Fransa Avropa İttifaqında sədrliyə gəlir - “kiçik bacı” siyasəti davam etdiriləcək?
Ermənistanı özünün “kiçik bacısı” (həm də “gəzəyən bacısı”-red.) adlandıran Fransa 2022-ci ilin yanvarından Avropa İttifaqına sədrliyə başlayacaq. Bu, əlbəttə ki, Ermənistan üçün ruhlandırıcı, Azərbaycan üçün isə xoşagəlməz xəbərdir.
Bəs Fransanın sədrlik dönəmi Azərbaycana, xüsusən də Qarabağ kontekstində nə vəd edir, Avropa Birliyi (Avroparlament)-Azərbaycan əlaqələrində yeni katoklizmlər mümkündürmü, yoxsa bu, formal sədr rotasiyası olacaq?
YAP-çı deputat Ceyhun Məmmədov Fransanın qərəzli mövqeyinə davam edəcəyini ehtimal edir: “Hesab edirəm ki, bu proses Azərbaycanın prinsipial mövqeyinə təsir edə bilməyəcək. Bəli, təəssüflə qeyd etmək lazımdır ki, bu gün Fransa ədalətsiz, qərəzli, ikili mövqe nümayiş etdirərək bütün platformalarda Ermənistanın tərəfini saxlamağa çalışır. ”Böyük bacı" anlayışını çox uğurla yerinə yetirir. Baxmayaraq ki, bu ərazilər Azərbaycan əraziləridir. Beynəlxalq hüquqda bu təsbit olunub. Ancaq görünən odur ki, nə Fransa, nə də Ermənistan beynəlxalq hüquqa əməl etmir, ölkəmizə qarşı öz düşmənçiliyini, qərəzini davam etdirir. Fransa anlamalıdır ki, onun bu yanaşması öncəliklə özü üçün zərərlidir. Fransanın daha çox maraqları Azərbaycanda ola bilər. Ölkəmizdə fransız məktəbi, neft-qaz şirkəti fəaliyyət göstərir. Ermənistanda nə var? Bu ölkə Fransaya nə verir?
Ceyhun Məmmədov: “Bütün təxribatların qarşısını almağa çalışacağıq”
Cavab məlumdur. Nəyi var ki, nəsə də versin. Ona görə də, yaxşı olardı ki, Fransa “bacılığını” daha çox müsbət istiqamətə yönləndirsin, Ermənistana düzgün istiqamət versin. Bir sözlə, düşmənçiliyi təbliğ etməsin. Bu siyasətə rəsmi Paris son qoymalıdır. Fransanın Avropa İttifaqına rəhbərliyinə gəlincə, deyə bilərəm ki, bu ölkə rəhbərlik edəcəyi qurum çərçivəsində Azərbaycana qarşı qərəzli münasibətinə davam edəcək. Azından bunu indidən gözləmək lazımdır. Bizim diplomatiya buna hazır olmalıdır. Hazır olduğumuzu da deyə bilərəm. Bütün təxribatların qarşısını almağa çalışacağıq. Hesab edirəm ki, bu istiqamətdə Avropa ölkələrindəki səfirlərimiz, aidiyyəti strukturlarımız aktiv siyasət yürütməli, təbliğatı genişləndirməlidirlər. Bununla ölkəmizə olan bu qərəzli münasibətdən doğan neqativ halları aradan qaldıra bilərik. Düşünürəm ki, Fransa “kiçik bacı” gözündə gördüyü Ermənistanı əslində ağır duruma sürükləyir. Ermənistan özü ağır durumdadır. Rəsmi Parisin məlum mövqeyi Ermənistan ətrafındakı böhranı daha da dərinləşdirir. Erməni xalqı bu vəziyyətdən daha çox əziyyət çəkir. Bir məsələni də qeyd edim ki, regionda Qərbin təsir imkanları kifayət qədər azalıb. Azərbaycan əslində Avropa İttifaqı çərçivəsində çalışdı ki, bu münaqişə həll edilsin. Amma buna nail ola bilmədik. Nəticədə Azərbaycan özü bölgədə bir reallıq yaradıb. Ermənistanın bir daha belə işğalçı addımlar atmasına Azərbaycan, Türkiyə və Rusiya bir daha imkan verməyəcək".
