Saat:12:37
Haqqımızda

“Evim başıma uçur, səsimə səs verən yoxdur”- Bakı sakini fəryad edir

2022-05-25 16:11:00

“Evim başıma uçur, səsimə səs verən yoxdur”- Bakı sakini fəryad edir

"Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Koveriçkin küçəsi, bina 13, mənzil 33-də yaşayan  1958-ci il təvəllüdlü Məhərrəmova Təranə Nadir qızı onunla eyni blokun 49 saylı mənzilində yaşayan  Zəfərov Elçin Abdulla oğlundan şikayətçidir. Şikayətçinin  sözlərinə görə, üst mərtəbədə yaşayan  qonşu ötən əsrin 90-cı illərindən bu günədək onun mənzilinə su axıdır:

"Bütün bu illər ərzində dəfələrlə mənzili təmir etdirmək məcburiyyətində qalmışıq,amma daha imkanımız yoxdur. Günlərin birində isə evimdə oturmuşdum, bir də gördüm, hər yanı tüstü basdı, mənzilim yanır. Məlum oldu ki, üst qonşum ceyran sobasını yanılı qoyub harasa gedib. Mənzilimin təmiri üç gün əvvəl  bitmişdi. Yanğınsöndürənlər gəldi. Evimi bərbad günə qoydular. Yenə özümüz təmir etməli olduq, çünki bilirdik ki, qonşu bunu etməyəcək, hərçənd, imkansız insan deyil, eyni mərtəbədə bir neçə mənzili var.

O vaxtdan hər gün damcı-damcı evimizə su axırdı. Deyirdim, Elçin, qardaşım, 100 manatından keç bu problemi həll et. Yoxsa getdikcə su özünə yer edir, tavandakı çatlar böyüyür, bir azdan təmir  5-6minə başa gələcək.Yalandan söz verirdi, amma məni görəndə qaçıb gizlənirdi”.

Şikayətçi bir müddət sonra vəziyyətin daha dözülməz hala gəldiyini bildirir:

“2021-ci ildə sözügedən mənzil kirayinişinə verildi. Heç bir həftə keçməmiş  mənzilim sel-suya qərq oldu. Sən demə, mənzilin yeni sakini kranıaçıb ki, vannaya su dolsun, sonra nədənsə unudub, vanna dolub daşıb və bütün otaqlarımızısu basıb. Mən də tərslikdən  evdə olmamışam, gələndə gördüm ki, xalça-palaz quruyub taxtaya dönüb, divarlar üstümə gəlir, döşəmələr darmadağın olub, dolablara su axıb, paltarlar kiflənib. Hamısını atmalı oldum. Birinci mərtəbədə vəkil kontoru yerləşir. Vəkillər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi yazdılar. Mən də işi məhkəməyə verdim. Elçin Zəfərov üç dəfə məhkəmə iclasına dəvət olunsa da, gəlmədi. Hakimdən xahiş etdim ki, hər şey qanunla həll olunsun. İcraçılar gəlib mənzilimə baxsınlar, ya mənə təmir haqqı verilsin, ya da mənzilim təmir edilsin. Hakim xahişimi qəbul etsə də, mənzilimə baxış keçirilmədi.”

Amma yaxın günlərdə vəziyyətin dəyişdiyini qeyd edir:

“Bu yaxınlarda məhkəmədən ünvanımıza bir məktub gəldi. Zərfin üzərində bir neçə tarix göstərilmişdi. Bilmirsən, hansı tarixdə məhkəməyə getməlisən. Zəng vurdum, dedilər, məktubu gətirib gəlin. Əsəbimdən məktubu cırıb atdığımı söylədim. Halbuki, məktub məndədir. Nəhayət, aprelin 24-də mənzilimizə baxış keçirildi. Amma bugünədək heç bir nəticə yoxdur”.

TəranəMəhərrəmova mənzilinə su axıdan qonşudan müəyyən məbləğdə pulaldığınıda gizlətmir:

“Qonşular 49-cu mənzildə kirayə yaşayan qadının xəstələndiyini dedilər, üstəlik məni qınadılar ki, bəs sənin ahın tutub, xəstələnib.Həmin xanım təmir üçün kartıma iki dəfə 200 manat pul köçürüb. Həyat yoldaşı bundan xəbər tutub, pulu geri istəyir. Halbuki, evimi elə kökə salıblar ki, o 400 manata heç işin yarısını da görmək mümkün deyil. Hazırda nə məhkəmədən, nə də qonşulardan heçbir xəbər yoxdur.  Xahiş edirəm, mənə kömək edin, haqq-ədalət öz yerini tapsın.”

Məsələyə aydınlıq gətirmək üçün Mənzil İstismar İdarəsinə zəng vurduq. Oradan bizə bildirdilər ki, məlum hadisə ilə bağlı lazımi tədbirlər görülüb, akt tərtib edilib və aidiyyati quruma təqdim edilib. 

49-cu mənzillə də əlaqə saxladıq. Özünü Arifə Bağırova kimi təqdim edən xanım əvvəlcə evin qonağı sonra isə Zəfərovlar ailəsinin yaxın qohumu olduğunu bildirdi, nəhayət kirayənişin olduğunu etiraf etdi. Təranə Məhərrəmovanın şikayətçi olduğunu eşidəndə özünü təəccüblənmiş kimi göstərən xanım

”ilk dəfədir belə bir problem haqda eşidirəm”,- desə də, az sonra məsələdən xəbərdar olduğunu, amma suyun onun yaşadığı mənzildən axmadığını bildirdi. “Siz Zəfərov Elçin Abdulla oğlunun mənzilində yaşayırsınız?” sualına: ”Mən onların mənzilində yaşamıram, onlar ayrıyaşayır, mən isə ayrı yaşayıram” cavabını verən Arifə Bağırova özünü də, bizi də çaş-baş saldı.

Təranə Məhərrəmovanın sözlərinə görə, Elçin Zəfərovun eyni mərtəbədə bir neçə mənzili var. Onlardan birini, sözügedən 49-cu mənzili  kirayə verir, digərində yaşlı anası qalır, digər  mənzildə isə özü ilə ailəsi yaşayır. Demək onun mənzilinə su axıdan məhz Arifə Bağırovadır. Amma Elçin Zəfərov dövlətə kirayə verdiyi mənzilin vergisini ödəmirsə, Təranə Məhərrəmovanın mənzilinə dəyən zərərə görə məsuliyyət onun üzərinə düşür və məhkəmə qarşısında da o cavab verməlidir.

Təəssüf ki, Nəsimi Rayon Məhkəməsi ilə əlaqə saxlamaq cəhdlərimizin hamısı boşa çıxdı. Məhkəmənin bizə məlum olan üç nömrəsindən heç birinə cavab verən olmadı. Məhkəmədən cavab almaq üçün qarşı günlərdə cəhdlərimizi davam etdirəcəyik. Amma qonşunun səhlənkarlığı ucbatından mənzili yararsız vəziyyətə düşən vətəndaşın, ağbirçək ananın bir ildən artıq məhkəmə qapılarında süründürülməsi Azərbaycanın məhkəmə sistemində ciddi islahatlara ehtiyac olduğunu göstərir.

Nə vaxtdır uçulub tökülən mənzildə yaşamağa məhkum olunan  64 yaşlı Təranə Məhərrəmova fiziki və psixoloji vəziyyətinin yaxşı olmadığını, fikir və əsəbdən gecələr yata bilmədiyini, darlığından əziyyət çəkdiyini bildirir. Bizimlə söhbət zamanı səsindəki gərginlik, tez-tez kövrəlib ağlaması zərərçəkənin dediklərini təsdiqləyir. Yaxşı, bəs bu qadın nə vaxta qədər şəraitsiz mənzildə yaşamalıdır? Məhkəmə nə vaxt son qərarını verəcək, bu qərar nə vaxt icra olunacaq? Bəs zərərçəkənin itirilmiş sağlamlığını kim ona  qaytaracaq?

Məhkəmə üç dəfə iclas keçirib, amma nədənsə yekun qərar verilməyib. Görəsən hakimin bu işdə marağı nədir? Nəyə görə vətəndaşın hüquqları belə kobud şəkildə pozulur? Onu da deyək ki, bu məhkəmə sistemindən şikayət edən ilk vətəndaş deyil. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə vətəndaşlar məhkəmə sistemində qanunsuzluğun baş alıb getməsindən, qeyri-qanuni qərarlar və həbslərdən giley edirlər və bizdən kömək istəyirlər.

Ədalətin zəfər çalması üçün isə artıq qeyd etdiyimiz kimi, məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır. Vəzifə səlahiyyətlərindən sui istifadə edən hakimlərə dəfələrlə xəbərdarlıq edilməsi mövcud problemləri həll edə bilməz. Məhkəmə-Hüquq Şurası tərəfindən cəzalandırılan hakimlər dərhal vəzifələrindən kənarlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

RUNA

                                                                     

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR