Saat:15:00
Haqqımızda

Fuad Heydər: “Ermənistan Avropa İttifaqını seçəcək”

2025-12-12 13:49:56

Fuad Heydər: “Ermənistan Avropa İttifaqını seçəcək”

Avropa İttifaqı və Ermənistan arasında “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədi imzalanmasından sonra, Rusiya Ermənistanın Avropa İttifaqı, ümumiyyətlə, Qərbə doğru siyasət yürütməsinə görə, narahazılığını açıq şəkildə ifadə etməyə başlayıb. Belə ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan müəyyən bir məqamda Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq. 
Onun sözlərinə görə, eyni vaxtda hər iki birlikdə qalmaq mümkün deyil: “Rusiya biznesi Ermənistanla iş görməyə ehtiyatla davranmağa başlayıb”.
Maraqlıdır ki, Ermənistan Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyini seçməli olacaq?

Mövzu ilə bağlı Hurriyyet.az-a danışan politoloq Fuad Heydər xatırladıb ki, Ermənistan Rusiya münasibətlərinin tarixi köklərinə söykənsək, münasibətləri daim müsbət olub: “Bu, son dönəmlərə qədər təsadüf edir. Yəni Nikol Paşinyan hakimiyyətə gəldiyi dönəmdən Ermənistan-Rusiya arasındakı müttəfiqlik münasibətləri bir növ soyumağa başlayıb. Təbii ki, Ermənistan Avropa İttifaqını seçəcək, Avrasiya İqtisadi Birliyi onun üçün daha maraq kəsb etmir. Çünki Avrasiya İqtisadi Birliyi Rusiyanın marağındadır. Amma bir tərəfdən də Rusiya bu mövqeyə heç müsbət yanaşmayacaq. Amma Nikol Paşinyan Qərbə meylliliyini birmənalı şəkildə göz önündə göstərir. Bunu Donald Tramp, Emmanuel Makronla görüşlərində aydın görmək olur. Ən əsas da Vətən müharibəsində Azərbaycan özünün Ermənistanla haqq savaşını apardığı zamanı Ermənistanın Rusiyaya yox, Avropaya tərəf yüklənməsi və Avropadan dəstəyini görmək birmənalı idi”. 
Rusiyanın biznes sahəsində çöküşlərinin göz önündə olduğunu nəzərə çatdıran F.Heydər vurğulayıb ki, Rusiya dövləti birmənalı şəkildə öz gücünü itirməkdədir: “Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya iqtisadiyyatı artıq çöküş üzrədir. Ermənistan bu baxımdan, yəni Nikol Paşinyan ağıllı siyasət yürüdürək, Qərb meylliliyini birmənalı şəkildə göstərəcək. Çünki burada Qərb meylliliyin əsas aspektlərindən biri də çoxdandır gözlədiyimiz Zəngəzur dəhlizi məsələsi var. Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Donald Trampın Azərbaycan və Ermənistan arasındakı münasibətləri bərqərar etməsi və Zəngəzur dəhlizinin “Tramp dəhlizi” adı ilə yaranmasından da bəllidir ki, Ermənistan tərəfi artıq Avrasiya İqtisadi Birliyinə yox, Avropa İttifaqına tərəf gedəcək”.
“Təbii ki, burada daxili çaxnaşmalar da olacaq. Qarşıda Ermənistanda konstitusiya referendumu və bunun ardından da onlarda baş nazir, prezident seçkiləridir. Konstitutsiya dəyişikliklərinə uyğun şəkildə qərarlar qəbul ediləcək. Nikol Paşinyan dəfərlərlə parlamentdə çıxışında bildirib ki, Qarabağ ərazisi Azərbaycanın əzəli torpağıdır, biz özümüzə aid olmayan torpaqlar uğurunda mübarizə apara bilmərik. Bu, bizim haqqımız deyil. Bu, Nikol Paşinyan tərəfindən dəfələrlə səslənsə də, onların müxalifəti tərəfindən qınanılıb. Amma buna baxmayaraq, Nikol Paşinyan haqqın, həqiqətin harada olması haqqında məlumat verib”,-deyə politoloq əlavə edib. 
F.Heydərin sözlərinə görə, Ermənistan baş naziri Avropa İttifaqını seçsə də, daxildə olan müxalifət qüvvələri ona qarşı çıxa bilərlər: “Təbii ki, kilsə də ona qarşı çıxa bilər. Amma bunların heç birinə baxmayaraq, Ermənistan tərəfi artıq öz seçimini edib. Hər şey göz önündədir. Çünki ABŞ da bir masada oturmaq onu göstərir ki, Ermənistan artıq öz müstəqilliyini bərqərar etmək istəyir. Çünki bu günə qədər Rusiyanın vassallığı altında qərarlar verib. Rusiyanın vassallığından çıxmaq üçün əlindən gələn nə varsa, onu etməyə çalışır”.
CAVİD