Saat:13:43
Haqqımızda

ƏVƏZOLUNMAZ RƏQS USTASI - Əlibaba Abdullayevin sənət zənginlikləri

2022-05-03 23:12:00

ƏVƏZOLUNMAZ RƏQS USTASI - Əlibaba Abdullayevin sənət zənginlikləri

Əlibaba Abdulla oğlu Abdullayev (23.03.1915-09.08.1980) Bakıda anadan olub. 1935-ci ildə İ.Əbilov adına Mədəniyyət Evinin özfəaliyyət kollektivindən seçilərək ilk rəqs ansamblına cəlb olunub. O, Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi kimi yetişərək çox böyük işlər görüb. Bu adam milli rəqs sənətinin inkişafı yolunda cəsarətli addımlar ataraq səmərəli və məhsuldar işlərə ömür həsr edib.

Düşünürük və inanırıq ki, Ə.Abdullayev sənəti əbədilik qazanıb. O, səhnə sənətinə rəqs mədəniyyəti gətirib, yetirimələri ilə işlərkən həmişə bunu nəzərə alıb və bu məqsədi həmişə üstün tutub. Onun qurduğu bütün rəqslər, kompozisiyalar və suitalarda daxili qat, hisslərin tərənnümü, obrazın düzgün verilməsi və məna yükü əsas götürülüb. O, zəngin bədii təvəkkürü, güclü sənəti, yaradıcılıq təxəyyülü ilə səhnəyə gətirdiyi rəqs quruluşlarında əsl rəqs sənəti sərgiləyirdi. Əlibaba müəllim düim sənətin gerçəkliyini, gücünü, mahiyyətini, estetikasını ifadə edirdi. Onun bütün quruluşlarında yalnız məna, məzmun deyil, həm də simmetriya, riyazi dəqiqlik öz həllini tapırdı. Ə.Abdullayev sənəti daim təkamül yolu keçib və gözəllik duyumuna bürünərək dərin hisslər bəxş edib. Araşdırdıqca insan heyrətə gəlir. Düşünürsən ki, insanda istedad və yaradıcılıq təxəyyülü nə boyda olarmış?! Əslində o, qurduğu süjetli, dramaturji biçimli rəqsləri ilə əsl və güclü rejissora çevrilmişdi. Əlibaba müəllim sözün həqiqi mənasında öz işini bütün yaradıcılığı boyu kollektiv şüura uyğun şəkildə, sənət estetikası üzərində qurmağa cəhd etmişdir. Axı, incəsənətdə elə meyarlar var ki, bu rəqs sənətinə də aiddir. Yəni incəsənətin tərkibindəki xüsusiyyətlər rəqs sənətinin atributlarına da aiddir.

Ə.Abdullayev milli rəqs sənətinin hər nöqtəsində özünü tapmış, hər məqamda yaradıcılıq təxəyyülünü işlədə bilmişdir. O, daim öz yaradıcılıq imkanlarını genişləndirmək üçün yeni yollar axtarır, öz təcrübəsini genişləndirir, müşahidələrini artırırdı. Bu böyük və məsuliyyətli sənətkar rayonlara gedərək ağsaqqallar və ağbirçəklərlə söhbət aparır, onların xatirələrindən, yaddaşından bəhrələnir və folkloru öyrənirdi. Əlibaba müəllim xalqın həyatını, məişətini, arzu-istəklərini öyrənir və bütün bunları öz yaradıcılıq süzgəcindən keçirərək səhnəyə, rəqsə gətirirdi. Bütün fəaliyyəti ərzində bu adam xidmət etdiyi ideallara səmimiyyət və sədaqət göstərmişdir. Bu bir həqiqiətdir ki, onun bədii təxəyyülü zəngin olub. Bu yaradıcı insanın istedadı, zövqü, fikirləri, tapıntıları o qədər güclü idi ki, heç zaman tükənməyən, aşıb-daşan bulağa bənzətmək olardı. O, mədəniyyət tariximizin əfsanəsi statusu qazanıb.

Ə.Abdullayev quruluş verdiyi bütün rəqslərə yaradıcılıq prizmasından yanaşırdı. O, rəqs kompozisiyalarında yaratdığı bütün surətləri sevə-sevə, ürəyinin oduyla qızdıra-qızdıra, qəlbinin hərarəti ilə isidə-isidə yaradırdı. Və bu yolda qazandığı uğurlar, böyük nailiyyətlər onun geniş şəkildə tanıdır, sületli, işıqlı rəqslər onun yaradıcılıq məbədinə çevrilirdi. Onun yaradıcılığında müasirlik də hökm sürürdü. Əgər yaradılan əsərlər sənət incilərinə çevrilirsə, burada həqiqətən forma-biçim və məzmun dərindirsə, ortada xalqa, vətənə bağlılıq, millətə dərin sevgi varsa, qəhrəmanlıq, igidlik duyğuları aşılanırsa, deməli müasirdir. Ə.Abdullayev sənəti bu gün də müasirliyə varır. Onun yaradıqları əsl sənət əsərləri və nümunələr kmi yaşayacaq. Bu böyük sənətkar hazırda da meyardır. Sevgidən, zövqdən yaranan, yaradılan hər şey tərəddqsüz sevinc gətirir, zövq bəğışlayır, ilham verir, yüzlərin, minlərin sevincinə yüksək enerji gətirir.

Ə.Abdullayevin qurduğu rəqslərdə milli kolorit həmişə üst qatda olub. Çünki bu adam özü milli duyğulardan, milli hisslərdən, milli təəssübkeşlikdən, xalqın incəsənətindən, arzu-istəyindən, adət-ənənələrindən yoğrulan, xalqdan aldığını, öyrəndiyini xalqa bağışlamağı özünə borc bilən, bundan məmnun olan, şərəflənən, böyük hisslər daşıyan bir soydaşımız olub. Rəqs sənətinə onun bədii baxışının daim uğurlu nəticələri özünü göstərirdi. Bu da faktdır ki, o rəqs sənətinin estetikasına öz baxışlarını, üslubunu və bədii çalarları da əlavə edirdi. Sovet dönəmində mövcud olmuş kommunist rejimində milli qaynaqlara rəsmi qadağa olmasa da, arzuolunmaz idi. Lakin bütün bunlarla bərabər Ə.Abdullayev yaradıcılığı müəyyən çətinliklər və sınaqlardan çıxaraq özünə yol aça-aça gəlmişdir.

Ə.Abdullayevin yetirmələri saya gəlməz qədərdir. Onları arasından xeyli mahir ifaçılar yetişərək milli rəqs sənətinə sədaqətlə xidmət etmiş və məşhurlaşmışlar. Bu sənətkarların ifası adamı heyrətləndirir. Onların hər birinin ifasında fərdilik, fərqlilik, bu və ya digər şəkildə üstünlük var. Axı, hər kəsin sənətə öz yanaşması, öz hissiyyatı, daxili dünyası və obraza yanaşması var.

Haşiyə: “Sovet dövlətinin görkəmli baletmeysteri İqor Moiseyevin “SSRİ xalqları rəqs ansamblı” adlı kitabçası və 1959-cu il üçün məramnaməsi vardır. Orada “Dünya xalqları” başlığı altında bölmədə Azərbaycanın “Dəsmalı” və “Qazaxı” xalq rəqslərinə də yer verilib. Qeyd olunmalıdır ki, yuxarıda adı göstərilən rəqs ansamblının yaradıcısı, bədii rəhbəri İqor Moiseyev özü olmuşdur.

İ.Moiseyev səfərlərdə olduğu ölkələrdə adı çəkilən rəqslərlə nailiyyətlər və rəğbət qazanmışdır. O, yazdığı “Ömür qədər uzun qastrol səfəri” kitabında “Dəsmalı” Azərbaycan rəqsinin Misir ölkəsinin tamaşaçılarını valeh etdiyini xüsusi vurğulayır”.

Əməkdar kollektiv, Dövlət Mahnı və Rəqs Ansamblının repertuarıda Səid Rüstəmovun “Azərbaycan suitası”, Cahangir Cahangirovun “Vətən”, “Bahar gəlir” suitaları, Hacı Xanməmmədovun “Zəhmət” suitası, Vasif Adıgözəlovun “Şadlıq” sutası parlaq, uğurlu şəkildə ifa olunmuş və hər yerdə səhnə izi qoymuşdur. Belə suitaların hər biri zənginliklərlə dolu olaraq öz bədii xüsusiyyətləri ilə milli rəqs sənətimizin nümunələrinə çevrilmişdir. Əlibaba müəllimin zəhmətinin, yaradıcılıq təxəyyülünün məhsulu olan sənət əsərləri ondan sonra da yaşamış və sərgilənmişdir. Elə nümunlər var ki, bu gün də oynanılır.

Əhsən Rəhmanlı və Xanlar Bəşirovun birlikdə yazdığı “Milli rəqs sənəti” kitabında Ə.Abdullayevin bütün sənət məziyyətləri, üstünlükləri, çox zəngin, dəyərli xidməti və bütünlükdə yaradıcılığı geniş şəkildə öz əksini tapıb.

Əhsən RƏHMANLI

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR