“Forbes”: “Türkiyə ABŞ-ın iki güclü rəqibindən biri olacaq” 

2021-11-26 14:22:00

“Forbes”: “Türkiyə ABŞ-ın iki güclü rəqibindən biri olacaq” 

Hurriyyet.az xəbər verir ki, dünyadanın nüfuzlu nəşrlərindən olan “Forbes” Türkiyənin müdafiə sənayesindəki uğurlarından, dronlarından və pilotsuz quru texnikasından  yazıb. Amerikanın biznes və iqtisadiyyat jurnalı olan “Forbes” nəşri Türkiyənin bu texnologiya sahələrində Amerikanın iki ən güclü rəqibindən biri olacağını qeyd edib.

“Swarm Troopers: How Small Drones Will Conquer The World” (Qoşun dəstələri: Kiçik dronlar dünyanı necə fəth edəcək) adlı kitabın müəllifi Devid Hemblinq “Forbes” jurnalindakı yazıda ABŞ-ın istehsal elədiyi pilotsuz quru texnikasını araşdırıb. Amerika istehsalı olan bu yeni  texnika barəsində uzun açıqlama verən Hamblinq bu hərbi təhcizatlardan təlimlərdə istifadə edilməyə başlandığını bildirib.

Müəllif yeni texnologiya sahəsində ABŞ-a ən ciddi rəqib kimi sadəcə Rusiya və Türkiyə dövlətlərini göstərib.

Rusiyanın pilotsuz quru texnikasından savayı, ABŞ-ın bu sahədə ciddi  yanaşmalı olduğu ikinci rəqibinin Türkiyə olduğunu qeyd edən Hamblinq indi olmasa da, qarşıdakı illərdə Türkiyənin silahlı dronlar kimi, pilotsuz quru texnikası sahəsində də mühüm qüvvəyə çevriləcəyini vurğulayıb: “Gələn il Türkiyə raketlər də daxil olmaqla, bir sıra silah seçmək imkanına malik silahlı pilotsuz quru texnikası istehsal edəcək. Türkiyə son dərəcədə uğurlu silahlı PUA ixracatçısıdır. Türkiyə istehsalı olan silahlı robotlar (pilotsuz quru texnikası) da yaxında Şimali Afrika və digər yerlərdəki müharibələrdə ortaya çıxmağa başlaya bilər. ABŞ-da olduğu qədər mürəkkəb olmasa da, yenə də onlardan müdafiə olunması üçün taktikalar inkişaf etdirilməsi lazım olan təhlükəli yeni rəqib ola bilərlər”.

Türkiyə pilotsuz quru texnikasının kütləvi istehsalına başlayır

Türkiyənin müdafiə sənayesi sahəsində orta və ağır sinifdən olan pilotsuz quru texnikasının kütləvi istehsalı ilə bağlı qərar 9 noyabrda verilib. İmzalama mərasimində çıxış edən Türkiyə Müdafiə Sənayesinin başçısı İsmail Demir demişdi: “Müharibə meydanlarında məqsədimiz qüvvələrimizin düşmənləri qorxuya salan və onları üstələyən bir imkan əldə eləməsi, görünmədən görən, sezilmədən sezən, vurulmadan vuran bir texnikaya sahib olmasıdır”.

Hürr Tərcüman