“Etibar Əliyevdən alınan 5 mərtəbəli villa yüksək vəzifəli şəxsə hədiyyə verilib"

2022-06-14 21:26:00

“Etibar Əliyevdən alınan 5 mərtəbəli villa yüksək vəzifəli şəxsə hədiyyə verilib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxs Yasin Məmmədovun qardaşı İlqar Məmmədovun şahid qismində sərbəst ifadəsi ilə davam etdirilib.

 

Ardından təqsirləndirilənin əmisi oğlu İlham Akif oğlu Məmmədov da şahid qismində ifadə verib. Hər bir ifadə verən şahid deyib ki, Yasin Məmmədovun adına olan əmlakları vaxtilə onlar alıblar. Sadəcə Yasin Məmmədovun adına rəsmiləşdiriblər.

 

Dövlət ittihamçısı isə deyib ki, Yasin Məmmədovun çox böyük obyektləri, evləri var. Vaxtilə həmin evlər, obyektlər Yasin Məmmədovun sərəncamına keçsə də, o, həmin əmlakları öz adına rəsmiləşdirməyib, yaxın qohumlarının adlarına rəsmiləşdirib. Belə bir halda üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil.

 

Təqsirləndirilən Yasin Məmmədov çıxışında əksini sübut etməyə çalışıb, zərərçəkənlər İbrahim Zeynalovdan 8 milyon manat alınmasını, Əfsəl Həsənəliyevdən, Sərdar İsmayılov və digər şəxslərdən pul almasını danıb.

 

Özünü peşəkar adlandıran Yasin Məmmədov Mövlam Şıxəliyevlə düşmənçiliyinin, ədavətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, istintaqa cəlb edilməsi Mövlam Şıxəliyevlə onun müavini olmuş Təhsin Ağayevin qurduğu tələ əsasında baş verib.

 

O, üzünü Mövlam Şıxəliyevə tutaraq deyib: “Sən mənim düşmənimsən, adam belə kişilik etməz”.

 

Mövlam Şıxəliyev isə Yasin Məmmədovun sözlərinə əhəmiyyət verməyib. O, əmlakları ilə bağlı çıxış edib. İddia edib ki, 1996-cı ildən “Stil” mebel mağazaları şəbəkəsi olub. Həmin şəbəkənin 70 faizi özünə, 30 faizi isə qohumuna məxsusdur. Mövlam Şıxəliyevin sözlərinə görə, həmin şəbəkədən ayda 30 min manat gəlir əldə edib. Ümumilikdə şəbəkədən 5 milyon qazanıb və adına olan əmlakları alıb. Mövlam Şıxəliyev Xaçmaz rayonunda yerləşən, yarısı ona məxsus olan “Çobanbulaq” istirahət mərkəzinin üzərinə həbs qoyulmamasının səbəbini də açıqlayıb. O deyib ki, istirahət mərkəzinin üzərinə həbs qoyulmaması yüksək vəzifəli məmurlardan birinin marağı çərçivəsində baş tutub.

 

Məhkəmədən söz istəyən təqsirləndirilən Vüsal Ələkbərov isə çıxışına bir qədər qəzəbli tonda başlayıb.

 

“Texnikabank”ın rəhbəri Etibar Əliyevə məxsus olan, Bakının “milyonçular məhəlləsində” yerləşən 5 mərtəbəli mülkün Baş Prokurorluğun yüksək vəzifəli şəxsinə hədiyyə verildiyini açıqlayıb. Həmin vəzifəli şəxsin adını çəkməyən təqsirləndirilən şəxs bildirib ki, son sözündə həmin şəxsin adını açıqlayacaq.

 

Vüsal Ələkbərov həmin mülkün bu gün də Baş Prokurorluğun rəhbər şəxsinim sərəncamında olduğunu xüsusi olaraq vurğulayıb.

 

Hakim Elbəy Allahverdiyev üzünü təqsirləndirilən şəxsə tutaraq iddia etdiyi şəxsin adını çəkməsini istəyib.

 

Vüsal Ələkbərov həmin şəxsin adını açıqlamaqdan yayınıb. O bildirib ki, bu məsələ prokurorluğun ona qarşı münasibətindən asılı olacaq. Zərərçəkənlər isə Vüsal Ələkbərovun prokurorluğu açıq şəkildə şantaj etdiyini bildiriblər. Vüsal Ələkbərovun çıxışının sonrakı hissəsi zalda olanların gülüşünə səbəb olub.

 

Proses iyunun 20-nə qədər təxirə salınıb.

 

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

 

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya