Gələcəyimiz elm yolunda qətiyyət göstərən gənclərimizdən asılıdır

2022-08-24 13:57:00

Gələcəyimiz elm yolunda qətiyyət göstərən gənclərimizdən asılıdır

 Bu gün ölkəmizdə, eləcə də doğma Naxçıvanımızın bütün sahələrində gənclərin formalaşması, bilik və bacarıqlarının üzə çıxarılması, onların sağlam dünyagörüşünün aşılanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, artıq cəmiyyətimizdə ideal gənclik qüvvəsi formalaşıb. Onların bu və ya digər sahələrdə əldə etdikləri uğurları yalnız paytaxt şəhərimizin timsalında yox, ucqar kənd və qəsəbələrimizdə də aydın şəkildə görürük. Bu şəraitdən layiqincə bəhrələnənlər sırasında Babək rayonunun istedadlı gəncləri də az deyil. Məlumat üçün bildirək ki, 2021-2022-ci tədris ilində keçirilən qəbul imtahanlarının yekun nəticəsində Babək rayonu üzrə 48 nəfər abituriyent 500-700 bal intervalında nəticə göstərib. Həmin gənclərimizdən bir neçəsi ilə biz də həmsöhbət olduq. 

    İlk həmsöhbətimiz Babək şəhər 1 nömrəli tam orta məktəbin məzunu Onur Bayramovdur. Onur deyir ki, həyatda uğur qazanmaq bəzilərinin düşündüyü qədər şans, fürsət məsələsi deyil. Yüksək nəticə qazanmaq, bu yolda yorulmadan cəhd göstərmək mənim üçün də asan olmadı. Düşünürəm ki, qarşısına ali təhsil almağı məqsəd qoyan hər bir şagird elə ibtidai sinfə qədəm qoyduğu andan dərslərində fəal olmalıdır. Məktəbdə təhsil aldığı müddətdə əldə etdiyi biliklər ali məktəblərə qəbul imtahanlarında və təbii ki, ondan sonra da əlindən tutacaq. Bəzi şagirdlər düşünürlər ki, biliklərə dərindən yiyələnmək üçün qəbul imtahanlarına bir neçə il qalmış başlamaq lazımdır. Çox zaman da bunun nəticələri heç də arzuedilən kimi olmur. Çünki 11 illik bir proqramın ağırlığını  qısa müddətdə mənimsəmək mümkün deyil.  Mən aşağı siniflərdə oxuduğum illərdən dərslərimə sistemli şəkildə çalışırdım. Nəticədə, I ixtisas qrupu üzrə 640 bal toplayıb, rayon üzrə ikinci olmuşam. İxtisas seçimimdə isə Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları sahəsini seçəcəyəm. Bu ali təhsil ocağında oxumaq arzum təsadüfi deyil. Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olmuşam, təhsil şəraiti barədə geniş məlumat əldə etmişəm və təhsil ocağı heç də dünya səviyyəli elm-təhsil müəssisələrindən geridə qalmır. İnanıram ki, gələcəyin savadlı, bilikli gənci kimi Vətənimə layiqli şəxsiyyət olacağam. Son olaraq bu nəticəni qazanmağımda mənə daim dəstək göstərən müəllimlərimə, valideynlərimə öz minnətdarlığımı bildirirəm. 

    Növbəti müsahibimiz Yarımca kənd tam orta məktəbinin məzunu Nərmin Quliyevadır. 624 bal nəticə göstərməklə ailəsi və valideynlərinin etimadını doğruldan Nərminin dediklərindən:
    – Lap kiçik yaşlarımdan dəqiq fənlərə və təbiət elmlərinə böyük marağım olduğu üçün məktəb illərində riyaziyyat və fizika fənləri üzrə olimpiadalarda iştirak etmiş, dəfələrlə qalib olmuşam. Elə bu səbəbə görə həm müəllimlərim, həm də valideynlərim qəbul imtahanında məndən yüksək nəticə gözləyirdilər. Topladığım nəticə qarşıma I ixtisas qrupuna aid olan bir çox sahələrin qapısını açsa da, mən peşələrin ən gözəli olan müəllimlik ixtisasını seçəcəyəm. Hər bir gənc kimi mənim də məqsədim təhsilimi uğurla başa vurduqdan sonra Vətənimin savadlı müəllimləri ilə çiyin-çiyinə çalışmaqdır. Bundan sonra da səy göstərib məqsədlərimin hamısına çatacağam. Ali təhsilimi isə Naxçıvan Dövlət Universitetində davam etdirəcəyəm. Düşünürəm ki, inamın güclü olduğu yerdə insan bütün arzularını reallaşdıra bilər. Təki qətiyyətlə addımlamağı bacarasan. Bu yolda bütün şagirdlərə uğurlar arzu edirəm. 

