"Fransa bizə təzyiqi artırmağa çalışır" - ELXAN ŞAHİNOĞLU

2023-08-30 13:17:48

"Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər"

"Bu psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Fransa prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır: "Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar. Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər? Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər. Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək. ABŞ-ın özü də Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz".

Elxan Şahinoğlu hesab edir ki, Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər: "Fransanın bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir. Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140645