədə saxlanılıb".
Jalə FAMİLQIZI