Əhəd Məmmədli: “İşğalçı “Qarabağ Azərbaycandır” reallığına boyun əyməlidir”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də Fransanın mövqeyində dəyişikliklərin olacağına inanmır: “Qarabağ münaqişəsi Azərbaycanın şərtləri altında həll edilməyənə qədər istər Fransa, istər ABŞ, istər Rusiya, istərsə də Avropa Birliyinin digər ölkələri olsun, ölkəmiz üçün həmlələr edəcəklər. Hərəsi öz mövqeyindən, statusundan çıxış edəcək. Fransa da böyük ehtimalla sədrliyi dönəmində Azərbaycanın əleyhinə, Ermənistanın xeyrinə həmlələr edəcək. Amma bu nə qədər təsirli olacaq, artıq başqa mövzunun söhbətidir.
Açığı, düşünmürəm ki, hazırda Fransa regiona o qədər də təsir edə bilir. Təbii ki, milçək bir şey olmasa da, ürək bulandırır. Amma ciddi təsirlərinin olacağını düşünmürəm. Ermənistanın istədiyi kimi Fransa Cənubi Qafqaza təsir edə bilmir. Bundan sonra da bir müddət təsir edəcəyini ehtimal etmirəm. Lakin istənilən halda Azərbaycan “Qarabağ Azərbaycandır” məsələsinə yağlı bir nida qoymalıdır. Ondan sonra Fransa, Rusiya və Amerikanın nə edəcəyi artıq bizi düşündürməyəcək. Hazırda qarşımızda duran əsas məsələ Ermənistanı şərtlərimizlə sülhə məcbur etməkdir. İşğalçı “Qarabağ Azərbaycandır” reallığına boyun əyməlidir".
Akif Nağı: “Fransanın quruma sədrliyi vəziyyəti xeyli gərginləşdirə bilər”
QAT sədri Akif Nağı rəsmi Bakını ayıq-sayıq olmağa çağırdı: “Ermənistanın ”böyük bacısı" Fransanın Avropa İttifaqına sədrlik etməsi elə də ciddi dəyişikliyə səbəb olmayacaq. Bu qurumdan onsuz da yaxşı bir şey görməmişik. Fransanın sədrliyi oradakı anti-Azərbaycan qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi baxımından təsirli ola bilər. Bilirsiniz ki, bu günlərdə Avropa parlamentinin 33 deputatı Azərbaycana qarşı ağlasığmaz ittihamla çıxış edib ki, guya Ermənistana təcavüz etmişik. Bundan başqa Niderland, Belçika, Fransanın özü kimi ölkələr bizə qarşı qərəzli mövqe sərgiləyib. Bu qüvvələr yeni şəraitdə fəallaşa, Azərbaycana qarşı daha sərt çıxışlar edə bilər. Azərbaycan məsələnin bu tərəfini nəzərə almalı, qabaqlayıcı tədbirlər görməlidir. Ermənistan üzərində qələbəmizi Avropa ölkələrinin çoxu həzm edə bilmir. Eyni zamanda, Ermənistanı məğlub durumdan çıxarmağa çalışır. Minsk Qrupunu diriltməyə, üzdəniraq status məsələsini gündəmə gətirməyə cəhd edirlər. Bu incə məsələlərdə Avropa İttifaqının tutacağı mövqe təhlükəli ola bilər. Bu qurumun fəallaşması, rəhbərlərindən birinin - Şarl Mişelin də üçtərəfli görüş təşəbbüsü təsadüfi deyil. Fransanın sədrliyə gəlməsi vəziyyəti xeyli gərginləşdirə bilər. Hər halda Azərbaycan Fransa tərəfindən atılacaq təhlükəli addımlara hazır olmalıdır".
“Yeni Müsavat”