Fransızların QARABAĞ SANCISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...

2022-09-01 11:15:00

Fransızların QARABAĞ SANCISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...

ABŞ-ın Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk Qrupunun həmsədri təyin etməsindən, həm bu ölkənin, həm də Fransanın Şuşadakı beynəlxalq konfransda iştirakdan imtinalarından sonra münasibətlərdə gərginlik müşahidə olunmaqdadır.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək bildirib ki, “faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun ”reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər". Hər iki ölkə səfirinin konfransda iştirakdan imtina etməsi isə “Azərbaycanın ərazi bötüvlüyünə sayğısızlıq” kimi qiymətləndirilib. ABŞ səfirliyi Azərbaycanın səsləndirdiyi rəsmi etiraza yayındırıcı cavab verib. Şuşaya səfərə getməkdən boyun qaçırmasının səbəbi izah edilməyib, ancaq ABŞ səfirliyi digər işğaldan azad edilən rayonlara edilən səfərlərdən danışıb. ABŞ-ın vasitəçi təyinatına Bakının kəskin reaksiyasına Fransanın ATƏT-dəki daimi nümayəndəliyi də cavab verib. Cavabda qeyd edilir ki, Fransa Qarabağ məsələsinin həlli ilə bağlı forum təşkil edir: “Bilirsinizmi ki, Fransa ABŞ və Rusiya ilə birlikdə 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk Qrupuna həmsədrlik edir? Qrup son nəticədə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar üçün forum təşkil edir”. Fransanın Minsk Qrupu çərçivəsində Qarabağla bağlı hansı forum təşkil edəcəyi və nə təkliflər irəli sürəcəyi haqda heç bir müfəssəl məlumat yoxdur. Fransa 26 illik atəşkəs dövründə heç bir təşəbbüsü ilə yadda qalmayıb. Amma indi-Minsk Qrupunun faktiki fəaliyyətini dayandırdığı, Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etmək ərəfəsində olduğu bir vaxtda Fransanın məhz “sülhə töhfə” vermək fikrinə düşməsi haqlı suallar doğurur. Məqsəd əlbəttə ki, erməni separatizminə dəstək verən Minsk Qrupunun fəaliyyətini dirçəltməkdir. Bəzi ekspertlər hesab edir ki, Minsk Qrupu ATƏT tərəfindən ləğv edilməyib və onun fəaliyyəti üçün ATƏT hər il yüksək maliyyə ayırır. Azərbaycan bu halda bəyanatlardan işə keçməli, Minsk Qrupunun ləğv edilməsi ilə bağlı ATƏT qarşısında məsələ qaldırmalıdır. Hətta bölgəyə dəfələrlə səfər etmiş faktaraşdırıcı missiyalarının Azərbaycanın kənd və şəhərlərini ermənilərin yer üzündən silməsini gizlətdiyi üçün Bakı onlara qarşı korrupsiya ittihamı ilə beynəlxalq iş də aça bilər. Yəni görünən budur ki, ABŞ və Fransa nə Minsk Qrupunu dirçəltmək, nə ermənilərə dəstək vermək niyyətindən asanlıqla əl çəkmək fikrindədir. Fransanın Qarabağla bağlı hansı forum keçirmək niyyəti də Minsk Qrupunun yeni “ideoloji əsaslarının” hazırlanmasına hesablanıb. Məhz bu səbəbdən hesab olunur ki, Bakı əməli işə keçməlidir.

Bu arada Şuşaya səfirini göndərməkdən müxtəlif bəhanələrlə imtina edən ABŞ-ın Bakı və İrəvana çağırışları yayılıb. “Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh razılaşmasına nail olmağa çağırırıq”. Bu barədə brifinqdə jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Prezident İlham Əliyev və baş nazir Paşinyanın avqustun 31-də Brüsseldə keçirilən görüşünü şərh edərkən deyib. Dövlət Departamentinin mətbuat katibinin müavini deyib ki, ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. İnanmaq istərdi Azərbaycan xalqı və dövləti, amma Şuşadakı beynəlxalq konfransa səfirini göndərməmək faktiki olaraq ərazi bütövlüyümüzə şübhə etmək qənaəti yaradır. 44 günlük müharibədə işğalçını müdafiə edən rəsmi Paris yenidən hərəkətə keçib və təxribatçı addımlarını davam etdirir. Yəqin ki, bütün bu təxribatlara Azərbaycan XİN-in kəskin reaksiyası olacaq. Dia.az-ın məlumtına görə, deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ və özəlliklə də Fransadakı bəlli çevrələrin niyə hərəkətə keçdikləri aydındır: “Təbii ki, burada hayların marağı və onların guya dayanıqlı sülh haqda düşündüklərini söyləmələri birinci halda ikinci planda, ikinci halda isə ümumiyyətlə, cəfəngiyyatdır. Onlar doğrudan da dayanıqlı sülh haqda düşünürlərsə, bura hər iki tərəfin maneçilik törədəcək və eyni zamanda haradasa şantaj xarakterli hərəkətlər etmələri tamamilə əks düşüncədə olduqlarını göstərir. Bununla həmin çevrələrin məqsədinin nə olduğu aydındır. Amma onlar bu regionda az-çox maraqlarının təmin olunmasını istəyirlərsə, onda Azərbaycanın beynəlxalq normalara dayanan istəklərindən çıxış etməlidirlər. Onlar keçmişə dönüb, nəzər salmalıdırlar ki, təhdidlərinə, xəbərdarlıqlarına, yaramaz addımlarına, yəni separatçılara maliyyə dəstəyi və digər yardımlar göstərmələrinə rəğmən, Azərbaycan öz torpaqlarını azad etməyi bacardısa, bundan sonra da beynəlxalq normalara dayanan bütün istəklərini reallaşdıracaq. Çünki Azərbaycanın cənab İlham Əliyev kimi qətiyyətli, prinsipial, qüdrətli lideri və müzəffər ordusu və qardaş Türkiyə var”.

Deputat Brüssel görüşündən bəhs edərkən digər maraqlı məqamlara da toxundu: “Mənə elə gəlir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun məhz Brüssel görüşü öncəsi ölməsində bir rəmzilik görüb, bundan nəticə çıxarmalıdır. İndi o çevrələr ki, çalışırlar Azərbaycanla Ermənistan arasında tezliklə sülh yaranmasına maneçilik törətsinlər, həmin çevrələr Qarabağda hay separatizminin baş qaldırmasında, Ermənistanda azərbaycanlılara qarşı sonuncu etnik təmizləmənin reallaşmasında, 20 Yanvar faciəsində rolu olmuşdu. Məhz onların təsiri, bəzən də təzyiqlərinin, həmin çevrələr tərəfindən həvəsləndirilmənin nəticəsi idi ki, Qorbaçov həm Ermənistanda aparılan etnik təmizləməyə göz yumdu, həm də Qarabağda baş qaldıran hay separatizminə. Eyni zamanda 20 yanvarın törədilməsinə birbaşa özü əmr verdi. Nəticə də artıq göz qabağındadır. SSRİ kimi qüdrətli bir imperiya param-parça oldu. Ona görə də Qorbaçovla eyni çevrələrin təsiri altında olan Nikol Paşinyan bundan nəticə çıxartmalıdır. Əgər Ermənistanın heç olmasa, kağız üzərində olsa belə, dövlət kimi qalmasını istəyirsə, Azərbaycan Prezidentinin irəli sürdüyü və beynəlxalq normalara dayanan sülh təklifi ilə razılaşmalıdır. Cənab Prezidentin özünün də vurğuladığı kimi, bu təklif əbədi olaraq masa üzərində qalmayacaq, onun arxasından nə gələcəyi heç kimə sirr deyil”. S.Alıyevin sözlərinə görə, ümumiyyətlə, Makronun prezidentliyi dövründə Fransanın irəli sürdüyü elə bir təşəbbüs olmayıb ki, o, reallaşdırılsın və qarşı tərəfə hansısa bir divident gətirsin: “Əminəm ki, bunların forum keçirmək təşəbbüsləri də eyni aqibətlə üzləşəcək, Fransanın onsuz da regiondakı zəifləmiş mövqelərinə - yeri gəlmişkən, bu, özünü Azərbaycanla iqtisadi əlaqələrdə, ticarət dövriyyəsində də göstərir - daha da mənfi təsir göstərəcək”.

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, son günlərədək Fransanın hansısa forum təşəbbüsü ilə bağlı məlumat olmayıb: “Bəlkə nəsə düşünürmüşlər, amma bu günə qədər açıqlama verməmişdilər. Əgər belə bir təşəbbüs varsa, Fransa rəhbərliyi bunu rəsmi qaydada, diplomatik kanallarla açıqlamalı idi. Bunlar isə məsələyə yenə də qeyri-ciddi yanaşaraq, ATƏT yanındakı nümayəndəliyi vasitəsilə fikir səsləndirirlər. Ona görə də hesab edirik ki, bu, ya həmin nümayəndəliyin öz təşəbbüsüdür, ya da bu nümayəndəlik Fransa hökumətinin hələ gizli saxladığı təklifi təsadüfən açıqlayıb. İstənilən halda ortaya çıxan bu məlumat Fransanın ABŞ-la birlikdə Azərbaycana qarşı qurduqları məkrli planlardan xəbər verir. Onlar diqqəti əsas məsələdən yayındırmağa, Azərbaycanın Ermənistanın işğalçı qoşunları üzərində qələbəsinə kölgə salmağa, guya hələ heç nəyin həll olunmadığı görüntüsünü yaratmağa çalışırlar”. A.Nağının fikrincə, ABŞ və Fransa özləri də bilirlər ki, artıq hər şey həll olunub, artıq-əskik hərəkətlərə yer yoxdur: “Sadəcə, bu cür təşəbbüsləri ilə Ermənistan cəmiyyətinə azacıq da olsa ümid vermək istəyirlər. Digər tərəfdən, bu iki ölkə regiona təsir imkanlarını tamam itirib, Rusiya onları xeyli üstələdi. Eyni zamanda Türkiyə amili getdikcə güclənir. Ona görə də regiona qayıtmaq, az da olsa, təsir imkanları əldə etmək üçün bütün vasitələrə, o cümlədən erməni faktoruna əl atmağa çalışırlar. Azərbaycan bu şəraitdə mövqeyindən geri çəkilməməli, hansısa yeni formatın, məsələn, forum təşəbbüslərinin həyata keçirilməsinə razılaşmamalıdır. Onların forumuna ehtiyacımız yoxdur, getsinlər forumlarını başqa yerdə, başqaları, ”öz əzizləri" üçün keçirsinlər".

ABŞ-ın Bakı və İrəvana son çağırışına gəldikdə, A.Nağı qeyd etdi ki, bununla, sadəcə, özlərini xoş niyyətli kimi göstərmək istəyirlər: “Doğrudan da, niyyətləri xoşdursa, mövcud reallıqları nəzərə almaqla davransınlar, dediklərinə əməl etsinlər, münaqişənin bitdiyi ilə bağlı reallığı qəbul etsinlər və təxribatçı hərəkətlərə son versinlər!”

“Rusiya Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı predmetli işi davam etdirir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 31 avqustda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupu çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həlli razılaşdırılır.

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın üçüncü görüşünün keçiriləcəyi yer məlum olub. Ermənistanın “Joğovurd” qəzeti xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Belçika paytaxtı Brüsseldə görüşəcək. “Baş nazir müavinlərinin növbəti görüşü Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra 1 ay ərzində baş tutacaq”, - qəzet yazıb. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü avqustun 30-da Moskvada keçirilib.

dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131051