Saat:17:08
Haqqımızda

“Ətin qiyməti daha da artacaq” - XƏBƏRDARLIQ

2023-01-31 10:57:00

“Ətin qiyməti daha da artacaq” - XƏBƏRDARLIQ

Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur. Bu barədə Dövlət Statistika Komitəsindən  bildirilir. Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.

Əhali arasında da son vaxtlar ətin qiymətində artımların olmasından şikayətlər çoxalıb. Rayonlarda ətin qiyməti 11-12 manata olduğu halda, Bakıda bu, 18-20 manat arasında dəyişir. Satıcılar isə qiymət artımını təsdiqləmirlər. Onlar bildirirlər ki, ətin qiyməti sümüklü və ya sümüksüz olmasından asılı olaraq 2022-ci ildə olduğu kimi yenə də 13-16 manat arası dəyişir. Amma görünən odur ki, digər ərzaq qiymətləri kimi, ətin də qiyməti artmağa doğru meyillənir.

Bəs görəsən, qiymət artımları nə zamana kimi davam edəcək? Bunun qarşısı alına bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının, o cümlədən ət və ət məhsullarının özünü təminat məsələsində əsas problemlərdən biri torpaqla bağlıdır: “İstər müxtəlif kənd təsərrüfatı məhsulları üzrə, istər ərzaqlıq buğda təchizatında olsun, istərsə də ət məhsullarının təchizatında olsun, hər birində torpaq amilinin rolu çox böyükdür. Azərbaycanın bəlli bir dəyişməyən ərazisi var. Bu ərazidə kənd təsərrüfatı üçün yararlı olan bəlli bir torpaq sahəsi var, bu, 4.7 milyon hektar təşkil edir. Həmin 4.7 milyon hektarın 2 milyon hektardan bir qədər yuxarısı əkin üçün ayrılır. 2.4 milyonu isə örüş və biçənək olaraq istifadə olunur. Yəni ət və ət məhsullarının qiymətinin formalaşmasında bu biçənək və örüş sahələrinin həcminin nə qədər olması çox vacib faktordur. 2010-cu ildə Azərbaycanda örüş sahələrinin, biçənək sahələrinin həcmi 2.6 milyon hektar olub. 2020-ci ildən sonra isə örüş sahələrinin həcmi 2.4 milyon hektara qədər azalıb. Bu, 200 min hektarlıq bir ərazinin azalması deməkdir. Əvəzində biz görürük ki, əkin sahələrinin sayı artıb. Əsas bizə ölkənin ən vacib məhsulu olan buğdanın əkilməsi üçün müvafiq ərazi lazımdır. Buna görə də prioritet olaraq əkin sahələrinin artırılmasında məhz örüş sahələrinin azalmasının öz rolu var. Yəni əkin sahələri tamamilə yox, böyük hissə örüş sahələri hesabına artırılıb”.

İqtisadçı əlavə edib ki, Azərbaycanın əhalisi ildən-ilə artır: “Bu say bir neçə il əvvəl 8 milyon, daha sonra 9 milyon, indi isə 10 milyondur.  Bir neçə il sonra biz yenə artacağıq. Amma bizim 4.7 milyon hektarlıq kənd təsərrüfatı üçün yararlı sahəmiz artmayacaq. Eləcə də 2.4 milyon hektarlıq örüş sahəmiz artmayacaq. Buradan çıxış yolu həmin 4.7 milyonluq kənd təsərrüfatı üçün yararlı sahələrdə məhsuldarlığın artırılmasıdır. Nə qədər məhsuldarlıq artmayacaq, problemlər qalacaq. Yəni insan artırsa, ətə tələbat da artır. Ətə tələbat artdığı zaman ətin qiymətinin formalaşmasında yem məhsullarının rolu çox böyükdür. Örüş, biçənək sahələri yem məhsulunun maya dəyərinin formalaşmasında çox vacibdir. Buna görə də yerin məhdudluğu, bunun da üzərinə əhalinin artım sayı, artan tələbat qiymətin artması ilə nəticələnir. Hələ bunun da üzərinə pandemiyanı, yanacağın qiymətinin qalxmasını, qiymət artımlarını gəlsək, deməli, ətin maya dəyəri də qiyməti qalxır. Hesab edirəm ki, ətin qiymətində stabilləşmə hələ uzun müddət olmayacaq. 2024-cü ilin ikinci rübünə qədər müəyyən artımlar müşahidə olunacaq. 2024-cü ilin ortalarından sonra qlobal iqtisadiyyatda stabilləşmənin formalaşacağı təqdirdə bizdə də inflyasiyada stabilləşmə görə bilərik”.

Qeyd edək ki, 2023-cü il girən kimi marketlərdə əsasən şampun, sabun, dezodorant, ət bahalaşdı. Yalnız un 41 manatdan 38 manata qədər düşdü. Yeni ildən üzü bəri bir çox qiymətlərdə artım var.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR