Fazil Mustafa: “Prezidentin söylədiklərinin ürəksiz məmurlara təsir edəcəyini düşünmürəm”

2022-01-15 12:48:00

Fazil Mustafa: “Prezidentin söylədiklərinin ürəksiz məmurlara təsir edəcəyini düşünmürəm”

“Biz dövlət sərhədini delimitasiya ertməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq”

Deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ölkə gündəminin vacib mövzuları ilə bağlı Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

-Fazil bəy, son günlər davamlı şəkildə bağçalar, məktəblərlə bağlı neqativ məlumatlar, şagirdlər arasında bıçaqlanmadan tutmuş, müəllim və tərbiyəçilərin uşaqlara qarşı zorakılığınadək ən müxtəlif məlumatlar, video-faktlar yayılır. Nə baş verir? Zorakılıq hallarının bu sektora da sirayət etməsi nədən xəbər verir? “Nə etməli” sualına cəmiyyətin aydınlarından biri kimi cavabınız varmı?

 -Bütün sahələrdə baş verən zorakılıq elementləri cəmiyyətdə sosial şərtlərin ağırlaşması, pandemiyanın psixoloji basqısı, insanların düşüncə olaraq yeni dünya düzəninə hazır səviyyədə yetişdirilməməsi və mədəni səviyyənin ildən-ilə aşağı düşməsi ilə bağlıdır. Biz, sadəcə statistik mənada dəyəri olan adam üzərində müzakirələr aparırıq, şəxsiyyət-insan anlayışı isə hələ də arxa plandadır. Təhsilimizin də məqsədi rəqəmlərdə ifadə olanan ballar, attestatdakı qiymətlər, adambaşı nəticələr üzərindən müəyyənləşir. Bu səbəbdən də məktəbdə bir sinif otağında 30-35 şagirdin dərs keçməsi adi haldır, bağçada yer defisiti, məktəbəqədər hazırlığın ciddi effektinin və maddi bazasını zəif olması zəruri rəqəmləri cədvəllərdə doldurmaq istəyənlər üçün ciddi narahatçılıq yaratmır. Zorakılığa meyilli şəxsləri bizim ailə mühitimiz və yanlış məqsəd üzərində qurulmuş təhsil sistemimiz yetişdirir. “Narkotikanın, zorakılığın, savadsızlığın tüğyan etdiyi məktəblərimizi necə xilas edək?” sualını hamımız ilk növbədə öz qarşımıza qoymalıyıq. Müəllim də ayrı planetdən gəlməyib, evdə tərbiyə olunmayan uşağın islahını 1-2 saat onunla təmasda olan müəllimin öhdəsinə buraxıb, yaxasını kənara çəkən valideynlər də bu məsuliyyətin altında özlərini hiss etməlidirlər. İnsan rifahı, sağlam insanlıq dəyərləri cəmiyyətin bütün qatlarına yayılmadıqca neqativ tendensiya bu cür də davam edəcək.

 -Bir vaxtların “qızını döyməyən dizini döyər”, yanaşmasının hansı fəlakətlərə gətirib çıxardığını hamılıqla müşahidə edirik, ailədaxili münaqişələr, boşanmalar, qətllər...İndi də “şagirdi döymək olar, ya yox” sualı ətrafında polemika gedir. Sizcə, dolayısı ilə zorakılığı təşviq edən bir müzakirələrin aparılmasının özü belə, yanlış deyilmi?

 -Müzakirə aparmaq ən vacib şərtdir. Əksinə, problemləri gizlətmək sonradan daha ağır nəticələrə yol açır. Əlahəzrət hüquq deyir ki, birmənalı şəkildə şagirdi döymək olmaz. Ancaq eyni zamanda müəllimi də əsəbləşdirib bezdirmək, təhsildən iyrəndirmək, öldürmək olmaz. Müəllim bu cəmiyyətin ən böyük dəyəridir. Ən aşağı səviyyəli müəllim belə, faydalı olan nəyisə insana öyrədirsə, demək bu, başqa peşə sahiblərindən fərqli insandır. İnsanın beynini sağaldan müəllim, eləcə də canını sağaldan həkim xüsusi kateqoriyadan olan insanlardır. Elə buradaca bir suala da cavab verək: bəs müəllimi şagirdlərin qarşısında dəyərsizləşdirəndə nə baş verir? Şəxsən mən müəllimdən xahiş edirəm ki, övladımı ərköyünləşdirmə, ona qarşı ən sərt qaydada tələbkar ol. Tələbkarlığın ən axmaq yolu uşağı döyməkdir, ağıllı müəllim niyə bunu etsin ki? Ötənlərdə bir məclisdə təsadüfən tanış olduğum dəyərli bir xanım direktorla söhbətləşdim, inanın ki, neçə gündür onun kədərli sözlərini unuda bilmirəm. İllər boyu minlərlə uşağa vicdanla təlim-tərbiyəyə vermiş bu müəllimi bilirsiniz vəzifəsindən necə uzaqlaşdırıblar? 70 yaşının tamam olmasına bir ay qalmış mədəni məcburiyyət üsulu ilə işdən çıxmaq barədə ərizəsini alıblar. Bir fədakar direktorun 70 yaşını qeyd edib gül-çiçəklə yola salınmadığı mühitdə müəllimin dəyərini qaldırmaq əsla mümkün deyildir.

Zorakılıq düşüncə həyatının çöküşü ilə, dialoq mühitinin yoxluğu ilə bağlı təzahürdür. Bu halda insanın özünü ifadəsi üçün zorakılıq, dözümsüzlük daha çox qabarmış olur. Siz müəllimə yüksək maaş və layiq olduğu dəyəri verin, inanın ki, o, hər bir şagirdin sevgisini qazanmaq üçün anadan, atadan da artıq məsuliyyətlə səy göstərəcəkdir. Heç bir müəllim keyfindən repititorluq etmir. O da hamı kimi ailəsinin yanında dərsdən sonra normal istirahəti arzulayır. Yoxsuldursa, imkanı çox aşağıdırsa, öz sosial qayğılarını məktəbə daşımalı olursa, gülərüz və qayğıkeş müəllimi ancaq robotdan hazırlaya bilərsiniz.

 -Fazil bəy, Prezident ölkə jurnalistlərinə son müsahibəsində çox mühüm məsələlər toxundu, bu sırada məmurlara yönəlik xəbərdarlıqlar da var idi. Təcrübədən çıxış etsək, dövlət başçısı adətən, sözü təsadüfən demir, nəticə olmursa, ardınca konkret addımlar gəlir. Necə bilirsiniz, məmurlar öz fəaliyyətlərinə düzən verəcəklər, yoxsa, həbs dalğasının növbəti mərhələsinin şahidi olacağıq?

 -Prezidentin ürək yanğısı ilə söylədiklərinin ürəksiz məmurlara təsir edəcəyini düşünmürəm. Prezidentdən öncə Allah onlara söyləmiş ki, vicdanlı olun, vəzifəyə Yaradanın neməti kimi baxıb, onun rizasını qazanmaq üçün çalışın. Allahı eşitməyənlər prezidenti haradan eşidəcəklər? Acınacaqlı odur ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Sadəcə görünüş olaraq “rüşvət almıram”, deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur. Hər nə qədər dürlü-dürlü qanunlar qəbul ediriksə, ictimai nəzarəti təmin etmək mümkün olmur. Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. “Niyə ona olar, mənə olmaz” mühakiməsi ilə davranmağa meyllənənlər çoxalır. Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur. İcra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır. Biz dövlət sərhəddini delimitasiya ertməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq.

- Ölkə başçısı Ermənistana da xəbərdarlıq etdi və sülh müqaviləsinin imzalanması üçün ərazi bütövlüyümüzün tanınmasının vacibliyini xatırlatdı. Eyni zamanda sülhməramlılarla bağlı olduqca vacib fikirlər səsləndi. Qarşıdakı dönəmdə nə gözləyirsiniz, Ermənistan nəticə çıxaracaqmı və yaxud sülhməramlılar üçün sonuncu sarı vərəqə xarakterli olacaqmı bu çıxış?

- Prezidentin prosesə ilk başdan sistemli və məqsədyönlü yanaşması var. Ermənistanla bağlı mərhələli şəkildə Azərbaycanın mövqelərini dilə gətirir və nəzərdə tutduğunu da addım-addım gerçəkləşdirir. Sərhədlərin müəyyənləşməsi də olacaq, Zəngəzur dəhlizi də. Bütün proseslər bunu işarə edir. Bəzən Rusiya sülhməramlıları öz funksiyalarına uyğun davranmırlar və bu da prezidentin diqqətindən qaçmır. Onların da doğru davranış çərçivəsini xatırlatmaqla statuslarının müvəqqəti olduğuna işarə edir. Sülhməramlılar erməni maraqlarına uyğun davranışların bədəlini hər an ödəyə bilərlər.

- Yeri gəlmişkən, Rusiya sülhməramlıları bir çoxlarının gözlədiyinin əksinə olaraq Qazaxıstandan çıxmağa başladılar. Sizcə, bunun əsas səbəbləri nədir? Belə olan təqdirdə onların Qarabağa “vurğunluğu” suallar doğurur...

- Qazaxıstanla Qarabağın müqayisəsi fikrimcə, uyğunsuz görünür. Qazaxıstan müstəqillik qazansa da, Rusiyanın burada indiyədək hərbi hissələri və Baykanurda icarə əsasında kosmik uçuş mərkəzi mövcud idi. Azərbaycanda Rusiyanın sonuncu azsaylı hərbi qruplaşması Qəbələ RLS-dən çıxarılıb. Qazaxıstana KTMT-nın sülhməramlı qüvvələrinin çağırılması daxil iğtişaşlarla əlaqəli idi və burada həmin adla uzun müddət qalmanın hüquqi əsaslandırması mümkün deyildi. Azərbaycan isə xarici ölkənin işğalına son qoyarkən sülhməramlıları dəvət etdi ki, işğalçı qüvvələrin qalıqlarının gələcək birgəyaşayışa yönəlməsi mərhələsinin hazırlanması mümkün olsun. Burada qalan ermənilər əgər Azərbaycanın təklif etdiyi birgəyaşayış layihəsinə müsbət yanaşmasalar, o halda sülhməramlı adı ilə burada barınmağı əsaslandırmaq Rusiya üçün elə də asan olmayacaq. Cığallıq olduğunda, Azərbaycan öz ərazisində qarşılıqla yardım haqqında müqaviləsi olan Türkiyə ilə birlikdə hərəkət edəcək. Fikrimcə, Rusiya Qazaxıstana bu formada girişlə tarixi bir yanlışa imza atıb, qısa bir zamanda tələyə düşəcəyini anlayıb və dərhal buradan çıxmağa qərar verib.

- Amma görünən budur ki, Kreml sanki nəbz yoxlanışı həyata keçirdi bu günlərdə. Hətta Özbəkistana diş qıcanmasının da şahidi olduq və Daşkənddən, birinci şəxs səviyyəsində kəskin reaksiya gəldi. Sizcə, postsovet məkanındakı bu müqavimət artacaqmı, yoxsa Rusiya növbəti revanşa hazırlaşacaq?

- Orta Asiyada dövlətçilik ənənəsinə görə ən oturuşmuş dövlət Özbəkistandır. Əhali resurslarına və iqtisadi imkanlarına görə Özbəkistan xarici müdaxiləyə qarşı daha ciddi dirəniş imkanlarına sahibdir. Son vaxtlar bu ölkədə ciddi iqtisadi islahatlar gedir və bu da hərtərəfli inkişaf üçün zəmin yaradır. Haqlı olaraq bu ölkənin rəhbəri müstəqilliyin dönməzliyi kursunu kənardan müdaxilə həvəsində olanlara sərt şəkildə xatırlatdı. Qazaxıstana giriş formal da olsa, KTMT üzvü kimi legitim hakimiyyətin çağırışı ilə baş tutmuşdu, Özbəkistan üçün belə bir bəhanənin icad edilməsi Rusiya tərəfindən çox məntiqsiz və ağılsız davranış olar.

- Necə bilirsiniz, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması hələ tez deyildimi?

- Əksinə, bu münasibətlərin normallaşması gecikir. Bizim üçün də Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması arzuolunandır. Çünki türk düşmənçiliyi xəstəliyindən qurtuluşu üçün bu dövlətin məhz Türkiyəyə açılımı vacibdir. Türkiyədə erməni rahat yaşadığı halda, Ermənistanda türk adı ilə kimsənin yaşaması mümkün deyil. İndi bu vəhşi cəmiyyətin insanlıq dəyərlərinə qaytarılması üçün ilk islahedici funksiyanı Türkiyə öz üzərinə götürməlidir. Onsuz da Türkiyə bazarına qanunsuz yollarla daxil olan ermənilər öz ölkələrinə çörəkpulu aparırlarsa, demək ki, inteqrasiyadan başqa alternativləri yox səviyyəsindədir. Bu, Azərbaycanla normal qonşuluq münasibətlərin qurulmasına zərurəti də özlüyündən yaradacaq.

-Gələn həftədən etibarən yaz sessiyasının komitə iclasları başlanır, qanunverici işlər planı müzakirə ediləcək. Sizin bu sessiya üçün təklifləriniz nədən ibarətdir?

- Əslində xeyli müddətdir qanunvericiliklə bağlı təkliflər üzərində çalışmıram. Faktiki olaraq deputatın qanunvericilik təşəbbüsü hüququ sıradan çıxarılıb. Elə dolayı mexanizmlər düşünülüb ki, deputat ayrılıqda qanunda dəyşiklik təşəbbüsü ilə çıxış etmək imkanını itirib. İrəlidəki sessiyada daha çox sosial gərginliyin azalması, əhalinin gəlirlərinin artırılması, sahibkarlığa qarşı məqsədyönlü əngəllərin aradan qaldırılması ilə bağlı təkliflərim olacaq. Qarabağın bərpası, məhkəmə və idarəetmə islahatları ilə bağlı ciddi fikirlərim var və növbəti sessiyada fəaliyyətimi bu istiqamətə yönəltməyi düşünürəm.

- Gözlənilən təkrar seçkilərə partiya olaraq qatılmaq və əlavə yer qazanmaq istəyiniz varmı?

- Boş qalmış yerlərə seçkilər təyin olunduğu təqdirdə partiyamız iştirak etməyə çalışacaq. Bütün dairələrdə olmasa da, şanslı namizədlərimizin qalib gələ biləcəyi dairələrdə iştirakımız nəzərdə tutulur. Seçkilərlə bağlı məsələlər vaxt dəqiqləşəndən sonra Böyük Quruluş Partiyasının ali orqanında müzakirə olunacaq və partiyamızın maraqlarına uyğun qərar qəbul olunacaq.

 - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsinə münasibətiniz necədir?

- Hər hansı bir partiya və ya media təmsilçisinin həbsdə olması arzuolunan deyil. Ancaq siyasətlə məşğul olan insanlar da çıxışlarnda, başqa vətəndaşlara münasibətdə, cəmiyyət üçün həssas mövzularda daha məsuliyyətli davranmağa borcludurlar. Sözügedən məhkəmə qərarı artıq siyasətin predmeti deyil, birbaşa hüququn predmetidir. Qarşıda yuxarı məhkəmə instansiyaları var, buyurub şikayətlərini təqdim etsinlər, əgər azadlıqdan məhrumetmə qərarında hansısa uyğunsuzluq varsa, ümid edirəm ki, apellyasiya məhkəməsi obyektiv araşdırıb münasibətini ortaya qoyar.

Musavat.com