Ət bazarına da kəskin bahalaşma gəlir

2022-06-07 22:19:00

Ət bazarına da kəskin bahalaşma gəlir

Rusiyada aqrar-sənaye kompleksi və kənd ərazilərinin davamlı inkişafı üzrə Hökumət Komissiyası mineral gübrələrin ixracı üçün 2022-ci ilin sonuna qədər qüvvədə olan kvotanın 2023-cü il mayın 31-dək uzadılmasını dəstəkləyib. 

Bu barədə Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenkonun mətbuat xidməti məlumat yayıb: 

“Rusiya Federasiyası hökumətinin mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün gördüyü tədbirlər səmərəli hesab edilsin. Mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün əvvəllər görülmüş tədbirlərin 2023-cü il mayın 31-dək uzadılması dəstəklənsin”. 

Söhbət ilk növbədə gömrük tariflərinin tənzimlənməsi tədbirlərindən, xüsusən də gübrələrin ixracına qoyulan kvotalar və məhdudiyyətlərdən gedir. Mayın 31-də Rusiya hökuməti azot və digər gübrələrin ixracı üçün kvotaların 2022-ci il iyulun 1-dən dekabrın 31-dək uzadılmasını təsdiqləyib. İlkin olaraq kvotalar 2021-ci il dekabrın 1-dən 2022-ci il mayın 31-dək tətbiq edilib. Bundan əlavə, ötən ilin iyul ayında mineral gübrə istehsalçıları fermerlər üçün məhsullarının qiymətlərini 2021-ci ilin sonuna qədər saxlamaq qərarına gəliblər, daha sonra qiymət sabitləşdirmə rejiminin 2022-ci ilin may ayının sonuna qədər uzadılması planları məlum olub. Qeyd edək ki, gübrə əksər məhsullar üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün dünya bazarında qıtlıq yaşanan məhsullardan başlıcası buğdadır ki, bütün taxıl istehsalçılarının gübrələrə ehtiyacı var. Gübrələrin ən böyük tədarükçüsü isə Rusiyadır. Təxminən 25 ölkə bütün ən vacib gübrələrin üçdə birindən çoxunu Rusiyadan alır. Rusiya isə gübrəyə kvota tətbiq edir. 

ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozuna görə, 2022-2023-cü illərin kənd təsərrüfatı mövsümündə dünya buğda istehsalı son dörd ildə ilk dəfə 4,5 milyon ton azalacaq. Yem buğdasının istehlakı isə 7,5 milyon az ola bilər. Sonuncu rəqəm son dərəcə vacibdir, çünki bu, avtomatik olaraq ət və süd istehsalının azalması, onların qiymətlərinin artması deməkdir. BMT-nin hesabatına görə, buğdanın əhəmiyyətli bir hissəsi "yumşaq" adlandırılan yem sortlarıdır. Bu sortdan, adətən çörək bişirmirlər. O, mal-qara və ev quşlarının yemi üçün nəzərdə tutulur. İndi isə Ukrayna və Rusiyadan tədarük dayandırılacağı təqdirdə satışda nə toyuq, nə də mal əti tapılacaq. Taxıl yoxdursa, təcili olaraq mal-qaranı, toyuqları kəsmək lazım gələcək. Ac heyvan  onsuz da uzun yaşamayacaq. Həqiqi aclıq da o zaman başlayacaq. 

Bu gün Rusiyanın gübrəyə tətbiq etdiyi kvotanın daha da uzaldılması qıtlıq və bahalığı daha da dərinləşdirəcəkmi? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”ə bildirdi ki, dünyada gübrənin bahalaşması gedirsə, bitkinin maya dəyəri yüksəlir: 

“Bu, bütün hallarda məhsulun maya dəyərinə təsir edəcək. Həm yerli arpa, buğda, həm də onlardan hazırlanan məhsullar da bahalaşacaq. Digər tərəfdən, idxal olunan məhsullara da təsir edəcək. Çünki bütün dünyada bahalaşma gedir. Rusiyanın kvotanı uzatması qıtlığı aradan qaldıra bilər, ancaq bahalaşmanı aradan qaldırmayacaq, o da dünya bazar qiymətlərinə uyğun satacaq. Bu da kənd təsərrüfatı məhsullarının hamısının bahalaşmasına səbəb olacaq. Gübrə bütün məhsulların maya dəyərində müəyyən çəkiyə malikdir. Kvota qadağa deyil, məhdudiyyətdir. Əvvəldən də gözlənilən idi ki, Rusiya dost olan ölkələrə ixracı davam etdirəcək. Bu siyahıda Azərbaycan da var. Qida problemi olmayacaq, ancaq baha olacaq. Məsələn, yemin maya dəyərinə birbaşa təsir edəcək. Gübrəli yem məhsullarının bahalaşması digər heyvandarlıqda istifadə edilən məhsullara da təsir edəcək. Məsələn, yoncanın da qiyməti indeksasiya olunacaq və bahalaşacaq”. 

Ekspert onu da vurğuladı ki, ölkədə ümumiyyətlə, azot, fosfor, kalium gübrələrinə ehtiyac var: 

“Bizdə yalnız azot istehsal edilir. Hazırda ölkədə Karbamid zavodu fəaliyyət göstərir, ixrac payı da var. Yəqin ki, azota olan yerli tələbatı elə həmin zavod ödəyir. Ancaq kalium və fosforu idxal etmək məcburiyyətindəyik”. 

Nigar Abdullayeva
Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya