Saat:20:35
Haqqımızda

Evdən evə gedən yoldakı məktəb...

2024-04-12 23:53:17

Evdən evə gedən yoldakı məktəb...

*Səhər saat 07.00. Ev

Evdə çaxnaşmadır, uşaq məktəbə, ata işə gedəcək, ana isə əvvəlcə uşaqla məktəbə, sonra isə marketə yollanacaq. Buna qədər isə evdə görüləcək nə qədər iş var. Axşamdan uşağın bəzi dərslərinə kömək edib, riyaziyyat üçün atanı gözləyiblər, ildən-ilə çətinləşir, hazırlıqsız çətin olacaq. 

Oğlu çantasını yenə yığmayıb. Həmişə belə edir, ana öyrəncəlidir, səhəri bir əli çaydanda, bir əli çantada açmağı öyrənib. Amma hər dəfəsində də oğluna deyinməkdən, tənbehləməkdən özünü saxlaya bilmir:

“Elə bu cür çanta yığırsan ki, hər ilin sonunda məktəbə 2-3 kitab borcumuz qalır, hərəsini 5 manatdan hesabla...”

Hər il dediyi 5 ildir...

Ata müdaxilə edir, onsuz da qanı qaradır, ev kirayəsinin vaxtı çatıb, maaşı da gecikir, gərək bu ay da ev sahibinə nəsə tapıb desin:

“İşıq, qaz, su pulu da qalıb, qış da qurtarmaq bilmir, elə bil hava da kasıba acıq edir,  bu gedişlə limit də bitəcək, payıza heç nə qalmayacaq”.

İndi dilinə gətirdiyi bu sözlər dünəndən  beynini o qədər yorub ki, deyəsən, uşağın riyaziyyat misallarını da düz hesablaya bilməyib. Amma arvadının onsuz da deyinə-deyinə yığdığı çantanı yenidən töküb riyaziyyat dəftərinə baxmağa lüzum görmür:

“Onsuz da müəllim misalların səhv olduğunu “Gündəliy”ə yazacaq, (“Gündəlik” dediyinin çoxdan “Məktəbli kitabçası” olduğundan xəbərsizdir) əgər sinifdəki 30 şagirddən onun oğluna növbə çatsa...

*Səhər saat 07.30. Avtobus dayanacağı 

Ana ilə oğlu qaça-qaça özünü dayanacağa çatdırb, yolları uzaqdır, üstəlik də tıxac. 1 saata dərsə gedib çatmaq müşkül məsələdir, amma nə qədər istəsələr də evdən bundan tez çıxa bilmirlər. Əslində gedib çatmaq olar, amma avtobus gəlmir ki, gəlmir. Gələndə də çantası özündən böyük olan uşaqla o basabasa girmək özü qəhrəmanlıq istəyir.

“Eybi yox, avtobus gəlsə, birtəhər minərik. Uşaqlılara onsuz da yer edirlər, otursaq uşaq da gözünün acısını məktəbə çatana qədər alar”,-ana düşünür. Kirayə qaldıqları evin yanında məktəb var, amma tanış-bilişdən eşidib, yaxşı məktəb axtara-axtara evdən düz 8 dayanacaq məsafədəki məktəbi seçib. “Əşi, oxuyan elə hər yerdə oxuyur, evin yanındakı məktəbə dəyişək”,-deyən atanı susdurmaq üçün başqa arqument tapıb:

“Gündə bir kirayə dəyişirik, hər getdiyimiz yerdə məktəb dəyişsək, uşaq 11-ci sinfi bitirənə qədər gərək Bakının bütün məktəblərində oxuya... Həm də bu məktəbdə yaxşı dərs keçirlər, heç olmasa müəllimi 9-cu sinifdə tutarıq...”

Ana bunları düşünə-düşünə 3-cü avtobus gəlir, bu dəfə necə olsa minmək lazımdır, yoxsa uşaq onsuz da gecikdiyi dərsə bir az da gecikəcək:

““Məktəblinin dostu”nun gözündən də heç nə yayınmır, heç olmasa bu avtobuslara bir əncam çəkiləydi...”

*Saat 07.50. Avtobus

Şükür ki, özlərini birtəhər içəri sala biliblər, ana bir əlində öz çantası, o biri əlində məktəbli çantası dayanmağa yer axtarır. İçəridə o qədər onlarkimilər var ki, hamısına yer çatmaz. Nəhayət, özünə də, uşağa da birtəhər yer edir, çantanı yaşlı qadın alıb dizlərinin üstünə qoyur. Buna da şükür... İçəridə ağız deyəni qulaq eşitmir, hərə öz dərdindədir. Yaşlı qadın səhərin gözü açılmamış uşaqları avtobusla məktəbə aparan anaların üzünə baxmadan, amma onlara ünvanlanan gileylərini yağdırır:

“Görmüşdük uşaq evin yanındakı məktəbə gedər, avtobusa-zada minməz”.

Kimsə “Adam aparırsan e, kartof-soğan yox”,- deyib adam əlindən üzünü görə bilmədiyi sürücüyə təpinir, sürücü da adam əlindən sözü kimin dediyini bilmədiyindən “Bəyənmirsən “Prius”a min” cavabını verir. Söhbətə üçüncü tərəf qoşulur:

“İyundan heç o da olmayacaq”.

 Tərəflər sözlərini deyib sakitləşirlər. 

Bu dəfə başqa bir yaşlı qadın sürücü-sərnişin mübahisəsindən gözlədiyi dava nəticəsini ala bilməməkdən pəjmürdə halda  yanındakı qadınla söhbətləşməyə başlayır:

“Gördünüz, o gün televizorda ər itən arvadını axtarırdı. Görəsən, tapdı? Dünən baxa bilməmişəm”.

Yanındakı qadın cavab verməyə macal tapmamış o biri oturacaqdan yaşlı kişi cavab verir:

“Abır-həya da qalmayıb, arvadı bir aydır gedib, bu, utanmaz-utanmaz televizora çıxıb onu axtarır. Heyf deyildi sovet, onları televizora buraxardılar heç?” Ardınca da üzünü sualı verən qadına tutub “Deyəsən, tapıb, bizimkilər axşam evdə danışırdılar ki, arvad tapılıb, amma ərinin evinə qayıtmaq istəməyib...”

*Saat 08.15. Məktəbin həyəti

Elə uşaq qədər də valideyn var. Əksəriyyəti analardır, atalar qapıdan uşağı içəri ötürüb gedirlər, anaların müzakirə etməli mövzular var:

“Müəllim ən çox kimdən dərs soruşur, bayramı necə təbrik edəcəklər, hansı uşağı imtahandan neçə bal toplayıb...”

Sıraları genişləndikcə, müzakirə mövzuları da artır, məktəbdən “TikTok”-a necə keçid etdiklərindən heç özləri də baş açmırlar. Hamısı gileylənir, uşaqların tərbiyəsinə mənfi təsirindən danışırlar, ordakıların “ipini yığmağın” lazım gəldiyini deyirlər, sonda da məlum olur ki, elə hamısı uşaqların yanında da ipini yığmağı istədiklərinə tamaşa edirlər...

*08.30. Sinifdə

Dərs başlayıb, deyirlər ki, yenə məktəbdə yoxlama var, məktəbli formasını, “Məktəbli kitabçası”nı yoxlayacaqlar. Kimi tələm-tələsik yazmadığı səhifələri yazır, kimi üst-başına əl gəzdirir. Müəllim “Elə hər gün yoxlayırlar, rahat günümüz yoxdur” desə də, sonradan yadına düşür ki, ayın əvvəlindən direktor “yoxlama olacaq” deyib, amma hələ o yoxlama bu sinfin qapısını açmayıb. Bunu düşünüb rahatlayan müəllim ev tapşırıqlarını yoxlamağa başlayır, yarıda saxlayır, qalanlarının dəftərini növbəti dərsdə yoxlayacağını deyir, dərs 45 dəqiqə, şagird 30 nəfər, proqram çətin, üstəlik də min cür yazı-pozu var, sertifikasiya da bir tərəfdən, bütün valideynlər də istəyir ki, müəllim hər gün onun övladından dərs soruşsun, özlərinin bir dəfə də soruşmadıqları dərsi...

*Saat 11.00. Bufet

Anasının verdiyi bir manatı əlində möhkəm tutub bufetə tələsir. Anası tapşırıb ki, “abır-cubur” almasın, elə şey alsın ki, qarnı doysun, amma onu gözü qarnını yox, gözünü doyduracaq rəngəbərəng kağızlardadır...  

Yadına düşür ki, çantasında alma da var, dünən məktəbdən gedəndə Vəliş dayının dükanından 3 kilosu 2 manata alıblar, onu da dərsin sonuna yaxın yeyər. Bufetdə yuxarı sinif şagirdlərinin bir-biri ilə zarafatlarına maraqla qulaq asır, nəsə “vor”lardan danışırlar, “Düzünə Rövşən”, “Düzünə Quli” deyirlər, o qədər həvəslə, hay-küylə danışırlar ki, yaxınlaşan “zavuç”un” səsini eşitmirlər. Yuxarı siniflər öz aralarında bu “zavuç”a “Rus allahı” adını qoyublar, bir anda başlarının üstünü kəsdirir, deyirlər kabinetində bir şkaf var, içində  uşaqların əlindən aldığı təsbehləri saxlayır... 

*Saat 12.00. Dəhliz

Müəllimlər bir-biri ilə söhbət edirlər. Biri digərindən hazırlığı nə vaxt bitirəcəyini soruşur. İmtahanların vaxtını xeyli irəli çəkən DİM-in qarasınca xeyli danışırlar:“Uşaqlar proqramı tam mənimsəmirlər”, “Məktəb bitmədən imtahan olar?”, “İmtahan olandan sonra şagirdləri məktəbə gətirmək olar?”, “Heç fikirləşmirlər ki, müəllimin də çətinliyi var,apreldə hazırlığı bitirəndə sentyabra yeni qrup yığılana qədər kreditləri necə ödəyəcəyik?”, “Ağzını açan məktəbdən, müəllimdən danışır, heç valideynlərdən danışan yoxdur”, “Evdən çıxan uşaqlarının çantasına da baxmırlar ki, görək içində nə var”...

*Saat 13.20. Məktəbin çıxışı

Yenə aşağı sinif şagirdlərinin valideynləri toplaşıb, boş-bekar olanlar söhbətləşmək üçün kənara çəkiliblər,  hərə öz övladının əlini yox, çantasını tutub, uşaqlar həyətdə oynayır, oynadıqları yeganə zaman bəlkə də elə bu məktəbin həyətində analarının söhbətləşdiyi o dar macaldır. Məktəbdən çıxan kimi eyni marşrutla evə qayıdacaqlar, anası mətbəxə keçəcək, o da yemək yeyib evin bir küncünə çəkiləcək, səsi çıxmasın deyə anasının əlinə tutuşdurduğu telefonda yeni-yeni “kəşflər” edəcək. Bu gün bufetdə eşitdiyi “Düzünə Quli”nin, “Düzünə Rövşən”in kim olduğunu öyrənməyə çalışacaq.

Ara-sıra nənəsi “Onun səsini bir az al, görüm, o arvadı tapılan kişi neynədi?” deyəcək, anası otağa gəlib ”Telefonu qoy qırağa, dur dərslərini hazırla, elə eləmə ki, axşam atan gələndə riyaziyyatdan 2 aldığını deyim” xəbərdarlığı edəcək, əslində “qızım, sənə deyirəm, gəlinim, sən eşit” deyib nənəyə qıyğacı baxacaq, uşaq “indi Namiklə Makedon savaşacaq” ədası ilə divanda öz yerini, əlində də telefonun yerini rahatladacaq...

*Saat 20.30. Ev

Ata işdən yenicə qayıdıb, avtobus yenə tıxacda qalıb, onsuz da yorğundur, qapıdan girməsiylə arvadının bir tərəfdən, anasının başqa tərəfdən “hücumuna” məruz qalacağını bilir. Ona görə də illərin təcrübəsinə dayanaraq qapıdan addıımını içəri qoyan kimi hər iki cəbhəni zərərsizləşdirmək üçün əks-hücuma keçir:

“Maaşı bu gün də vermədilər, ev sahibi 2 dəfə zəng etmişdi, müdirə də dedim, o da məndən beşbətərdir, deyir ki, kreditini də ödəyə bilməyib, belə getsə, yığışıb kəndə qayıdacağıq...”

Evə dərin bir sükut çökür...

Sabah yenə məktəbə gedəcək...

Yazı Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində elan edilən “Təhsil mediada necə əks olunur?” mövzusunda müsabiqəyə təqdim edilir.

Elnarə Kərimova
“Cebhe.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.318408