Saat:20:58
Haqqımızda

Fars şovinisti səlib dünyasından min qat məkrli və təhlükəlidir - FİRUZ HAŞIMOV YAZIR

2024-11-25 18:54:03

Fars şovinisti səlib dünyasından min qat məkrli və təhlükəlidir - FİRUZ HAŞIMOV YAZIR

Onlar üçün şiəlik, ümumiyyətlə din, bəd niyyətini ört-basdır eləmək üçün gözəl şirmadır...

1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum edəndə kommunist rejimi bütün ölkəni səfərbər edə bildi. Əksər qələm sahibləri də əsgər libası geydilər, vətənpərvərlik təbliğatı ən yüksək səviyyəyə qaldırıldı. O dövrün ən populyar qələm sahiblərindən biri, İlya Erenburq əsgərlərə müraciətləri bu sözlərlə başlamışdır:  - Vur, qarşındakı insan deyil, uşaq, qoca, qadın qatilidir, bəşəri mədəniyyətin düşmənidir!

O odlu, alovlu illərdə sovet yazıçı və şairlərinin işıq üzü görmüş yazılarının çoxunu oxumuşam. Bir başdan sovdu xaltura yazıya rast gəlməmişəm. Bir əsrə yaxın vaxt keçib, yazılmış şeirlər, bəstələnmiş mahnılar indi də səslənəndə nəhəng stadionlar, salonlar ayağa qalxır. Mən 60-cı illərdə Rusiyada bəstələnmiş mahnılardan danışmıram, bu tamam başqa aləmdir.

Erməni nasistlərinin Azərbaycanda nələr törətdiklərini hamı bilir. Qafqazın tarixində hələ görünməmişdi ki, məzarlar yerlə yeksan edilsin, ağaclar kəsilsin, mehrablar murdarlansın. Şeyx Şamil hərəkatı yatırılanda qaniçən general Yermolov öz ordusu ilə çox rəzalətlərə qol qoymuşdu. Amma Qarabağda baş verənləri qələmə almaq mümkün deyil. Heç kimdən qorxmadan, çəkinmədən deyirəm, müdhiş cinayətlərin ört-basdır olunmasında bizim qələm sahibləri, siyasətbaz lotular hamıdan çox canfəşanlıq etdilər. Sanki bunlara əmr verilmişdi, qan qisasından, intiqamdan az danışın, tolerantlığınızdan nə qədər istəsəniz basıb bağlaya bilərsiniz. Elə belə də oldu! İtib-batanların dəqiq sayı bəlli deyil, sutenyorlar millətin qızlarını o ölkə qalmayıb ki, orada aparıb satmasınlar. İşğal zamanı evlər nəinki dağıdılıb, onlarda ağacdan metaldan nə varsa, hər şey sökülüb aparılıb,  üzümlüklər, relikt ağaclar mişarlanıb,  daha nələr...

Mən bədbəxt də düşünürdüm ki, anarlara, elçinlərə, ruspərəst mənsəb sahiblərinə xoş gəlmək xatirinə müstəmləkə ədəbiyyatı xadimlərini vəsf edənlər utanıb bir baş cəbhəyə yollanacaqlar. Kimə deyirsən? Heyif deyil telekanal? “Cici-bacılarının” köməyi ilə çıx telekanala və başla milli qeyrətdən gəvəzələməyə, iki-üç verilişdən sonra dəbə düşəcəksən. Cavanlar da düşünəcəklər ki, millətin yeganə haqq bağıran səsi sənsən.

...İşimiz əvvəldən tərs gəlib. Deyilənlərə görə, Arazdan cənubda otuz milyondan çox soydaşımız yaşayır. Burada, satqın övladlarının binamus əməlləri sayəsində Azərbaycan qana qərq olanda, cənubda olanların birinin də tükü tərpənmədi. Hamı düşünürdü ki, on minlərlə fədai Arazı adlayacaq, “qardaş, çəkinmə, səninləyəm, gəldim”,- deyərək erməni qatillərinin üzərinə cumacaq. Arazın o biri sahilində əl-qol oynadan beş-on nəfərin qışqırığını, Təbriz stadionunda azarkeşlərin nərəsini biz kömək kimi başa düşdük, sevindik. Çox keçmədi, onu gördük ki, ermənilərin dəvəti ilə işğal olunmuş şəhər və kəndlərimizə girən “əziz” soydaşlarımız talan və taraca başladılar. Alınan ərzaq və hərbi sursatın yerinə ermənilər soydaşlarımıza hər şeyi soyub aparmaq icazəsini verdilər. Biz fədailəri gizləyirdik, onların yerinə evimizə maradyorlar girdilər. Narkotika da az qala tonlarla daşınırdı... Bu da qardaşlıq köməyi!   

Məhərrəm ayında güney Azərbaycanın elə şəhəri kəndi yoxdur ki, orada böyük mərasimlər keçirilməsin, novhələr, mərsiyələr oxunur, sinə vuranların sayı-hesabı olmur. Burada, şimalda Kərbəla şəhidlərinə matəm saxlayıb hər cürə ayin yerinə yetirən oğullar kişi kimi sözlərini dedilər. Tariximizə qızıl səhifələr yazdılar.

Min ildən çoxdur ki, Kərbəlada qətlə yetirilmiş imam övladı balaca Ələsgərin matəmini saxlayırıq. Dinimizin, Vətənimizin qanlı düşmənlərini bağırlarına basıb onlara çörək verən, başlarını tumarlayan, İranın əmmaməli ağalarına müraciət edirəm! Azərbaycanda neçə min körpə uşağın, yeniyetmənin, ermənilərin əli ilə qətlə yetirildiyini bilirsiniz. Bunların hamısı müsəlman balaları idi! Özünüzü elə göstərirsiniz ki, guya Fələstinin təəssübünü çəkirsiniz. Bu dəqiqənin özündə bu bədbəxt ölkənin özü də, xalqı da yer üzündən silinməkdədir. Livan da tar-mar edilir... Sərvətləri başlarından aşan ərəb şeyxlərinin, əmrlərinin də heç nə veclərinə deyil. Daha dəqiq desək, çəkinirlər, qorxurlar, əfsanəvi ərəb şücaətindən, fədakarlığından əsər-əlamət qalmayıb. Günahkar xalqlar yox, onları zaman-zaman dirçəlməyə qoymayan avantürist liderlər türk övladına patoloji nifrət bəsləmiş məzhəb dəllallarıdır. İordaniyanın, Suriyanın halına baxırıq, bunlarda o qüdrət haradadır ki, İsrailin hərb maşını qarşısında dursun?! İpləmə Qəzzafi Liviya kimi zəngin ölkəni bəla girdabına saldı. Səddam o qədər zinakarlıqlar göstərdi ki, axırda öz doğma şəhərində boğazından asılanda bir müsəlman lideri qımıldanmadı.

Nə diletantam, nə də tarix dərsindən aşağı qiymət almışam. Məşrutə hərəkatından üzü bu yana başımıza gələnlər sübut etdi ki, fars şovinisti sionistlərdən, bütün səlib dünyasından da min qat məkrli və təhlükəlidir. Fars şovinisti üçün şiəlik, ümumiyyətlə din, bəd niyyətini ört-basdır eləmək üçün gözəl şirmadır.

...Məşhur şair Konstantin Simonov şeirlərində daha sərt idi. O, harada olursa olsun, almanın məhv edilməsini tələb edirdi. Bu qədər dəhşətlərdən sonra biz mərd-mərdanə nifrətimizi dilə gətirməkdən çəkinirik. Guya biz rusdan, ermənidən əlavə bir düşmən də qazanmaq istəmirik. Bizim kommunist tarixçilərimiz, sosializm quruculuğundan, Leninin milli siyasətindən, beşillik planlardan və s. bu kimi axmaq mövzulardan, qalın-qalın kitablar yazıb, fəxri adlar alanda farspərəst, qələm sahibləri də keçmişimizi çirkaba batırıb səltənət sürmüş xanədanlarımızı hörmətdən salırdılar.  Şovinist farsların niyyətləri Moskva irticasının arzuları ilə üst-üstə düşürdü. Gədalıq o qədər qanımıza, iliyimizə sirayət etmişdi ki, sovet senzurası zəifləyəndə, hətta hürriyyət qazandığımız illərdə belə, bizim ziyalılar ortaya bir abırlı əsər qoya bilmədilər. Elə bu günlərdə birinci telekanalda “Qatır Məmməd” kimi binamus filmin göstərilməsi sübut etdi ki, qərinələr boyu lakey kimi yaşamağa elə öyrənmişik ki, kimləri alçaldıb təhqir etməyi başa düşmürük. Bəlkə də başa düşürük, amma köləlik virusu qoymur.

Qələbə bizə baha başa gəlib. Amma ideoloji iş naqislərin əllərindədir, mənəvi mühit təmiz olsaydı, ölkədə cinayət hər yeri başına almazdı. Dəfələrlə yazmışam, sərvəti-samanı başından aşan YAP “ideoloqlarını”, özəl telekanallarda durmadan reklam edilən, əxlaqları hamıya bəlli olan ünsürləri cəmiyyətdən təcrid etmək lazımdır. Kimi dindirirsən, “Mən bizim telekanallara baxmıram, bu düşüklərin nəyinə baxım, kül olsun o vətənpərvərliyin başına ki, onu elgizlər, zaurlar təlqin edir” deyir.

 Əlimdən rus tarixinə dair minlərlə kitab keçib. Rusiya Azərbaycanda milyardlar itirdi, “Bakı beynəlmiləl şəhərdir” deyərək onu tədricən əlimizdən az qala almışdı. Ordenli, medallı, satqın zümrənin köməyi ilə elə bir imperiya cəlladı qalmamışdı ki, o, burada bütləşdirilməsin,  dünənləri “çuşka”, “baran” adlandırılan azərbaycanlı Moskvanın sadiq giyenasının belini qırıb rusun hərbi texnikasını qənimət kimi dünyaya göstərir. Əlbəttə ki, Moskva bunu heç vaxt həzm etməyəcək.

Firuz HAŞIMOV

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217503