Füzulidə ilk yaşayış məhəlləsi salınır - FOTOLAR

2023-01-06 11:05:00

Füzulidə ilk yaşayış məhəlləsi salınır - FOTOLAR

İşğaldan azad olunan Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin inşası davam etdirilir.

Hurriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.

Artıq 24 binada tikinti işləri aparılır, 14 binada isə tender həyata keçirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

İş icraçısı Yengibar Məmmədhəsənov yaşayış məhəlləsinin birinci kvartalında görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda birinci məhəllədə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Bununla paralel olaraq xarici divarların hörgüsü və suvaq işləri də həyata keçirilir. Binalar 4, 5, 6, 7 mərtəbəli olmaqla 144 mənzildən ibarətdir. Bunlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlıdır. Binaların zirzəmisi avtomobil dayanacağı üçün nəzərdə tutulub.

Füzuli şəhərinin yenidən qurulmasında çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Onlar işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdikləri üçün qürur duyduqlarını bildirirlər.

Füzuli sakini Vüqar Hüseynov deyib: “14 yaşım olanda buradan köçkün düşmüşəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Xalqımızın Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində torpaqlarımız işğaldan azad edildi və mən bu gün öz rayonumda tikinti işlərində iştirak edirəm. İnşallah tezliklə tikinti işləri yekunlaşar, qayıdıb öz torpağımızda yaşayarıq”.

Rayonun Zərgər kəndindən olan Elçin Quliyev isə ikiqat sevinc keçirdiyini bildirib: “Vətən müharibəsi iştirakçısıyam. Füzuli, Xocavənd, Qubadlı, Zəngilan, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. İndi isə Füzulinin tikintisində çalışıram. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143683