“Gələn il Xocalı Azərbaycanın nəzarətinə keçəcək” - Mühüm açıqlama

2022-08-26 16:39:00

“Gələn il Xocalı Azərbaycanın nəzarətinə keçəcək” - Mühüm açıqlama

“Onların fəaliyyəti “nə şiş yansın, nə kabab” misalına uyğun olmalı idi”

Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy deyib.

Qeyd edək ki, Ermənistan cəmiyyəti Qarabağda fəaliyyət göstərən rus sülhməramlılarının fəaliyyətindən narazıdır. Erməni müxalif deputatlar, tanınmış poitoloqlar sülhməramlıların fəaliyyətini tez-tez tənqid edirlər. Onların fikricə, sülhməramlılar Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini layiqincə təmin etmir, azərbaycanpərəst mövqe tuturlar.

Nazim Cəfərsoy bildirib ki, rus sülhməramlılarının fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin beynəlxalq hüquqi normalara əsaslanan narazı mövqeyi var.

“Qarabağda Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır və bundan narazı olan güclər - hansı ki, Qarabağda yerləşdirilən separatçılar, qanunsuz silahlı birləşmələr, terrorçular var. Ermənistan hər məsələdə olduğu kimi bu məsələdə də haqsız mövqeyini ortaya qoyur. Zaman-zaman üçtərəfli bəyannamənin tələbi olan öhdəliklərdən boyun qaçırır, məsələni sabotaj edir, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının ləngiməsi üçün əlindən gələni edir.

Rus sülhməramlıların missiyası Vətən müharibəsindən sonra Qarabağda həm azərbaycanlıların, həm də ermənilərin gündəminə uyğun olaraq onları razı salmaq və balansı saxlamaqdır. Lakin gündəm və maraqlar fərqli olduğundan hər iki tərəf narazı qala bilir.

Sülhməramlıların Qarabağa gəldikdən sonra ilk 1 il yarımlıq fəaliyyətləri ermənilərin güvənlərini qazanmaqdan ibarət olub. Ermənilərin lehinə atılmış addımlar Azərbaycanın narazılığının başlıca səbəbidir. Onların fəaliyyəti “nə şiş yansın, nə kabab” misalına uyğun olmalı idi ki, müharibədən çıxmış hər iki tərəf razı qala bilsin.

Sülhməramlıların fəaliyyətinin Azərbaycan cəmiyyətində narazılıqla qarşılanmasının səbəbi ermənilərin Kəlbəcərdən gedərkən meşələri, evləri yandırması, tarixi abidələri talan etməsi, infrastruktura zərər vurmasına göz yummaları idi. Ermənilərin güvənini qazanmaq üçün onlar Xankəndi və digər ərazilərdən qaçan erməniləri öz evlərinə geri qaytardılar. Lakin Azərbaycan cəmiyyətinin narazılığı ilə qarşılaşan rus sülhməramlıları bu dəfə fərqli mövqedən çıxış edərək Azərbaycanı razı salmağa çalışdılar.

Fəaliyyətlərinin ilk illərində Ermənistanın gündəminə uyğun hərəkət edən rus sülhməramlıları indi beynəlxalq hüquq, Rusiyanın qlobal və regional maraqları üçün Azərbaycan gündəminə uyğun hərəkət etməyə məcburdurlar.   

Rus sülhməramlılarının fəaliyyətə başladığı gündən bu günə qədər Ermənistan cəmiyyəti onlardan narazıdır. Sülhməramlıların fəaliyyətinin Azərbaycanın maraqlarına uyğun olması isə onlarda daha böyük narazılıq yaradır. 

Ermənilərin Laçından, Zabuxdan və digər ətraf ərazilərdən gedərkən Kəlbəcərdə törətdikləri kimi hərəkətləri təkrarlamamasına qarşı qismən olsa da tədbir almış olmaları Azərbaycanı razı sala bilmək üçün idi”.

Siyasi şərhçi “ehtimal və proqnozlarıma əsasən deyə bilərəm ki, Sərsəngdə keçirilən yoxlamalar gələcəkdə Sərsəngin də Azərbaycanın nəzarəti altına keçəcəyindən xəbər verir” deyib:

“Yaxın və yaxud uzaq gələcəkdə. Bunun nə vaxt baş verəəcyini dəqiq deyə bilmərəm, ancaq Sərsəngin Azərbaycanın nəzarəti altına keçəcəyin dəqiq deyə bilərəm.

2023-cü ildə isə biz Xocalının Azərbaycanın nəzarəti altına keçməsinə şahid olacağıq. 

Rus sülhməramlılarının fəaliyyətinin sonlarına yaxın zamanlarda, onların Azərbaycan cəmiyyətinin gündəminə uyğun fəaliyyət göstərməsi prosesi güclənəcək. Yəni bizim haqlı tələblərimiz yerinə yetiriləcək, çünki regionda aparıcı güc bizə aiddir. Əgər biz desək ki, rus ordusu buradan çıxmalıdır, onlar çıxacaqlar.

2024-cü ilə qədər isə bizim hazırlıqlarımız nəticəsində rus sülhməramlılarının Qarabağda nəzarət etdiyi ərazi azalacaq və ən əsas isə onlar Azərbaycanlıların Xankəndinə qayıtmasına şahid olacaq.

2023-cü ilin sonuna doğru isə rus sülhməramlılarının Xankəndidə ermənilərlərlə azərbaycanlıların sülh şəraitində yaşaması üçün əllərindən gəldiyini etdiklərini görəcəyik.

Düzdür, hazırda planladığımız hər şey sürətli şəkildə həyata keçməsə də, yavaş-yavaş ərazi bütövlüyümüzün təmin olunmasının və bizim tələblərimizin hər birinin yerinə yetirildiyinin şahidi olacağıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055587