Gənc oğlan bacısına hörmətsizlik edən yeznəsinin qanını tökdü - Azərbaycanda ŞOK OLAY

2022-06-16 15:21:00

Gənc oğlan bacısına hörmətsizlik edən yeznəsinin qanını tökdü - Azərbaycanda ŞOK OLAY

Bakıda 1992-ci il təvəllüdlü İlham bacısının əri Asifə xəsarət yetirib.

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 10-da baş verib.

İstintaq orqanı tərəfindən İlhamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən İlham bildirib ki, zərərçəkmiş Asif onun bacısı Sonanın əridir: “Asiflə Sona təxminən 4 il əvvəl birgə nikaha daxil olublar, 3 yaşlı oğlan övladları var. Sona ailə qurduqdan sonra Asifin yaşadığı Xaçmaz rayonu Ağyazı kəndindəki evə gəlin köçdü. Maddi vəziyyəti nəzərə alan valideyinlərim Sonagilə ara-sıra yardım edirdilər. Qışda onları yaşadığımız evə dəvət etdik, bacımgil gəlib bizimlə birlikdə yaşadılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, son zamanlar Sonanın uşağı Rəvanın ayaqlarında şiş əmələ gəldiyindən və səhhəti günü-gündən pisləşdiyindən valideyinləri uşağı bir neçə tibb müəssisəsinə aparıb, müayinə və müalicə etdiriblər: “Müalicə müsbət nəticə vermədiyi üçün oktyabrın 9-da Asif və Sona bizim evimizdə olarkən valideyinlərim uşağı Respublika Klinik Xəstəxanasına apararaq müayinələrdən keçirmək istədiklərinidedilər. Asifdə etiraz etmədi”.

İlhamın bildirdiyinə görə, oktyabrın 10-da səhər saatlarında anası bacısı ilə uşağı Respublika Klinik Xəstəxanasına aparıb: “Müayinələrdən sonra həkimlər uşağın səhhətinin ağır olduğunu nəzərə aldılar, stasionar qaydada müalicə almasını təklif etdilər. Ona görə də bacım uşaqla birlikdə xəstəxanada qaldı.

Həmin gün saat 17 radələrində atam Əyyub mənə zəng etdi. Sona ilə Asif arasında xəstəxanada nə isə narazılıq yarandığını, Sonanın həyacanla zəng edərək bu barədə məlumat verdiyini dedi.

Saat 18.30-da atamla bacımın olduğu xəstəxanaya getdik. Sona bildirdi ki, son günlər Asifin ona qarşı münasibəti pozulub, heç bir səbəb olmadan narazılıqlar yaradır, bu gün isə uşağın xəstəxanaya gətirərək müalicə olunmasına etiraz edib, onunla mübahisə edib.

Xəstəxanada olarkən bizdən təxminən 1 saat sonra Asif xəstəxanaya gəldi. Kobud şəkildə atama, anama və bacıma övladını xəstəxanaya gətirərək stasionar müalicəyə yerləşdirdiklərinə görə irad bildirdi. Onlarla mübahisə edərək getdi. Asif getdikdən sonra Sonaya zəng etdim, onu narahat etməməsindən ötrü anamın təklifi ilə Sona istifadəsində olan mobil nömrəsini sındırdı. Atam yeni nömrə alaraq Sonaya verdi ki, lazım olarsa, ona zəng etsin, əlaqə saxlasın”

İlham deyib ki, təxminən saat 21 radələrində valideyinləri ilə birlikdə yaşadığı evə gəlib: “30 dəqiqə sonra Asif anama zəng etdi, sənədlərinin evimizdə qaldığını dedi, həmin sənədləri ona verilməsini tələb etdi. Təxminən saat 22 radələrində Asif yaşadığımız evin yanına gəldikdə atam sənədləri götürdü, həyətə çıxdı və Asifə verdi, sonra geri qayıtdı.

Asifin bacımla kobud rəftarı, mənimlə heç bir səbəb olmadan xəstəxanada mübahisə etməsi, valideyinlərimə qarşı kobud münasibət göstərməsi məndə qəzəb yaratdı, onu cəzalandırmaq qərarına gəldim. Lakin fiziki cəhətdən qüvvətli olduğu üçün mənə zor tətbiq edə biləcəyimdən ehtiyat etdim. Mətbəxdən məişətdə istifadə olunan bıçağı götürdüm və həyətə çıxdım. Asifə valideyinlərim və bacım ilə səbəbsiz yerə kobud rəftar etdiyinə görə iradımı bildirdim.

Yaşadığımız evdən təxminən 100-150 metr aralı keçdik, insanları az gediş-gəlişi olan bir yerdə dayanaraq təkrar Asifə iradımı bildirdim. Üzbəüz dayanaraq söhbət etdiyimiz zaman Asifin sözlərimə biganə yanaşdığını, əhəmiyyət vermədiyini, nəticə çıxartmaq belə istəmədiyini, əksinə haqsız ola-ola özünü haqlı çıxartmağa çalışdığını, davranış və hərəkətlərindən üzərimə hücum etməyə hazırlaşdığını hiss etdim. Cibimdən bıçağı çıxardım və Asifin qarın nahiyəsinə zərbə endirdim”.

Təqsirləndirilən şəxs deyib ki, Asifin onun üzərinə gəldiyini gördükdə qolundan tutaraq kənara itələyib: "O, arxası üstə yerə yıxıldı.Uzanıqlı vəziyyətdə olarkən ona yaxınlaşdım. Bir qədər aşağıya əyilmiş vəziyyətdə onun ayaq və qarın nahiyələrinə zərbələr endirdim. Zərbələrin sayını və hansının Asifin bədəninə dəydiyini xatırlamıram. Həmin vaxtı kənarda atamın səsini eşitdim. Atamın yanımıza gəldiyini başa düşdüm. Asifi vurduğum bıçağı sındıraraq hadisə yerinin yaxınlığında ataraq qaçdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Asifin sözlərinə görə, oktyabrın 8-də arvadı Sona və uşağı Rəvanla qayınatası Əyyubun evində olublar: “Qaynanam Məhbubə və arvadım Sona həmin gün oğlum Rəvanı səhhəti ilə əlaqədar tibbi müayinədən keçirməyi qərarı aldılar. Səhəri günü xəbərim olmadan uşağı tibb müəssisəsinə apardılar. Bunu bildikdə Sona ilə əlaqə saxladım, ona iradımı bildirdim. Aramızda mübahisə baş verdi.

Həmçinin qayınanamgil Sonanın mobil nömrəsini yenisi ilə əvəz etdikləri üçün Sona ilə əlaqə saxlaya bilmədiyimdən, daim Sona ilə mənim ailə söhbətlərimə müdaxilə etdiklərinə görə qəzəbləndim. Qaynanam Məhbubə və qayınatam Əyyubla sözlə mübahisələri baş verdi”.

Asif qeyd edib ki, oktyabrın 10-da saat 22 radələrində sənədlərini götürməkdən ötrü qayınatası Əyyubun yaşadığı ünvana gedib və sənədləri götürüb: “Həmin vaxtı qaynım İlham da həyətə çıxdı. Mənimlə işi olduğunu deyərək evlərindən bir qədər kənara, yaşıllıq sahəyə dəvət etdi. Həmin gün xəstəxanada olarkən İlhamgilə mənim Sona ilə ailə söhbətlərimə müdaxilə etdiklərinə görə irad bildirdiyimdən İlhamın məni döymək məqsədi ilə yaşıllıq sahəyə doğru apardığını başa düşdüm.

Evdən təxminən 100 metr aralıda yaşıllıq sahədə olarkən İlhama bir daha ailə söhbətlərimə müdaxilə etdiyinə görə narazılığımı bildirdim. Mənimlə kobud və yüksək səslə danışdığı üçün İlhamdan sakit danışmasını tələb etdim. O, əlini gödəkçənin cibinə salaraq ani bir zamanda nə isə çıxardı, döş qəfəsimin sol tərəfindən zərbə endirdi. Hiss etdim ki, İlham məni bıçaq və ya digər deşici-kəsici alətlə vurdu”.

Asif deyib ki, az sonra onun yanına qaynatası Əyyub gəlib və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkiminə köməklik edib, onu xəstəxanaya aparıblar.

Asifin sözlərinə görə, təqsirləndirilən şəxsin qohumları onun bütün müalicə xərclərini ödəyib, hazırda təqsirləndirilən şəxslə barışıb, onu bağışlayıb.

İlhamın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya