ƏTİN QİYMƏTİ NİYƏ BAHALAŞDI? – Ekspert səbəbləri açıqladı
“Fermerlər bu fürsətdən istifadə edərək əlavə qazanc əldə etməyə çalışırlar”
Xəbər verildiyi kimi, son bir həftədir mal ətinin qiymətində artım müşahidə edilir. Bir həftə ərzində mal ətinin qiymətinin 50 qəpik ilə 1 manat aralığında bahalaşdığı deyilir.
Satıcıların bildirdiyinə görə, sözügedən artım ot və yem məhsullarının qiymətinin bahalaşmasıyla əlaqədardır. Bahalaşma mal içalatında da özünü göstərir.
Qeyd edək ki, hazırda mal ətinin bir kiloqramının 14-16 manat aralığında təklif olunduğu deyilsə də, əksər qəssabxanalarda mal ətinin kiloqramı 15-16 manatdan satışa çıxarılır. Sümüksüz mal ətinin qiyməti isə 17 manatdır.
O da bildirilir ki, bir həftə ərzində mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib. Hazırda qoyun ətinin qiyməti 17 manat, quzu ətinin kiloqramı isə 17-18 manata satılır.
Məlumat üçün qeyd edək ki, ötən ildən indiyədək Azərbaycanda mal və qoyun ətinin qiymətində ciddi artım baş verib. Belə ki, mal ətinin 1 kiloqramı 11 manatdan 14-15 manata, qoyun əti isə 13 manatdan 17 manata qədər bahalaşıb.
Bu bahalaşma daha çox Ukraynadakı müharibənin daşıma zəncirində yaratdığı problemlərlə izah olunur. Məsələ burasındadır ki, Azərbaycan 2022-ci ilədək Ukraynadan çoxlu sayda mal-qara və qoyun idxal edirdi. Müharibə başlayandan Ukraynanın Qara dəniz limanları Rusiya tərəfindən mühasirəyə alınandan bu, mümkünsüz olub.
İdxalda ağırlıq Rusiyaya, Gürcüstana və qismən Qazaxıstana düşüb. Digər tərəfədən, ölkədə mal-qara və qoyun sayında ciddi azalma müşahidə olunur.
Rəsmi statistikaya əsasən, ötən ilin iyulunda ölkədə 1 milyon 295,2 min baş inək-camış, 8 milyon 32,5 min baş qoyun-keçi olub. Bu ilin iyulunda isə mal-qara sayı 1 milyon 253,9 minə və qoyun sayı isə 7 milyon 322,3 minə qədər azalıb. Bu isə inək-camış sayının bir ildə 41,3 min baş, qoyun-keçi sayının isə 710,2 min baş azalması deməkdir.

Bu mövzuyla bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, ət bazarında qiymətlər dövlət tərəfindən tənzimlənmir:“Ət bazarında qiymətləri Tarif Şurası müəyyən etmir. Bu sahədə monopoliyanın olduğunu da düşünmürəm. Ət bazarında qiymətlər tələb və təklif əsasında formalaşır. Ət məhsullarına olan təlabatın 85 faizi yerli istehsal əsasında təmin edilir. Hətta Azərbaycan qoyun və keçi əti üzrə 98-99 faiz özü-özünü təmin edə bilir. Quş əti məhsullarında isə bu göstərici təxminən 80 faizə, mal ətində isə 90 fazə bərabərdir”.
Ekspert qeyd edir ki, ət məhsulları ilə özünü təmin etmə göstəriciləri yüksək olsa da, yem komponontləri üzrə idxaldan asılı vəziyyətdədik: “Ümumiyyətlə, ət istehsalında maya dəyərinin xərclərinin əhəmiyyətli hissəsi, təxminən 70 faizə qədəri yem komponentləri əsasında formalaşır. Soya, dərman məhsulları, bu sahədə istifadə olunan buğda, arpa, hamısı ya xaricdən idxal olunur, ya da xarici bazarda baş verən proseslər bizdəki qiymətlərə də təsir edir. Bu baxımdan, ət istehsalında son dönəmlər xərclər artıb.
Digər tərəfdən hər bir ət istehsalı üzrə xərclərin qiymətlərə təsiri fərqli olur. Məsələn, quşçuluqda broyler toyuqlar 40 günə, ev təsərrüfatlarında isə bir neçə aya yetişdirmək olur. Heyvanın saxlanması, onun əmtəəlik vəziyyətə çatdırılması üçün isə illərlə vaxt lazım olur. Bütün bunlar xərclərə təsir göstərən amillərdir”.
“Həmçinin artıq Ukraynadakı və Rusiyadakı ucuz bazarlar da yoxdur. Əvvəl bu ölkələrdən ucuz ət məhsulları idxal edə bilirdik. Bu bazarların aradan qalxması imkan verir ki, yerli fermerlər və təsərrüfatlar da qiyməti daha rahat şəkildə qaldırsınlar. Eyni zamanda, xaricdən gələn ət məhsulları da bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mal əti ötən illə müqayisədə son altı ayda 2,6 dəfə artıb. Xaricdən gələn mal ətinin bahalaşması şərait yaradır ki, yerli mal ətinin də qiyməti artsın.
Mal əti iki aspekt üzrə təchiz olunur - intensiv təsərrüfatlar və ev təsərrüfatları. İntensiv təsərrüfatlarda yem komponentlərindəki asılılıq xərcləri artırır və nəticədə qiymət artımı baş verir. Ev təsərrüfatlarında isə otun bahalaşması və örüş sahələrinin azalması qiymətlərə təsir göstərir. Onu da qeyd etməliyik ki, son dönəmdə ətə olan tələbat artıb və fermerlər bu fürsətdən istifadə edərək əlavə qazanc əldə etməyə çalışırlar”,-deyə ekspert əlavə edib.
“AzPolitika.info”
