Gələn il bahalaşacaq ərzaqlar - Ət və kərə yağı birinci yerdə
“Mərkəzi Bank və hökumətin verdiyi açıqlamaya görə, 2026-cı ildə inflyasiyanın 3-4 faiz civarında olması proqnozlaşdırılır. Amma keçmiş illərə baxanda görürük ki, hökumətin verdiyi proqnozla reallıq arasında bəzən 2 faizə yaxın fərq olur”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ümumi inflyasiya rəqəmləri azərbaycanlıları maraqlandırsa da, daha çox narahat edən məsələ ərzaq inflyasiyadır:
”Çünki əhalinin ilk 11 ayının xərclərinə baxdıqda görürük ki, əhali xərclədiyi hər 100 manatdan 51-ni ərzağa xərcləyib. Bu, çox pis rəqəmdir, yoxsulluq göstəricisidir. İnkişaf etmiş ölkələrdə xərclənən vəsaitin 20 faizi ərzağa gedir. Ərzaq inflyasiyası hazırda 6,8 faizdir və 7 faizə yaxınlaşır.
Gələn il də ərzaq inflyasiyasının ümumi inflyasiya rəqəmlərindən yüksək olması gözlənilir. Yəni hökumət və Mərkəzi Bank 3-4 faiz proqnozlaşdırırsa, 5-6 faiz olması ehtimalları var. Bu, onu deməyə əsas verir ki, qiymətlərin sabitləşməsi üçün təməl səbəblər yaradılmayıb. Qiymətlər o zaman sabitləşər ki, yerli istehsal artsın, bolluq olsun, və ya hökumət vergi-gömrük ödənişlərində endirimlər etsin ki, bu da qiymətlərə təsir etsin. Məsələn, ƏDV-ni 18 faizdən 10 faizə aşağı salsın, bu isə avtomatik olaraq qiymətləri ucuzlaşdırsın. Bu addımların olmayacağını bilirik. Çünki büdcə artıq qəbul olunub.
Bundan əlavə Azərbaycanda vergi və cərimə qiymətlərində artımlar var. Bəzi endirimlərin gələn il ləğv olunması da gözlənilir. Məsələn, avtomobil qiymətlərinin kəskin bahalaşmasını indidən söyləmək mümkündür”.
İqtisadçı bildirir ki, növbəti ildə ərzaqların qiyməti ucuzlaşmayacaq: “Bu il qiymət artımı ən çox qırmızı ətdə oldu. İri və xırda buynuzlu mal-qaranın sayında yenə azalmalar müşahidə olunur. Bu o deməkdir ki, gələn il bu sahədə də qiymət artımının olması ehtimalları var.
Qiyməti bu il qalxan məhsul növü kərə yağıdır. 26-28 faiz bu sahədə qiymət artımı olub. Çünki yeni yağ zavodu açılmayıb və yeni yağ istehsalı yoxdur. Deməli, gələn il də qiymət artımı bu məhsulda olacaq. Bütün bu parametrlərə baxanda gələn il bu qiymətlərin sabitləşməsi görünmür. Ərzaq inflyasiyasının 6-7 faiz olması kifayət qədər realdır”.
