Saat:12:06
Haqqımızda

Finlandiyanın ard-arda 6-cı dəfə dünyanın ən xoşbəxt ölkəsi ünvanını alma SƏBƏBLƏRİ...

2023-03-23 11:55:00

Finlandiyanın ard-arda 6-cı dəfə dünyanın ən xoşbəxt ölkəsi ünvanını alma SƏBƏBLƏRİ...

Xaqani Cəfərli: "Bu uğurunun səbəbini marşal Karl Qustav Emil Mannerheyminin məşhur sözlərində tapmaq olar, həmçinin 38 yaşlı Sanna Marinin 2019-cu ildən rəhbərlik etdiyi koalision hökumətin də böyük rolu var"

"Birləşmiş Millətlər Təşkilatı ən xoşbəxt ölkələrin siyahısını açıqladı. BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi tərəfindən hazırlanan hesabatda ümumi daxili məhsulun səviyyəsi, sosial təminat, sağlam orta ömür uzunluğu, vətəndaşların öz həyatları ilə bağlı qərar vermə azadlığı, xeyriyyə təşkilatlarına yardım imkanı, korrupsiyanın səviyyəsi kimi hallar nəzərə alınıb. Finlandiya yenə birinci yerdədir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Finlandiyanın bu uğurunun səbəbini marşal Karl Qustav Emil Mannerheyminin məşhur sözlərində tapmaq olar: "Finlandiyanın azad xalqların əhatəsində müstəqil həyat yaşamaq hüququ qazanmasında müstəsna xidməti olan marşal Karl Qustav Emil Mannerheym deyirdi: "Müdafiəyə çoxlu pul xərcləməzdən əvvəl insanlar üçün müdafiə edəcəkləri bir həyat yaratmalısınız". Əgər belə olmasaydı, Stalinin əmri ilə 1930-cu ilin 30 noyabrında Finlandiyaya hücum edən 450 minlik qırmızı ordu cəmi 3.5 milyon nəfər əhalisi olan Finlandiyanı bir neçə günə tam işğal edəcəkdi. Finlər itirməkdən qorxduqları həyat tərzini qırmızı ordunu çox ağır itkilər verməyə məcbur edərək qorudular. Marşal Mannerheymin arzuladığı dəyərli həyat tərzini Finlandiya dünyada ən yüksək səviyyəli təhsil sistemi qurmaqla yaradıb. Avropa Yenidənqurma və İnkişaf Bankının sifarişi ilə aparılmış təhqiqatın sonunda Banka verilən tövsiyyədə qeyd edilirdi ki, Finlandiyanın təhsil sistemi Avropa ölkələrinin hamısında tətbiq olunsa, Avropa İttifaqının Ümum Daxili Məhsulu 15 faiz arta bilər. Avropa İttifaqının ÜDM-i 17.2 trilyon dollardır".

Xaqani Cəfərli əlavə edib ki, Finlandiyanın ard-arda altıncı dəfə dünyanın ən xoşbəxt ölkə ünvanını almasında 38 yaşlı Sanna Marinin 2019-cu ildən rəhbərlik etdiyi koalision hökumətin də böyük rolu var: "Bu koalision hökumət isə beş qadın liderin başçılıq etdiyi beş partiya tərəfindən qurulub. Dünyanın ən xoşbəxt ölkələrinin ön sıralarında əsasən Skandinav ölkələri yer alıb. Skandinav ölkələrinin batdığını bəyan edən Rəcəb Tayyib Ərdoğanın son 21 ildə idarə etdiyi Türkiyə isə xoşbəxt ölkələrin siyahısında 137 ölkə arasında 106-cı yerdədir. Türkiyədə 144 mini 6-9 yaş, 75 mini 10-13 yaş, 457 mini 14-17 yaş arasında olmaqla 676 min uşaq təhsildən kənardadır.  Siyasi islamçı Talibanın məktəbləri qızların üzünə bağladığı Əfqanistan isə xoşbəxt ölkələrin siyahısında sonuncu, 137-ci yerdədir. Çox təəssüf ki, bu ibrətamiz hesabat siyasi islamçıların və avtoritarizm pərəstişkarlarının daşlaşmış düşüncələrini dəyişmək iqtidarında deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR