Saat:01:14
Haqqımızda

"Forbes" İranı bu ölkələrlə müqayisə etdi: Siyahıda Azərbaycan da var...

2025-11-22 22:30:53

İranın köhnəlmiş hava qüvvələri iyunda 12 günlük müharibə zamanı İsrailə qarşı faktiki olaraq gücsüz idi. İranın yaxın qonşularına gəlincə, onların əksəriyyəti daha müasir döyüş təyyarələri ilə təchiz edilmiş hava qüvvələrini artıq yaradıb və ya yaradır. Bu da Tehranı öz hava qüvvələrini təcili modernləşdirməyə məcbur edir.

Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "Forbes" jurnalında dərc olunan məqalədə qeyd olunur.

Məqalədə vurğulanır ki, Azərbaycan noyabrın 8-də Pakistandan aldığı yeni JF-17C Block III döyüş təyyarələrini nümayiş etdirib. Bakı bir çox qabaqcıl xüsusiyyətlərə, o cümlədən mərhələli radarlara malik müasir qırıcılardan 40-nı sifariş edib. Ən son JF-17-lər, həmçinin Çinin PL-15E hava-hava raketlərini görmə qabiliyyətindən kənarda vura bilər. Pakistanın may ayında Hindistanla döyüş zamanı ən azı bir Fransa istehsalı olan "Dassault Rafale" təyyarəsini bu raketlərlə vurub.

"Azərbaycanın PL-15E-yə malik olması və ya alacağı barədə məlumat olmasa da, bu, gözləniləndir. Axı Bakı bu yaxınlarda Çindən HQ-9BE yerüstü strateji zenit-raket kompleksləri alıb" - məqalədə qeyd olunur.

"Forves" yazır ki, İranın ən qabaqcıl döyüş təyyarələri 1970-ci illərdə alınmış Amerika Grumman F-14A Tomcats olaraq qalır. Tehran 1979-cu il inqilabına qədər 79 təyyarə almışdı və onların bəzisi hələ də xidmətdədir. Dövrünün ən müasir təyyarəsi olan, AWG-9 radarı və AIM-54 Phoenix raketi ilə təchiz edilmiş F-14 160 kilometrə qədər məsafədə hava hədəflərini vura bilir.

Bununla belə, bu raketlərin heç biri PL-15E-nin iddia edilən 120 mil məsafəsinə malik deyil.

İranın qərbində Türkiyə də 44 Eurofighter Typhoon seriyası 3A və 4 qırıcının tədarükü üçün yeni müqavilə imzalayıb. Ankara həmçinin bu 4,5 nəsil qırıcılar üçün 120 mildən artıq məsafədə aktiv fazalı sıra antenalı müasir radarlarla təchiz edilmiş Meteor raketləri alacaq. Türkiyə yaxın gələcəkdə 40 ədəd beşinci nəsil Lockheed Martin F-35 Lightning II gizli qırıcı almağı planlaşdırır. Həmçinin özünün TF Kaan qırıcısını təkmilləşdirir.

"Forbes" qeyd edir ki, Səudiyyə Ərəbistanı da F-35 almağa ümid edir. Şahzadə Məhəmməd bin Salmanın Ağ Evə gözlənilən səfəri ərəfəsində Ər-Riyadın 48 qırıcı almaq istəməsi barədə xəbərlər yayılıb. Bu, bir neçə müasir Qərb istehsalı olan təyyarələrə sahib Səudiyyə Ərəbistanının hava qüvvələrini daha da gücləndirəcək.

Son onillikdə qonşu Qətər də böyük bir döyüş təyyarəsi parkı yaradıb. Təxminən 100 Qərb istehsalı olan 4,5 nəsil üç tipli təyyarə: Eurofighter, Rafale və təkmilləşdirilmiş Amerika Boeing F-15QA.

Birləşmiş Ərəb Əmirlikləri 2000-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edənlərdən daha müasir F-16 qırıcıları əldə edən ilk ölkə olub. Əbu-Dabi Trampın birinci müddətinin sonunda bağlanan 50 F-35-in tədarükü ilə bağlı əvvəlki müqaviləni dayandırsa da, 2021-ci ilin sonunda Fransadan 80 ədəd Rafale F4 çoxməqsədli qırıcısı sifariş edib. Bu fransız təyyarələri Meteor raketləri və digər müasir silahlarla təchiz ediləcək. Bu müqavilənin özü İranın 50 il əvvəl F-14A-ların əhəmiyyətli dərəcədə alınması ilə müqayisə edilə bilər.

İranla dostluq münasibətlərini saxlayan Ermənistanda isə Su-25-lərdən başqa, cəmi dörd müasir Su-30SM qırıcı var.