Ətlə bağlı əhaliyə MÜHÜM XƏBƏR: Bazarda satılan ətlər...
Mənşəyi məlum olmayan ətlər: Sağlamlıq və iqtisadi risklər – qida mütəxəssisi istehlakçılara müraciət etdi.
Ət məhsullarının təhlükəsizliyi günümüzdə yalnız qida keyfiyyəti məsələsi deyil, həm də ictimai sağlamlıq üçün kritik önəm daşıyır. Bazarlarda mənşəyi məlum olmayan ətlərin geniş satışı və xaricdən gətirilən məhsulların istehlakı alıcılar üçün bir çox suallar yaradır.
Bildiyiniz kimi, idxal olunan ətlər əsasən Braziliya, Hindistan, Monqolustan, Qazaxıstan və Pakistan kimi ölkələrdən gətirilir və laborator nəzarət prosedurlarından keçsələr də, bunlar alıcıları tam qane etmir.
Ozu24.com-un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə həmsöhbət olub. Söhbətimiz zamanı narahatlıq doğuran məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Fotoda Məhsəti Hüseynova
Məhsəti Hüseynova bildirir ki, dabaq xəstəliyi əsasən müəyyən mövsümlərdə, xüsusilə yaz və payız aylarında daha geniş yayılır.Bu xəstəlik birbaşa kənd təsərrüfatına, heyvanlara və sahibkarlara zərər verir. Xəstə heyvanlardan süd və ət məhsulları götürülməsi mümkün olmadığından, bəzən bazara çıxarılan, mənşəyi məlum olmayan məhsulların istehlakı insan sağlamlığı üçün ciddi risk daşıyır.
Ət yüksək zülal mənbəyi olduğundan, onu soyuq zəncir şəraitində saxlamaq, daşımaq və hazırlamaq şərti ilə istehlak etmək vacibdir. Satış, saxlanma və bişirmə zamanı sanitar-gigiyena qaydalarına əməl etmək və temperatur rejimini qorumaq sağlamlıq üçün əsas şərtlərdən biridir. İstehlakçılar yalnız mənşəyi bəlli, dövlət nəzarətindən keçmiş və baytar arayışına malik mənbələrdən ət almalıdırlar. Xüsusilə xəstəliyin yayılma dövrlərində bu tədbirlər həyati əhəmiyyət daşıyır.
Mütəxəssis həmçinin qeyd edir ki, ət orqanizm üçün B12 vitamini, dəmir və miyoqlabin kimi vacib elementləri təmin edir. Ətdən imtina edənlər balanslı qidalanmaya diqqət etməli, B12 vitamini ilə zəngin qoz, fındıq, badam və digər çərəzlərdən, həmçinin mərcimək, noxud, lobya, qarabaşaq kimi zülal mənbələrindən istifadə etməlidirlər. C vitamini tərkibli tərəvəzlər rasionda olmalıdır, çünki bu, dəmirin mənimsənilməsinə kömək edir. Zərurət yarandıqda B12 əlavələri də tətbiq olunmalıdır.
Məlumdur ki, bəzi xəstəliklər mövsümi xarakter daşıyır və heyvandarlığın tam sıradan çıxmasına səbəb olmur. Lakin xəstəlik sürətlə yayıldıqda yerli sahibkarlar və fermerlər üçün ciddi iqtisadi ziyan yaranır. Buna görə də qanunvericiliklə bazarların bağlanması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi və digər tədbirlər həyata keçirilir.
Xaricdən gətirilən ətlər üçün soyuq zəncirin qorunması, temperatur rejiminin pozulmaması, mənşə ölkəsi, kəsmə tarixi, istehsal və son istifadə müddəti kimi məlumatların təqdim olunması vacibdir. Bu məhsullar yalnız laborator müayinələrdən və qida təhlükəsizliyi qaydalarından keçdikdə satışa buraxılır. Uzun məsafədən alınan ətin soyuq zəncirinin pozulma riski yüksək olduğundan, evə yaxın, etibarlı mənbələrdən alınması tövsiyə olunur. Donmuş ətin açılması və ya yüksək temperaturda saxlanması insan sağlamlığı üçün ciddi risk faktorlarını artırır.
Nəticə etibarilə, mənşəyi məlum olmayan ətlərin istehlakı həm sağlamlıq, həm də iqtisadi baxımdan risklər yaradır. Buna görə də bazarlarda nəzarətin gücləndirilməsi, idxal proseslərinin şəffaflığının artırılması, laborator yoxlamaların intensivləşdirilməsi və istehlakçıların maarifləndirilməsi vacibdir ki, vətəndaşlar təhlükəli məhsullardan qoruna bilsin və sağlam seçim edə bilsinlər.
Pərvin Şakirqızı
