“Gecələr evimin üzərinə daş atır, övladlarımı öldürməklə hədələyir…” – GÖYÇAY SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

2022-07-29 10:30:00

“Gecələr evimin üzərinə daş atır, övladlarımı öldürməklə hədələyir…” – GÖYÇAY SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Göyçay şəhər, Heydər Əliyev prospektində yaşayan Tarverdiyeva Günel Aydın qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli cənab Prezident!

Yazaraq bildirmək istəyirəm mən 1984-ci il təvəllüdlü Tarverdiyev Günel Aydın qızı Göyçay şəhər Heydər Əliyev prospektində yaşayıram. 2005-ci il tarixdə rayonun Ərəbcəbirli kənd sakini Tarverdiyev Namiq Baba oğlu ilə ailə həyatı qurmuşam. Onunla birgə nigahdan iki qızımız dünyaya gəlib. Həyat yoldaşım 22 oktyabr 2021-ci ildə ani ürək tutmasından vəfat etmişdir. Mən isə qızlarım - 2007-ci il təvəllüdlü Tarverdiyeva Aysel Namiq qızı və 2009-cu il təvəllüdlü Tarverdiyeva Nazerin Namiq qızı ilə birlikdə həyat yoldaşıma valideynlərindən miras qalmış mülkdə yaşayıram. Əslində hazırda qaldığımız mülkdə olan köhnə ev qəzalı və yararsız vəziyyətdə olduğu üçün həyat yoldaşım onu sökərək əvəzində yeni ev inşa etdirmişdir. Həmçinin eyni zamanda bizimlə yanaşı həyat yoldaşımın bacıları Tarverdiyeva Şəfiqə Baba qızı və Tarverdiyeva Şükufə Baba qızı da həmin evdə yaşayırlar. Digərindən yaşça kiçik olan Tarverdiyeva Şükufə Baba qızı anadangəlmə əqli qüsurludur və onunla heç bir ailə münaqişəmiz yoxdur. Lakin Tarverdiyeva Şəfiqə Baba qızı rəsmi olaraq əqli qüsurlu kimi qeydiyyatda olmasa da o, olduqca ağılasığmaz hərəkətlər edir. Gecələr bizi qorxutmaq məqsədilə evin üzərinə daş atır, övladlarımı öldürməklə hədələyir, olduqca ədəbsiz sözlər söyləyir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən "hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur..."

Bizim icazəmiz olmadan mülkün bizə məxsus olan hissəsində sərbəst gəzib dolaşır. Hətta dəfələrlə qızlarıma fiziki zorakılıq göstərməyə cəhd edib. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən "dövlət insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verir". Demək olar ki, hər gün eyni şeylər eyni şəkildə davam edir. Əsl niyyəti isə bizi bezdirməkdir. Çünki o, istəyir ki, biz yaşadığımız yeri tərk edək və ev tamamilə ona qalsın. Bəzən də məni zorla məcbur etməyə çalışır və mənə "sən evdən imtina etməlisən, əgər könül xoşluğu ilə evi tərk etmirsənsə, bezdirərək də olsa sizi bu evdən çıxardacağam" deyir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Artıq qızlarımda və məndə psixi sarsıntılar yaratmağa başlayıb. Onun əlindən rahat yaşamaqdan məhrum olmuşuq. O, bizi intihar həddinə çatdırıb. Ərəbcəbirli kənd bələdiyyəsinə və icra nümayəndəsinə hədə-qorxu gələrək tez-tez onlardan həyətimizə gəlməyi, yenidən ölçü aparmaqlarını tələb edir. Gah da gedib Göyçay Rayon Məhkəməsinə və Göyçay Rayon Polis Şöbəsinə şikayət edərək bizi evdən çıxartmaqlarını istəyir. Barəmizdə yalnız şər və böhtandan ibarət olan izahatlar verir. Hətta aparıcı Elgiz Əkbərin "Elgizlə izlə" verlişinə belə çıxmışdı. Gah həyətimizə jurnalistlər çağırıb müsahibə verməyimi tələb edir.

Hörmətli Prezident!

Azərbaycan Respublikasının Konstitusiyasının 61 və 71-ci maddələrini rəhbər tutaraq Sizdən, bizə köməklik göstərməyinizi, məni və qızlarımı bezdirərək intihar həddinə çatdırmış Tarverdiyeva Şəfiqə Baba qızı barəsində ciddi tədbir görülməsini və onun etdiyi qeyri-etik davranışlara son qoyması üçün əlinizdən gələni etməyinizi xahiş edirəm. Biz də bu ölkənin vətəndaşıyıq, bizim də Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsində qeyd olunmuş "təhlükəsiz yaşamaq hüququ"na haqqımız vardır. Ümid edirəm ki, tezliklə bizim rahatlığımız üçün əlinizdən gələni edəcəksiniz. Sizə öncədən öz minnətdarlığımı bildirirəm”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063975