Fazil Mustafadan Vahid Əhmədovla bağlı açıqlama
Təxminən 1 ay öncə yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa musavat.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Fazil bəy, durumunuz nə yerdədir, müalicəniz necə gedir?
- Müalicəm ev şəraitində davam edir. Hesab edirəm ki, müalicəm həkimlərin müəyyən etdiyi prosedur qaydalarına uyğun gedib. Demək olar ki, yaxın günlərdə qismən reabilitasiyaya başlayacam. Qolumun, çiynimin müəyyən dərəcədə hərəkətliliyini təmin etmək üçün əsas reabilitasiya prosesi 25 gündən sonra başlayacaq. Ondan sonra rahat şəkildə proseslərə qoşula biləcəm. Təbii ki, o müddət ərzində gündəlik də müalicəmi, reabilitasiyamı davam etdirəcəm. Hazırda dərman qəbul etmirəm. Yaralarıma da hər hansı bir şəkildə sarğı qoyulmur, artıq açılıb. Bu da sərbəst hərəkət etməyimə imkan verir. Normal yeriyirəm, sadəcə ayağımın bükülməsində problem var. Onu da gündəlik hərəkətlərlə aradan qaldırmağa çalışacam ki, hərəkətim tam bərpa oluna bilsin.
- Təxminən hansı müddətə iş başına qayıda biləcəksiniz?
- İş başına dönməyim çox güman ki, mayın 20-dən sonraya təsadüf edəcək. Yəni artıq həm Milli Məclisdə fəaliyyətimə davam edəcəm, həm də ictimai-siyasi fəaliyyətimi davam etdirəcəm. Əhalinin qəbulu və s. məsələlərdə bilavasitə özüm iştirak edəcəm.
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycana hansı üstünlükləri vəd edir?
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr sənədindən sonra Azərbaycanın atdığı ən mühüm addımlardan biridir. Azərbaycanın nəzərdə tutduğu Qarabağ mübarizəsinin ən əsas mərhələsinin yekunudur. Bundan sonrakı mərhələ bizim daha diplomatik və daha siyasi çeviklik tələb edən addımlarımızı ehtiva edir. Məncə, Azərbaycan bu istiqamətdə elə davranmalıdır ki, hansısa bir şəkildə siyasi və diplomatik səhvlər ortaya çıxmasın. Tədricən erməni probleminin həlli ilə bağlı, terrorçuların zərərsizləşdirilməsi, orada olan əhalinin sənədləşmə probleminin həlli, onların müəyyən dərəcədə Azərbaycan vətəndaşlığına dəvəti ilə bağlı müxtəlif proqramların gerçəkləşdirilməsi kimi bir-birini təqib edən məsələlər ortaya qoyulmalıdır.
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması başlanğıc üçün ən vacib addım idi. Azərbaycan bu addımı kifayət qədər səbr və cəsarətlə atmış oldu. Burada bizim ekoloji aksiyanın müəyyən nəticəsi də ortaya çıxır. Öncədən əsası qoyulan siyasətin ağıllı olması doğru nəticələrə gəlib çıxmağa imkan yaradır. Bu bizim əldə etdiyimiz ən doğru nəticələrdən biridir və bunu möhkəmlətməliyik.
- Sizcə, "Xankəndi əməliyyatı" nə vaxt və hansı formada keçirilə bilər?
- Məncə, bu gün hər hansı bir şəkildə "Xankəndi əməliyyatı" barədə danışmaq yenə də "Niyə Xankəndidə bayrağımızı dalğalandırmırıq?" deyə bir tələb irəli sürməyə bərabər tələskən və bir az da müəyyən dərəcədə hadisələri qabaqlamaq xarakteri daşıyan addımdır. Artıq biz hansısa məntəqə üzərindən bir tələb, istək ortaya qoymamalıyıq. Biz proses üzərindən istək ortaya qoymalıyıq. Əgər biz cəmiyyət tərəfindən Xankəndidə bayrağın dalğalanmasından danışırıqsa, Laçın postunda Azərbaycanın tam suverenliyini bərpa edərək, nəzarət-buraxılış məntəqəsinin yaranmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti bizdən daha yaxşı, daha dəqiq görür ki, prosesin hansı mərhələsində Xankəndi problemini qaldırmaq daha doğru olacaq. Ona görə də biz öz davranışımızla prosesləri qətiyyən tələsdirməməliyik. İmkan verməliyik ki, ardıcıllıqla və məqsədəuyğun şəkildə, diplomatik maneələrlə qarşılaşmadan prosesləri həll etmək mümkün olsun. Hesab edirəm ki, bunu da həll edəcəyik. Proses ona doğru gedirsə, nəticəni hər dəfə xatırlatmaq yaxşı hal deyil. Ola bilsin ki, Xankəndidə bayrağımızın dalğalanması bir az yubanacaq, bəlkə bayrağımızı Sərsəngdə dalğalandırmaq daha vacibdir? Ona görə də nəyin hansı prosesdən əvvəl olmasını söyləmək işimizi bir az çətinliyə sala bilər. Bunu nəzərə almalıyıq.
- Parlamentin İntizam Komissiyasına Vahid Əhmədovla bağlı tapşırıq verilib. Əhmədov məlum fikirlərinə görə deputat mandatından məhrum edilə bilərmi?
- Düşünürəm ki, hər hansı bir fikrin səslənməsi deputat mandatından məhrum olmağa gətirib çıxara bilməz. Məsələ İntizam Komissiyasına göndərilib və orada da müzakirə olunacaq. Milli Məclis demokratik ənənələri olan bir qurumdur. Orada müzakirə olunur, izahat alınır, fikirlər bir daha dəqiqləşdirilir. Ondan sonra qanunvericiliyə uyğun qaydada bir nəticə ortaya qoyulur. Əgər bunlar yoxdursa, hər hansı bir şəkildə mandatdan danışmaq yanlışdır. Burada mandatın alınmasına gətirib çıxaracaq heç bir əsas görmürəm. Ümid edirəm ki, İntizam Komissiyası normal müzakirələr keçirib qanunauyğun şəkildə, hansısa problem yaranmadan, obyektiv şəkildə öz qərarını verəcək. Hər halda ictimaiyyətə də bu barədə məlumat veriləcək. \\Pravda.az