Saat:23:39
Haqqımızda

Gənc nazirin immuniteti

2022-08-13 11:28:00

Gənc nazirin immuniteti

Bir müddət əvvəl ictimai şəxslərin birindən açıqlama yaymışdıq. Onun işlətdiyi ifadə oxucular tərəfindən hiddətlə qarşılanmışdı. Sosial şəbəkələrdə, saytlarda onu bir həftə tənqid atəşinə tutdular. İlk günlər bu tənqidlərdən böyük depressiyaya düşdü, nə edəcəyini bilmirdi. Zəng edib həmin açıqlamanı verdiyinə görə böyük peşmançılıq keçirdiyini də qeyd etdi. Amma ox yaydan çıxmışdı, adam günlərlə hədəfdə oldu.

Aradan bir müddət keçəndən sonra yenidən zəng edib dedi ki, artıq depressiyadan çıxıb. Bildirdi ki, o ilk dəfə idi belə toplu tənqidlərə məruz qalırdı. Və nə yaxşı ki, bu hadisə baş verdi. Dediyini olduğu kimi qeyd edirəm: “İndi həmin tənqidlər mənə vaksin kimi görünür. Artıq tənqidə qarşı güclü immunitetim yaranıb. Mənim üçün böyük təcrübə oldu”.

Tənqidə qarşı dözümlü olmaq yaxşıdır. Xüsusilə şəxs məmurdursa, yüksək vəzifə daşıyırsa və işi ictimai işdirsə, onun hər zaman tənqidə qarşı loyal davranması, o tənqidləri özünü güzgüdə görürmüşcəsinə dinləməsi önəmlidir. Amma bu azdır. Məsələnin daha mühüm tərəfi odur ki, tənqidlərdən nəticə çıxarıb qaldırılan məsələləri həll edəsən, sonrakı fəaliyyətində daha diqqətli olasan.

Əgər son bir ildə mediada və sosial şəbəkələrdə dövlət qurumları ilə bağlı tənqidi materialların statistikası aparılsa Təhsil Nazirliyinin – indiki Elm və Təhsil Nazirliyinin öndə olacağı şübhəsizdir. Bunun bir səbəbi odur ki, hər bir ailənin təhsil sahəsi ilə birbaşa və dolayı olsa da əlaqəsi var. Ona görə hər bir ailənin bu nazirlikdən gözləntiləri var. İkinci səbəb odur ki, nazirlik öz fəaliyyətində bu gözləntiləri doğrultmur.

Təhsil sahəsinə yeni rəhbər təyin olunan zaman hamı alqışladı. Dedilər ki, gəncdir, xarici təhsillidir, aşağıdan gəlib, bizdən biridir. Əvvəlki problemlərin həll ediləcəyinə ümid vardı. Və o qısa müddətdə nazirliyi zirvəyə qaldırdı: Tənqidin zirvəsinə...

Gənc nazirimiz həm də girişdə qeyd etdiyim tənqidə dözümlülük məsələsində həmkarlarından fərqlənir. Tənqidlərə çox açıqdır. Tənqidə immuniteti aşırı dərəcədə güclüdür. Hələ bir dəfə hər hansı tənqidə qarşı kəskin reaksiya verdiyini görməmişəm. Amma bu dözümlülük artıq vecsizlik səviyyəsinə gələndə nə tənqidin, nə də tənqidə dözümlülüyün heç bir faydası olmur axı.

Məsələn, 3-4 gündür sensasiya hesab olunacaq məlumat sosial şəbəkələri, saytları dolaşır. Prezident İlham Əliyevin portretləri orta məktəblərə 495 manatdan satılır. Bu portretlər məktəblərin rəsmi maliyyə sənədlərində də öz əksini tapır. Lakin bu müddətdə nazirlik bir açıqlama da verməyib ki, belə bir satışı kim həyata keçirir? Bu sizin üçün sıradan məsələ kimi görünməsin. Gözünüzün qarşısına nazirliyə tabe olan yüzlərlə məktəbi gətirin, həmin məktəblərin sayını həmin portretin qiymətinə vurun, alınan məbləğ dövlət büdcəsindən “silinən” və hansısa “proxy” şirkətin sahibinin cibinə gedən puldur. Hansı ki, həmin pullar şagirdlərin daha yaxşı təhsil alması üçün büdcədə nəzərdə tutulub. Bu portretləri satan şirkət kimə məxsusdur? Açar buradadır. Nazirlik isə susur, görmür bu xəbərləri və ya görür, vecinə də almır. 

Və sonda: Bu il Azərbaycanda qəbul imtahanlarında 700 bal toplayan abituriyent ölkəmizin ali məktəblərində təhsil almaqdan imtina edib. Məncə düz edib.

Yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR