Fəzail Ağamalı tənqid olunan yağ-qənd sovqatından danışdı: "Yardım etdiyim saytlar..."

2022-06-02 23:55:00

Fəzail Ağamalı tənqid olunan yağ-qənd sovqatından danışdı:

Deputat Fəzail Ağamalının aztəminatlı ailəyə göndərdiyi sovqat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Deputat seçicisi olan Salyanın Həsənli kənd sakini, çoxuşaqlı, aztəminatlı Süleymanova Sevincin ailəsinə köməkçisi Xidmət Orucov vasitəsilə ərzaq payı göndərib. Sovqatda 2 kq şəkər, 2 kq düyü, 2 kq yağ göndərildiyi deyilir. İzləyicilər deputatın sovqatı ictimailəşdirməsini kəskin tənqid ediblər.

Bununla bağlı Cebhe.info-ya danışan Fəzail Ağamalı sosial hesabını özü deyil, köməkçisinin idarə etdiyini bildirib:

"Mən Bakıda deyiləm. Köməkçimin yardım etməyindən mənim xəbərim olmayıb. Bu, növbəti yardım kimi edilib. Sadəcə digər köməkçim Həcər xanım da mənim icazəm olmadan sosial şəbəkədə bunu paylaşıb. Xəbər tutan kimi reaksiya verib köməkçilərimə bildirdim ki, mən bu cür paylaşımın tərəfdarı deyiləm. Sonra tapşırıq verdim ki, paylaşımı mənim səhifəmdən çıxarsınlar. Ümumiyyətlə, Milli Məclisdə deputat olduğum zaman kəsiyində seçicilərim və onların qaldırmış olduğu məsələlərə hər zaman həssas münasibətim olub, yanlarında olmağa çalışmışam. Lakin bütün bunların sosial şəbəkələrdə, səhifələrdə verilməsinin tərəfdarı olmamışam". 

Deputat bütün olanlara baxmayaraq, bu cür yardımların edilməsinə həmişə müsbət yanaşdığını deyib: 

"Çünki hər birimiz imkan daxilində ehtiyacı olanların yanında olmalıyıq. Bu, mənim dəyişilməz mövqeyimdir". 

Parlament üzvü qeyd edib ki, bu cür xəbərləri tirajlamaq sosial şəbəkələrdə vahid bir mərkəzdən idarə olunmuş şəkildə gündəmə gətirilir və onda təbəssüm doğurur.

Deputat bildirib ki, hətta onun yaxın münasibətlərdə olduğu, yardım etdiyi saytlar da bu xəbəri verməyə başlayıb. 

Şəlalə Babayeva 
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya