Fransa təşvişdə: “Vaqner” Afrikanı ələ keçirir

2021-09-15 15:20:00

Fransa təşvişdə: “Vaqner” Afrikanı ələ keçirir

Rusiyanın qeyri-rəsmi ordusu Fransanı Afrikadan sıxışdırmaqdadır.

Hurriyyet.az “Azadlıq” radiosunun rusdilli redaksiyasına xəbər verir ki, Fransanın Müdafiə naziri Florans Parli Mali dövlətinin Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə müqavilə imzalaması ehtimalının narahatlıq doğurduğunu bildirib.

Florans Parli bu sözləri Fransa parlamentinin Müdafiə Komissiyasındakı çıxışında söyləyib: “Əgər Mali rəhbərliyi belə bir müqaviləni imzalasa, bu vəziyyət narahatlıq doğurmaqla bərabər, bütün Sahel regionu ölkələrini dəstəkləmək üçün illərlə etdiyimiz və etməyi planlaşdırdığımız hər şeyi puç edər”.

Fransa Parlamentinin Xarici İşlər Komissiyasında çıxış edən Jan-İv Le Drian da “Vaqner” döyüşçülərinin Malidəki varlığının Fransanın regiondakı varlığı ilə bir yerə sığmadığını vurğulayaraq deyib: “Malidə bu cür qrupun müdaxiləsi Malinin regiondakı və beynəlxalq aləmdəki tərəfdaşlarının fəaliyyətinə zidd olacaqdır”.

 

Maliyə 1000 nəfər rus muzdlusunun göndəriləcəyi iddiası.

“Röyters” informasiya agentliyinin verdiyi xəbərdə Malidə hərbi çevrilişin ardından qurulan müvəqqəti hökumət ilə Rusiyanın “Vaqner” qrupu arasında hərbi təlim və mühafizə sahələrində əməkdaşlıq edilməsini nəzərdə tutan sazişin imzalanmaqda olduğu bildirilir. Xəbərdə 1000 nəfərə yaxın hərbçinin Maliyə gedə biləcəyi və bunun qarşılığında ayda 10,8 milyon dollar ödəniş ediləcəyi iddia edilir.

Malinin Müdafiə Nazirliyi belə bir sazişdən xəbərsiz olduğunu, lakin danışıqlara açıq olduğunu bildirsə də, bu iddialar Fransanın regiondan sıxışdırılacağının xəbərçisi kimi qəbul olunur.

Fransa rus muzdlularının Maliyə gəlməsini özünün “qırmızı xətti” kimi qəbul edir. Ekspertlər, belə olduğu halda Fransa hərbçilərinin Malidən qonşu Nigeriyaya köçürüləcəyini bildirirlər.

Fransa 2013-cü ilin əvvəlində Malidəki “Serval” adlı hərbi əməliyyatdan sonra 2014-cü il avqustun 1-də “Barkhane” əməliyyarını keçirmişdi. Barkhane çərçivəsində 5 min nəfərdən artıq fransız hərbçi xidmət edir.

“Vaqner” özəl hərbi şirkəti – Rusiyanın qeyri-rəsmi hərbi bölmələridir, heç bir hərbi idarənin balansında və hüquqi şəxsin qeydiyyatında deyil. Lakin jurnalist araşdırmalarının nəticələrinə görə, “Vaqner”in döyüşçüləri Suriya və Liviyadakı hərbi əməliyyatlarda, Ukraynanın şərqindəki müharibədə iştirak ediblər. Onlar həm də bir neçə Afrika ölkəsində fəaliyyətdədirlər. Xüsusilə də Mərkəzi Afrika Respublikasında güclüdürlər.

“Vaqner” özəl hərbi şirkətinin sponsorunun Vladimir Putinə yaxın olan biznesmen Evgeni Priqojin olduğu deyilir.

Bu ilin avqust ayında Malidə hərbi çevriliş olub, ölkə Prezidenti həbs edilib, parlament və hökumət istefaya göndərilib. Hakimiyyəti ələ keçirmiş xunta özünü Xalqın Xilası Milli Komitəsi adlandırır.