    Yarımca kənd tam orta məktəbinin bir digər yetirməsi Səltənət Nəsirli də öz fikirlərini bizimlə bölüşdü: – Hələ aşağı siniflərdə oxuduğum illərdən hüquqşünas olmağı qarşıma məqsəd qoymuşam. Bu yolda yorulmadan çalışır, səy göstərir, bir çox oyunlarda, intellektual yarışlarda iştirak edir və yaxşı nəticə qazanmağa çalışırdım. Seçdiyim III ixtisas qrupuna aid olan fənlər bir qədər dəqiqlik tələb edir. Topladığım 584 bal nəticəyə uyğun olaraq seçimimdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçəcəyəm. İnanıram ki, gələcəyin savadlı gənci kimi dövlətimə, xalqıma layiqincə xidmət  edəcəyəm. Görkəmli hüquqşünas və siyasətçi Əlimərdan bəy Topçubaşovun da dediyi kimi: “Qəlbdəki yeganə amalımız iqbalı millətdi, yeganə nöqteyi-mətlub istiqlali millətdi”.

    Növbəti müsahiblərimiz Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin məzunları Şəlalə və Lalə Quliyeva bacıları da rayonun yüksək nəticə göstərən məzunları kimi öz təəssüratlarını bizimlə bölüşdülər. Şəlalə Quliyeva deyir ki, həyatda nə olursa-olsun, qarşıya qoyduğun məqsədin ardınca inamla, səbirlə getməlisən. Heç bir səbəb səni yormamalıdır. İstər universitet üçün çalışdığın mərhələ olsun, istərsə də ondan sonrakı dövrlərdə qarşılaşdığın uğursuzluqlar səni həvəsdən salmamalıdır. Düşdüyün çətinlikdən əzmlə qalxdığın anda xoşbəxtliklərlə dolu gələcək gözəl günlər səni gözləyir. Lalə Quliyeva isə söhbətimizə belə davam edir:– Bütün gənclərimizə, ən başda da hələ orta məktəbdə təhsil alan şagirdlərimizə bu yolu qət etmiş məzunlar kimi tövsiyəmiz odur ki, dərslərinə böyük diqqətlə yanaşsınlar, oxusunlar, öyrənsinlər. Bir günlərini belə yeni nə isə oxumadan, öyrənmədən keçirməsinlər. Təbii ki, elmlə, dərslə yanaşı, istirahət və asudə vaxtın səmərəli təşkili də lazımdır. Lakin unutmasınlar ki, irəlidə onları, valideynlərinin ümid dolu arzuları və müəllimlərinin onlara olan sonsuz inamı dayanıb. Bilsinlər ki, sonrakı peşmançılıq heç zaman fayda verməz. Biz, yəni bacım və mən ali məktəbə qəbul olmaq üçün qətiyyətlə çalışdıq. Hətta imtahanın birinci mərhələsində 604 bal toplamaqla hər ikimiz eyni nəticəni əldə etmişdik. İkinci mərhələdə mən 610 bal, bacım Şəlalə isə 615 bal topladı. Hədəfimizə çatdığımız, valideynlərimizin, müəllimlərimizin əziyyətinin hədər getmədiyi üçün çox xoşbəxtik. 

    Bu çətin yolda daim çalışmaq, zəhmət çəkmək gələcək xoş günlərin ən gözəl təminatçısıdır. Görüşdüyümüz, uğurları ilə yaxından tanış olduğumuz gənclərimizə həyatın keşməkeşli yollarında müvəffəqiyyətlər arzulayırıq.

Məcid RƏŞADƏTOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078931